hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

“Təbrizin imam-cüməsi Azərbaycanın daxili işlərinə qarışıb” - Cavab nə olacaq? - RƏY

“Təbrizin imam-cüməsi Azərbaycanın daxili işlərinə qarışıb” - Cavab nə olacaq? - RƏY

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov oktyabrın 3-də Təbrizə səfəri çərçivəsində İranın Ali Rəhbərinin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin imam-cüməsi Seyid Məhəmmədəli Al-Haşemlə görüşüb. 

Seyid Məhəmmədəli Al-Haşem görüş zamanı bildirilib ki, müsəlmanların vəhdəti düşmənləri məyus edir. Kərbəla şəhidlərinin yad edilməsi üçün məhərrəmlik ayında Azərbaycanın müxtəlif şəhərlərində mərasimlər keçirilib. İran nümayəndəsi Azərbaycanda məhərrəm ayı mərasimlərinin keçirilməsini yüksək qiymətləndirdiyini, lakin bu ayda Bakıda mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı gileyi olduğunu bildirib. Azərbaycan səfiri Bünyad Hüseynov isə öz növbəsində bu mərasimlərin hansı ölkədə necə qarşılanmasının Azərbaycan xalqı üçün o qədər də maraqlı olmadığını bildirməklə yanaşı, məhərrəm ayında musiqili tədbirlərin keçirilməsinə dair söylənənlərin həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb. Səfir vurğulayıb ki, deyilənlərin əksinə olaraq İranda tasua və aşura günlərində Azərbaycan Respublikasında yaşayan müsəlmanları, o cümlədən Tehran sakinlərini təəccübləndirən və təəssüfləndirən hadisə baş verib. Belə ki, bu günlərdə Tehranda 51-ci erməni oyunlarının açılış mərasimi səs-küylü musiqi və kollektiv rəqslə, həmçinin atəşfəşanlıqla qeyd olunub. 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Sədrəddin Soltan qeyd edib ki, İran hakimiyyəti bundan əvvəl də bir neçə dəfə Azərbaycanın daxili işinə qarışmağa cəhd edib:

“İrandakı mövcud hakimiyyət özünü dünya müsəlmanlarının lideri və ağsaqqalı sayır. Azərbaycanın daxili işlərinə İranın müxtəlif səviyyəli rəsmilərinin müdaxilə etməsi ilk dəfə müşahidə edilmir. Əvvəllər də bu kimi hadisələr baş verib, Azərbaycan müsəlmanlarının öz dini inancları ilə bağlı bütün məsələlərə müdaxilə ediblər. Amma İrandakı hakimiyyət nümayəndələri unudur ki, Azərbaycanda vəziyyət fərqlidir.  Konstitusiyada açıq-aydın göstərilir ki, İran şiə dövlətidir. Yəni İran hakimiyyəti birbaşa İslam təriqətinin ideoloji əsasları üzərində qurulub. Buna bəzən Vatikan da deyirlər. Yəni katalikosların  mərkəzi hakimiyyəti Vatikandırsa, İranda da belə bir təriqət hakimiyyəti var. 1979-cu ildən sonra Ayətullah Xomeyninin islam inqilabı doktrinasının müxtəlif müsəlman ölkələrinə, xüsusilə şiə təriqətçilərinin çox yaşadığı ölkələrə transformasiya olunması istiqamətində fəaliyyət göstərilir. Bu fəaliyyətlər çərçivəsində İranın din xadimləri, müxtəlif səviyyəli liderləri ölkələrin daxili işlərinə qarışırlar. Təbrizdəki nümayəndə də Xomeyninin inqilab doktrinasının transformasiyası şüuru ilə Azərbaycanın daxili işinə qarışıb”. 

Politoloq vurğulayıb ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bu hadisədən dərhal sonra məsələyə münasibət bildirməli idi: 

“Əslində, həmin İran rəsmisi Azərbaycanda bu tip məsələlərlə bağlı baş verənləri təqdirəlayiq hal saymalı idi. Azərbaycan dünyəvi dövlətdir. Ölkədə müxtəlif məshəbi təmsil edən insanlar var, Azərbaycanda vicdan azadlığı qorunur. İrandakı kimi zərdüştilərin, bəhailərin haqqı tapdalanmır. İran öz Konstitusiyasında göstərir ki, guya dini azlıqların hüquqları müdafiə edilir. Amma İran bir qayda olaraq zərdüştiləri də, bəhailəri də daim təqib edir və bəzən cəzalandırır. İranda haqqı tapdalanmayan xristianlardır, o xristianlar isə İrandakı ermənilərdir. Deməli, İranda etnik-dini azlıq kimi ancaq ermənilərin hüququ müdafiə olunur. Onlar üçün hər yerdə “yaşıl işıq”dır. Bu baxımdan, Azərbaycan dövlətinin təmsilçiləri İrana lazımi cavabı verməlidir. İran ermənilərə bu qədər məktəb açır, onların dərnəkləri var, amma Azərbaycan İranın daxili işinə qarışıb buna etiraz etmir. Bu, İran hakimiyyətinin qəbul etdiyi Konstitusiyadır. Hər ölkənin öz “qibləsi” var. Buna ilk növbədə Xarici İşlər Nazirliyi münasibət bildirməli idi. Nazir İranın Bakıdakı səfirini nazirliyə dəvət edib bu məsələyə aydınlıq gətirməsini tələb edə bilərdi. Artıq bu addımı atacaqlarına inanmıram. Səfirin cavab verdiyini bildirib məsələni bağlayacaqlar. İran öz Konstitusiyasına görə, ermənilərin haqqını verir, amma türklərin haqqını vermir. Halbuki orada Azərbaycan türklərinin haqqının təmin olunması ilə bağlı da müddəa var. Bunu biz rəsmi görüşlərdə belə qabartmırıq. Əgər Azərbaycanın səfiri görüşdə Güney Azərbaycan türklərinin öz dilində məktəbinin olmaması məsələsini ortaya qoymayıbsa, deməli, Azərbaycan İranın daxili işinə rəsmi səviyyədə qarışmayıb. Amma İranın həmin o mollası bu tip fikirləri deməklə, həm iki ölkə arasındakı münasibətlərə zərbə vurub, həm də Azərbaycanın daxili işlərinə qarışıb”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 2069