t “Sovetski”də söküntü dayandırıldı: Sakinlər və İcra Hakimiyyəti ortaq məxrəcə gələcəkmi? - VƏKİL
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

“Sovetski”də söküntü dayandırıldı: Sakinlər və İcra Hakimiyyəti ortaq məxrəcə gələcəkmi? - VƏKİL

“Sovetski”də söküntü dayandırıldı: Sakinlər və İcra Hakimiyyəti ortaq məxrəcə gələcəkmi? - VƏKİL

Yanvarın 17-si Bakının “Sovetski” adlandırılan ərazisində 24 ailənin yaşadığı evlərin söküntüsünə başlanıb.

Sakinlərin verdiyi məlumata görə, elə həmin gün də söküntü işləri dayandırılıb. Daha sonra isə sakinlər Yasamal Rayon İcra Hakimiyyətinə görüşə dəvət edilib. 

Maraqlıdır, söküntünün birdən-birə dayandırılmasına səbəb nə olub? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında sakinlərin vəkili Cavad Cavadov bildirib ki, həmin ərazidə söküntüyə başlamaq doğru addım olmayıb.

Çünki Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır. Məhkəmənin qərarı olmadan heç bir şəxs mülkiyyətindən məhrum oluna bilməz:

“Bir neçə gün əvvəl həmin ərazidə söküntü olub, o da dayandırılıb. Əgər dövlət ehtiyacları üçün əmlak alınırsa, o, yalnız və yalnız ədalətli təzminat ödənilməsi yolu ilə mülkiyyətçidən alına bilər. Həmin 24 ailənin işi ilə bağlı Ali Məhkəmədən keçmiş bir qərar yoxdur. Hətta olsa belə, ilk öncə o evlər boşaldılmalıdır. Boşaldılmanı isə polis, icra hakimiyyəti yox, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, icra orqanları həyata keçirir. Onlar isə vətəndaşlara öncə mənzillərin könüllü boşaldılması ilə bağlı xəbərdarlıq verir, 10 gün müddətinə mənzilin könüllü boşaldılmasını təklif edirlər. Bu olmazsa, məcburi qaydada həmin şəxslər evdən çıxarılır. Öncə əşyalar çıxarılmalı, yalnız bundan sonra evlər sökülə bilər”. 

Hüquqşünas qeyd edib ki, insanlar evdə yaşaya-yaşaya ev sökülə bilməz: 

“Cinayət Məcəlləsinin 186-cı maddəsində əmlakı qəsdən məhv etmək və vəzifə cinayəti var. Vəzifə səlahiyyətlərini aşmaq yolverilməzdir. Yasamal Rayon İcra Hakimiyyəti ilə vətəndaşlar arasızda hazırda müəyyən danışıqlar aparılır və kompensasiya məbləği ilə bağlı ortaq bir məxrəcə gəlməyə çalışırlar. Ümid edirik ki, məsələ rahat yolla həll olar. Onlar da güzəştə getməyə hazırdırlar. Amma təsəvvür edin, kiminsə 30 m2 yeri varsa, deyirlər ki, bütün ödənişlərlə bir yerdə kvadratına 1500 manat veririk, bu isə 45 min manat edir. O pulla sakinlər gedib heç şəhərin kənarında da normal ev ala bilməzlər. Onlar burada neçə illərdir yaşayırlar, bütün həyatları həmin ərazi ilə bağlıdır. Bu ərazidən getmək istəmirlər. Onların istəyi də nəzərə alınmalıdır. Təzədən söküntü işləri başlana bilər, amma razılaşdırılıb könüllü boşaldıldıqdan sonra... Biz bununla bağlı artıq prokurorluğa, digər qurumlara müraciətlər göndərmişik”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 7085