hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

“Üçlər İttifaqı” dağılır

“Üçlər İttifaqı” dağılır

Rusiya - Türkiyə bəyannaməsi qüvvədən düşdü

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Suriyanın İdlib bölgəsində yaranmış vəziyyəti müzakirə edib. Prezident Ərdoğan Əsəd rejiminin atəşkəsi pozaraq İdlibdə hərbi əməliyyatlara başlamasının humanitar fəlakətə yol açdığını və Suriya probleminin həllinə əngəl törətdiyini deyib. Dövlət başçısı Suriya ordusunun İdlib vilayətində hücuma keçməsini Türkiyənin milli təhlükəsizliyi üçün “təhdid” adlandırıb.

Xatırladaq ki, avqustun 22-də Bəşər Əsədə tabe olan ordu qüvvələri Rusiya və İranın dəstəyi ilə İdlibin cənubunda yerləşən Xan-Şeyxun şəhərini ələ keçirib. Bununla da Türkiyə qoşunlarının Xan-Şeyxuna daxil olmasının qarşısı alınıb. Suriya ordusu bu ərazidən Türkiyənin Xan-Şeyxun ətrafındakı mövqelərini və Morek kəndindəki müşahidə məntəqəsini artileriya atəşinə tutub. Almaniya mediasının yazdığına görə, Suriya HHQ-i tərəfindən İdlib vilayətində Türkiyənin hərbi konvoyuna atəş açması, həmçinin Rusiyanın Əsəd qoşunlarının İdlibə hücumuna göstərdiyi geniş dəstək ötən ilin sentyabr ayında Ərdoğan və Vladimir Putin arasında əldə olunan sazişə faktiki olaraq son qoyub.

Soçi razılaşmasına görə, Rusiya Prezidenti İdlib vilayətinə hücumun qarşısını almaq üçün Əsədə təsir göstərəcəyinə söz verib. Əvəzində, Türkiyə üsyançıları İdlib ətrafındakı bufer zonasını tərk etməyə məcbur etməli, vilayətdən Rusiya və Suriya qoşunlarına hücumların həyata keçirilməsinin qarşısını almalı idi. Türk ordusu və Suriyanın köməkçi qoşunları öhdəliklərini yerinə yetirməsələr də, Putin bir neçə ay Əsədin qarşısını alıb. Əvvəlcə Putin İdlibin cənubunda “Həyat Təhrir əş-Şam” cihadçı qruplaşmasının, habelə Türkiyənin dəstəklədiyi “Milli Azadlıq Cəbhəsi”nin aktivliyi ilə barışıb. Apreldə Əsəd İdlibə hücuma başlayanda belə, Rusiya əvvəlcə kənarda qalıb. Müvafiq şəkildə Əsədin bölmələri də uğursuz fəaliyyət göstərib.

Ərdoğan Fərat çayının şərqinə dair Tramp administrasiyası ilə birgə fəaliyyətə razılıq əldə etdikdən sonra vəziyyət dəyişib. Putin Türkiyə ilə ABŞ arasında münaqişənin qızışacağına, hətta Ankaranın NATO-nu tərk edəcəyinə ümid edib. Ola bilsin, Putinin bu məyusluğu İdlibdəki yeni eskalasiyada həlledici rol oynayıb. İndi Putin Əsədin qoşunlarına yaşıl işıq yandırıb. Əsəd Xan-Şeyxun şəhərini ələ keçirməklə özünün ilkin məqsədinə - Dəməşqlə Hələbi birləşdirən “M5” trassından yenidən istifadə etmək imkanına daha da yaxınlaşıb. Bu məqsədə nail olmaq üçün Suriya HHQ bazar ertəsi Türkiyənin hərbi konvoyuna hücum həyata keçirib. Bəzi müşahidəçilər bunun Rusiyaya məxsus bombardmançılar olduğunu da söyləyir. “Hürriyet” qəzeti isə qeyd edir ki, misli görünməmiş hücumlar türk hökumətini özündən çıxarıb. Halbuki, Ərdoğan hələ də Putinlə qarşılıqlı anlaşmaya nail olacağına ümid edir. Sentyabrda Ərdoğan, Əsəd və İran prezidenti Həsən Ruhani arasında sammitin keçirilməsi planlaşdırılıb. O vaxta qədər İdliblə bağlı kompromis əldə edilməsə, çox güman, türk-rus əməkdaşlığı başa çatacaq. Son günlər Bəşər Əsədin Xan Şeyxun şəhərinə hücumları Türkiyəyə qaçqın axınını artırıb. Sərhədə 60 min adam yığılıb. Sərhəd bölgəsində yaşayan 1 milyon nəfərin sayı yaxın zamanda artıb 1,5 milyon ola bilər. Daxili miqrasiya nəticəsində əhalisi 4 milyona yüksələn İdlib regionunun əsas hissəsi Suriyada Əsəd əleyhinə döyüşənlərin əlindədir.

