hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

“Təmiz şəhər” layihəsi kəndə köçürülür

“Təmiz şəhər” layihəsi kəndə köçürülür

Ölkəmizdə məişət tulantılarının daşınması və emalı ciddi problemlərdən biridir.

Son 10-15 ildə Bakının yüksək templi inkişafı baş versə, ciddi tikinti, infrasturuktur yenilikləri olsa da, paytaxtımızı təmiz şəhər adlandırmaq mümkün deyil. Doğrudur, şəhərin mərkəzi hissələri, magistral yolları daim təmizlənir, amma ətraf qəsəbə və kəndlərdə zibilin vaxtında daşınması problem olaraq qalmaqdadır. Qeyd edək ki, şəhərin mərkəzi küçələri və yol kənarları təmiz və səliqəli olsa da, məhəllə arası küçələrdə məişət tullantılarının vaxtında daşınmadığı nəzərə çarpır. 

Bakıda tullantıların zərərsizləşdirilməsi məqsədilə Balaxanı qəsəbəsində istehsalat gücü 500 min ton olan Bərk Məişət Tullantılarının Yandırılması zavodu tikilib. Həmin zavodun istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri zavodlardan biri olduğu bildirilir. Məlumata görə, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda tullantıların yandırılması nəticəsində ildə 231,5 milyon kVt/saat elektrik enerjisi hasil edilir ki, bu dövlət enerji şəbəkəsinə ötürülür. 

Bölgələrə gəldikdə isə, burada tullantıların daşınması və emalının təşkili zəif formadadır. Kəndlərdə isə hər hansı daşınmadan söhbət gedə bilməz. Əksər kəndlərdə tullantılar yandırılır və ya çay və kanallara atılır ki, bu da ekologiyaya ciddi zərbədir. 

Qeyd edək ki, ölkədə bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün milli strategiya hazırlanıb. Burada bərk məişət tullantılarının əmələ gəldiyi yerlərdə tullantıların  kənarlaşdırılması və utilizasiyası,  mövcud problemlərin aradan qaldırılması, ölkə ərazisində bərk məişət tullantılarının idarə edilməsi kimi məsələlər nəzərdə tutulub.

Xatırladaq ki, dünyanın bir sıra ölkələrində tullantıların emalı və səmərəli istifadəsi istiqamətində müxtəlif texnologiyalar hazırlanıb. 

Ekoloq Telman Zeynalov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, zibilliklərlə mübarizənin müxtəlif yolları var: “Cənab Prezidentin tullantıların idarə olunması ilə bağlı sərəncamları, tapşırıqları var. Amma həmin sərəncamlar kağız üzərində qalır. Təkcə Bakıda bunu “Təmiz Şəhər” vaistəsilə yerinə yetirirlər, qalan yerlərdə isə yox. Yalnız işləri təzə yeşiklər alıb qoymaqdan ibarətdir. Bu isə “gözdən pərdə asmaq” və dövlətin xəzinəsini dağıtmaqdan başqa bir şey deyil. Vətəndaşları çeşidlənməyə səsləyirlər, halbuki bununla bağlı televiziyada, mətbuatda ciddi maarifləndirmə işləri aparmalıdırlar. Çeşidləmə zamanı dövlətin bir sıra qazancları ola bilər - yeni iş yerləri açılır, yeni avadanlıq istehsal olunur”. 

Ekoloq özünün də adi dondurma çöplərindən müxtəlif məişət avadanlığı - duzqabı, çörəkqabı düzəltdiyini dedi: “Mən iki ildir ki, orta məktəblərdə “tullantılara yeni həyat verək” adlı təbliğat işləri aparıram. Uşaqlar özləri də bu məsələdə maraqlıdır və tullantılardan cürbəcür əşyalar düzəldirlər. Bu istiqamətdə texniki peşə məktəbi açıla bilər”.

Telman Zeynalov deyir ki, tullantılar yandırılan zaman diaksin- kimyəvi reaktiv maddə havaya buraxılır. Bu maddə həddindən artıq qəbul olunan zaman insanı öldürür.  Maddənin təbiətə ziyanları barədə isə elmi tədqiqatlar aparılmalıdır. Ekoloqun sözlərinə görə, rayon mərkəzlərində zibil daşınmanın tətbiqinə önəm verilməlidir: “Kəndlərdə isə buna ehtiyac yoxdur. Kənd yerlərində özləri öz tullantılarını emal edə, bundan da enerji, gübrə əldə edə bilərlər, kənardan ziyanlı maddələrin alınmasına da ehtiyac qalmaz. Televiziyalarda bununla bağlı maarifləndirmə işləri aparılarsa, kənd sakinlərinin 90 faizi bu işlə məşğul olar”.

Ekoloq deyir ki, ümumiyyətlə bütün tullantılardan xammal kimi istifadə oluna bilər: “Çin hər şeydən istifadə edir və bununla da dünyanı əlinə alır. Bunun da nəticəsində Pekində dilənçilik mövcud deyil. Bizdə isə vətəndaş bir işlə məşğul olmaq istəyən kimi vergi orqanları başının üstünü alır ki, vergi ver. Tullantılara yeni həyat bəxş edən vətəndaşlara vergi tətbiq edilməməlidir. Amma ciddi qanunlarımız var ki, onlar həyata keçirilərsə, respublikamız analoqu olmayan ölkələrdən birinə çevirilər. Hətta plastik maddələrdən asfalt da düzəltmək mümkündür”.   

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 672