hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

“Türkiyə öz siyasətindən dönməyəcək” – AÇIQLAMA

“Türkiyə öz siyasətindən dönməyəcək” – AÇIQLAMA

Türkiyənin şimal sərhədlərində başlatdığı “Barış pınarı” hərəkatına Amerika Birləşmiş Ştatları (ABŞ) başda olmaqla, Qərb dövlətləri qarşı çıxır.

Artıq ABŞ rəsmi olaraq Türkiyəyə sanksiyalarla təhdid edir.

Belə ki, Birləşmiş Ştatların maliyyə naziri Stiven Mnuçin cümə günü deyib ki, prezident Donald Tramp ABŞ rəsmilərinə Suriyanın şimalında hərbi əməliyyatlara başlayan Türkiyəyə qarşı çox ciddi sanksiyalara göstəriş verib. O, banklara da göstəriş verildiyini deyib.

Mnuçin Birləşmiş Ştatların sanksiyaları bu anda aktivləşdirmədiyini, lakin lazım gələrsə bu addımı atacağını bildirib: “Bunlar çox sərt sanksiyalardır. Ümid edirik ki, onlardan istifadə etməyimizə gərək qalmayacaq. Lakin ehtiyac olarsa biz Türkiyə iqtisadiyyatını dayandıra bilərik”. 

ABŞ Senatı da Suriyada kürd döyüşçülərə qarşı hücuma keçən Türkiyəyə “sarsıdıcı” sanksiyaların tətbiqini təklif edib. Respublikaçı senator Lindsi Qrem və onun demokrat həmkarı Krin Ban Hollen Türkiyəyə qarşı ölçüləri açıqlayıb. Onlar prezident Rəcəb Tayyib Ərdoğan da daxil edilməklə, Türkiyənin yüksək səlahiyyətli rəsmilərinə qarşı sanksiyalar tətbiq etməklə yanaşı, Rusiyadan “S-400” raketlərdən müdafiə sistemi alan Türkiyənin cəzalandırılması və Türkiyə rəsmilərinə viza məhdudiyyətlərinin qoyulmasını təklif edib.

Qeyd edək ki, bu məsələ hələ Türkiyə Suriyaya girmədən əvvəl də gündəmdə idi. Türkiyənin Rusiyadan aldığı “S-400” raketlərdən müdafiə sisteminə görə ABŞ “F-35”-ləri Ankaraya satmaqdan imtina etdi. Həmin vaxt sanksiyalar gündəmə gəlsə də, ABŞ rəsmi şəkildə Türkiyəyə sanksiya tətbiq etmədi. Həmin dövrdə Türkiyədə lirənin dollar qarşısında kəskin ucuzlaşması müşahidə edildi və türk rəsmilər bunu ABŞ-ın “oyunu” adlandırdı.

Maraqlıdır, bu dəfə nə olacaq? ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edəcəkmi?

Politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında ABŞ-ın sanksiya təhdidindən silah kimi istifadə etdiyini deyib:

“Görünən odur ki, ABŞ-ın hazırda əsas silahı dövlətlərə sanksiya tətbiq etməkdir. Artıq bir neçə dövlətə qarşı sanksiya tətbiq olunub. Əlbəttə, ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edərsə, bu Türkiyənin iqtisadiyyatına zərbə olacaq. Amma məsələ ondadır ki, sanksiyalar vəziyyəti dəyişməyəcək. Türkiyə öz siyasətindən dönməyəcək. Çünki Türkiyə öz sərhədlərini qoruyur, təhlükəsizliyini təmin edir. Bunu Avropa, həm də ABŞ başa düşməlidir. Çünki Türkiyə öz sərhədlərində Yaxın Şərqdən və Afrika ölkələrindən olan 4 milyon miqrant saxlayır. Artıq Türkiyə prezidenti də bəyan edib ki, sərhədləri açsa, 4 milyon miqrant Avropaya gedəcək və bu da Qərbə zərbə vuracaq. Ona görə də belə bir düşünülməmiş sanksiyalar tək Türkiyəyə deyil, Qərb ölkələrinə də zərbə olacaq. Çünki onlar başa düşməlidir ki, Türkiyə Suriyadan ona gələn təhlükədən özünü qoruyur”.

Fikrət Sadıqovun sözlərinə görə, ABŞ sanksiya üçün Türkiyənin “Barış pınarı” əməliyyatını bəhanə edir: 

“Hesab edirəm ki, ABŞ bir sıra məqamlardan istifadə edib sanksiya tətbiq etmək istəyir. Çünki Türkiyə-Rusiya yaxınlaşması, “S-400”-lərin alınması ABŞ-ı çoxdan qıcıqlandırır. Türkiyənin indi öz sərhədlərini qoruması üçün başlatdığı əməliyyat isə ABŞ üçün sadəcə olaraq bir bəhanədir. Eyni zamanda ABŞ başa düşməlidir ki, Türkiyə NATO-nun aparıcı qüvvəsidir. Türkiyə kimi dövləti, oyunçunu itirmək, Qərb maraqlarına bir zərbə olacaq”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 452