hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Taclı”ya qarşı birgə mübarizə: Azərbaycan hansı ölkələrə yardım edib? - BİZİM TƏQDİMAT

“Taclı”ya qarşı birgə mübarizə: Azərbaycan hansı ölkələrə yardım edib? - BİZİM TƏQDİMAT

Dünyanı ağuşuna alan koronavirus pandemiyası bütün sahələrə təsir göstərməkdədir.

Bu təsiri azaltmaq və təhlükəli vəziyyətdən az itki ilə çıxmaq üçün ölkələr arasında yardım kampaniyası aparılır.

Bütün tədbirlərin mərkəzində məhz vətəndaşların sağlamlığı dayanır. Koronavirusla birgə mübarizə çərçivəsində görülən işlər ölkələrarası əməkdaşlığın genişləndirilməsinə və gələcək tərəfdaşlığın gücləndirilməsinə xidmət edir.

Azərbaycan da öz növbəsində sözügedən kampaniyaya qoşulub və dünyanın 30-a yaxın ölkəsinə humanitar yardım göstərib. Bu barədə ölkə başçısı İlham Əliyev bildirib:

"Biz bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Onu deyə bilərəm ki, bu haqda heç məlumat da vermirdik. Çünki bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Ancaq bir neçə dövlət başçısı mənə təşəkkür məktubu ünvanladıqdan sonra bu, artıq bilindi və biz də əlbəttə ki, bunu gizlətmirik. Əksinə, hesab edirəm ki, bu, bizim böyük üstünlüyümüzdür. Çünki hətta çətin bir dövrdə 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik".

Həmçinin qeyd etməliyik ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına fərdi qaydada iki dəfə ianə yatırıb.

Cebhe.info koronavirusla birgə mübarizə çərçivəsində Azərbaycanın yardım etdiyi ölkələr barədə araşdırma edib.

Ölkəmizin ilk yardım etdiyi ölkələrdən biri İrandır. Belə ki, mart ayında Azərbaycan Respublikası hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib. Nazirlər Kabineti tərəfindən 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Ehtiyat Fondundan bu vəsaitin ayrılmasına dair sərəncam qəbul olunub.

Fələstin də Azərbaycandan yardım alan ölkələrdəndir. Bu barədə Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində keçirilən növbədənkənar açıq virtual iclasında çıxışı zamanı deyib.

"İnsanların əzab-əziyyətlərinin yüngülləşməsinə yardımçı olmaq və Fələstində yeni növ koronovirusun yayılmasının qarşısını almaq üçün göstərilən səyləri dəstəkləmək məqsədilə Fələstin Qaçqınlarına Yardım və İşlərin təşkili üzrə BMT-nin Agentliyinə (UNRWA) 2020-ci ildə 300 000 ABŞ dolları məbləğində töhfə verdik", - deyə o bildirib.

Ötən ayın sonu COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikasının adından Əfqanıstan İslam Respublikasına tibbi ləvazimatlardan ibarət humanitar yardım göndərilib. Bu barədə Əfqanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Koronavirusun episentri olan Çinə də Azərbaycandan yardım göndərilib. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Çin Xalq Respubllikasının xalqına yardım etmək məqsədilə Myenyan şəhərinə 100 min ədəd bone, 40 min ədəd maska, 100 min ədəd steril əlcək, 100 min ədəd 100 ml-lik spirt, 100 min ədəd baxıl, 5 kiloqram xloramin (toz), 1850 tablet xloramiks, Sian şəhərinə isə 40 min ədəd maska, 50 min ədəd steril əlcək, 50 min ədəd 100 ml-lik spirt göndərilib.

Koronavirusla qlobal mübarizə çərçivəsində Azərbaycan İraqa da humanitar yardım göndərib. Bu barədə İraqın Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd əl-Sahaf bildirib. Onun sözlərinə görə, Azərbaycandan profilaktiki tibb ləvazimatlardan ibarət 25 ton humanitar yardım İraqa göndərilib.

Azərbaycan və Özbəkistan arasında isə tibbi humanitar yardım mübadiləsi həyata keçirilib.

Belə ki, bununla bağlı aprelin 14-də Azərbaycan və Özbəkistan hökumətləri arasında müvafiq humanitar aksiya həyata keçirilib. Azərbaycan tərəfi dost ölkəyə şpris, baxıl, yataq dəsti, tibbi spirt, antiseptik vasitələrdən ibarət yardım göndərib. Qarşılıqlı tibbi humanitar yardım çərçivəsində Özbəkistandan isə ölkəmizə qoruyucu respiratorlar, böyüklər və uşaqlar üçün qoruyucu maskalar, birdəfəlik qoruyucu geyim, eynək və əlcəklər gətirilib.

Azərbaycan koronavirusla mübarizədə Bosniya və Herseqovinaya da kömək edib. Bununla bağlı Bosniya və Herseqovina təhlükəsizlik naziri Fəxrəddin (Fahrudin) Radonçiç ölkənin bütün vətəndaşları adından Azərbaycan xalqına və hökumətinə təşəkkür edib.

"Azərbaycan Respublikası Bosniya təhlükəsizlik naziri Fəxrəddin Radonçiçin koronavirusa mübarizədə bu ölkəyə dəstək barədə müraciətinə cavab verib", - deyə Təhlükəsizlik Nazirliyi açıqlamasında bildirərək bunu ötən ay nazir F.Radonçiç tərəfindən Sarayevodakı əcnəbi səfirlərlə, beynəlxalq təşkilatlar və təsisatlarla keçirdiyi donor konfransının bəhrəsi olaraq dəyərləndirib.

Mübarizə çərçivəsində Azərbaycanın yardım etdiyi ölkələrdən biri də Seribiyadır. Humanitar yardımı Serbiyanın Baş naziri Ana Brnabiç və Azərbaycanın Belqraddakı səfiri Eldar Həsənov qəbul ediblər. Serbiyanın Baş naziri Ana Brnabiç bu jesti Azərbaycan-Serbiya dostluğunun təzahürü kimi dəyərləndirib:

“Bu, heç vaxt unutmayacağımız dostluğun təzahürüdür. Azərbaycan 2014-cü ilin daşqınından sonra Serbiyaya ilk yardım etmiş ölkə idi. Məhz bu gün, 2014-cü il mayın 19-da Serbiyaya Azərbaycandan yardım yükü gətirən ilk təyyarə gəldi”.

Bundan əlavə, Azərbaycan Respublikası Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

Eyni zamanda Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev vurğulayıb ki, ümumilikdə Azərbaycandan Çinə, İrana, İtaliyaya, Macarıstana, Özbəkistana, Bosniya və Herseqovinaya, Xorvatiyaya, Qırğızıstana, Pakistana, Moldovaya humanitar yardımlar edilib.

Naibə
Cebhe.info


Oxunma sayı: 3180

Bizim Telegram səhifəmizi izləyin