hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Tac” nəzarət altında: Virus mərkəzlərində yoluxma azalır - Rəqəmlərin dili ilə - BİZİM TƏQDİMAT

“Tac” nəzarət altında: Virus mərkəzlərində yoluxma azalır - Rəqəmlərin dili ilə - BİZİM TƏQDİMAT

Koronavirus pandemiyası dünyada təsir gücünü qoruyub saxlayır.

Pandemiyanın başlanğıcından dünyada 13 milyondan çox insan koronavirusa yoluxub, təxminən 560 min nəfər ölüb.

Lakin ölkələrdə infeksiyanın artıq qeyri-bərabər şəkildə paylanıldığının şahidi oluruq. Belə ki, bəzi ölkələrdə yoluxma çoxluq təşkil edirsə, bəzilərində yoluxma hallarının sayı getdikcə azalır.

Maraqlıdır, hansı ölkələrdə virusun təsir gücü zəifləyib?

Cebhe.info virusa yoluxma hallarının azaldığı ölkələrlə bağlı araşdırma edib.

*Məlumdur ki, koronavirusun episentri məhz Çin olub. Ölkədə ilk başlarda xeyli insan virusa yoluxub və qurbana çevirilib. Lakin artıq son 1 aydır ki, bu göstərici xeyli aşağı düşüb. Hətta Çin bu sahədəki qətiyyətli addımları ilə bir çox ölkəyə örnək olur. Belə ki, hazırda Çin xəstəxanalarında COVID-19 diaqnozu qoyulan cəmi 403 nəfər müalicə alır. Bu isə bir çox ölkələrdə ümumi deyil, günlük yoluxma sayıdır. Həmçinin, Çin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi yeni halların heç birinin daxili yoluxma olmadığını qeyd edir. Bir neçə ay bundan öncə, daha dəqiq desək, fevral ayının 23-də ölkədə ümumi yoluxma sayı 77 042 təşkil edib. Bu isə 1 aylıq göstəricidir.

*Virusun təsir gücünün azaldığı daha bir ölkə İtaliyadır. Hansı ki, İtaliya infeksiyadan ilk zərbəni alan ölkələrdən olub. Bir neçə gün öncənin (11 iyul) statistikasına nəzər yetirsək, görərik ki, sutka ərzində 12 nəfər virusdan həyatını itirib, 276 nəfərə COVİD-19 diaqnozu qoyulub. İndi bunu bir neçə ay öncə ilə müqayisə edək: Martın 21-də hər iki nəticə dəfələrlə yüksək olub. Belə ki, qeyd edilən tarixdə sutka ərzində 793 nəfər virusdan dünyasını dəyişib. Həmçinin, gün ərzində 6 557 yoluxma qeydə alınıb. Görünən odur ki, ölkədə virus əleyhinə tədbirlər yoluxmada azalmaya gətirib çıxarıb.

*Avropada COVİD-19 pandemiyasının əsas mərkəzlərindən biri olan İspaniyada da yoluxma sayında getdikcə azalma müşahidə olunur. Yenə də bir neçə ay öncə ilə müqayisə aparsaq, azalmanın şahidi olarıq. Məsələn, martın 31-də 9 mindən çox şəxsə COVID-19 diaqnozu qoyulub. Aprelin 13-də ölkədə 3 477 nəfər virusa yoluxub. Bir neçə gün öncə - iyulun 7-də ölkədə 178 nǝfǝrdə koronavirus aşkarlanıb. Ölkə səhiyyəsinin kifayət qədər yüklənməsinə baxmayaraq, artıq virus ölkəyə yox, ölkə virusa nəzarəti ələ alıb.

*Yuxarıda adları qeyd olunan ölkələr kimi, Fransa da virusun yayıldığı ilk dönəmlərdə infeksiyadan çox əziyyət çəkib. Lakin Çin, İspaniya və İtaliya üçün qeyd edilənlər Fransaya da aiddir. Belə ki, son 1 ayda ölkədə infeksiyadan gündəlik ölüm sayında azalma müşahidə olunur. Məsələn, 12 iyun tarixində 136 nəfər koronavirusa yoluxma ilə əlaqədar xəstəxanaya yerləşdirilib. 25 martda isə bu göstərici 2,5 min təşkil edib. Virusa yoluxma sayında olduğu kimi, ölüm sayında da azalma qeydə alınır. Daha bir nümunəni nəzərdən keçirək: Ölkədə 9 iyul tarixində 32 nəfər virusdan həyatını itirib. Bu göstərici 25 mart tarixində 240 nəfər olub. 22 iyun tarixində daha az ölüm halı (7 nəfər) müşahidə edilib.

Qeyd etməliyik ki, Qərbi Avropanın bu ölkəsində indiyədək 72,5 mindən çox insan koronavirusdan sağalıb. Həmçinin xəstəxanaların reanimasiya şöbələrində pasiyentlərin sayı azalmaqda davam edir. Hazırda 879 xəstə müalicə edilir.

*Almaniyada da həm yoluxma, həm ölüm sayında azalma var. Ölkənin "Focus Online" jurnalının hesablamasına görə, xəstəliyin yayılma sürəti ilk dönəmlərlə müqayisədə xeyli azalıb. Yenə də eyni qaydada, rəqəmlərin gözü ilə azalmaya nəzər yetirək: Aprelin 10-da Almaniyada 5 323 nəfər koronavirusa yoluxub. Eyni tarixdə 266 nəfər pandemiyanın qurbanı olub. İyul ayında isə qeyd olunan rəqəmlər dəfələrlə aşağı düşüb. Belə ki, 12 iyul tarixində 248 yeni yoluxma qeydə alınıb, daha 3 nəfər bu virusun qurbanına çevrilib. Ölkədə təxminən, 184,6 min insan isə müalicə olunaraq sağalıb.

*Böyük Britaniyada da eyni tendensiya davam edir. Məsələn, bunu son günün statistikasına baxsaq, görə bilərik. Belə ki, son sutka ərzində ölkədə 538 nəfər infeksiyaya yoluxub. Bu göstərici 26 may tarixində 4 043 nəfər təşkil edib. Həmçinin, son 24 saat içində 88 nəfər virusdan həyatını itirib. Hansı ki, 26 may tarixində infeksiya qurbanlarının sayı 412 nəfər olub.

Naibə
Cebhe.info


Oxunma sayı: 2850