Türkiyənin Rusiya ilə Suriya barədə imzaladığı anlaşmanın bağlandığı 17 sentyabr 2018-ci ildən bəri bu regiondan 946 min nəfər mülki sakin köçüb. Lakin xəbər verir ki, Rusiya və Türkiyə arasında bağlanan saziş də köçü dayandırmayıb. BMT Baş katibinin sözçüsü Stefan Düjağiç bildirib ki, İdlibə hücumların artması 3 milyona yaxın mülki sakinin təhlükəsizliyinə problem yaradacaq. Əsədin bombardmanı isə davam edir. Bu bombardmandan qaçan şəxslər Türkiyə istiqamətinə üz tutub.

Rəsmi Moskvanın verdiyi açıqlamlar isə Rusiyanın İdlibdə Türkiyəyə güzəştə getmək fikrində olmadığını göstərir. Hətta Xan-Şeyxun uğrunda başlanmış döyüşlər Rusiya və Türkiyə prezidentləri arasında razılaşma əldə olunmayacağı təqdirdə, 2016-cı ildən bəri davam edən taktiki müttəfiqliyə son qoya bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, “Həyat Təhrir əş-Şam” qruplaşmasının İdlibdəki hücumları sərt şəkildə dəf ediləcək və Türkiyə tərəfi bununla bağlı məlumatlandırılıb. Nazirin sözlərinə görə, Suriyanın İdlib vilayətində gərginliyin artmasına terrorçuların hücumları səbəb olub.

İdlibdə deskalasiya zonasında terrorçuların həmlələrinin qarşısının sərt şəkildə alınacağını söyləyən Lavrov bölgədə terrorçuların məhvi istiqamətində əməliyyatların davam etdiriləcəyini vurğulayıb.

Rusiya XİN başçısı qeyd edib ki, türk hərbçilərinin İdlibdə iştirakı terrorçuların hücumlarının qarşısını almağa kömək etməyib. Nazirin məlumatına görə, rusiyalı hərbçilər İdlibdəki vəziyyətlə bağlı daim türk həmkarları ilə əlaqə saxlayırlar.

“Dəqiq şəkildə bildirdik ki, bu zonadan Suriya ordusuna, mülki əhaliyə, Hmeymim aviabazasına qarşı hücumlar olsa, onlar sərt şəkildə dəf ediləcək. Hücumlara cavab verəcəyik. Türk həmkarlarımızı bununla bağlı məlumatlandırmışıq. Təcrübə davam etdiriləcək, çünki İdlib sazişində atəşkəs rejiminin terrorçulara şamil edilməsi nəzərdə tutulmayıb”-nazir belə deyib. Lavrovun açıqlaması Rusiyanın “Soçi memorandumu”nu qüvvədən düşmüş hesab etdiyini və İdlibi nəzarətə götürmək üçün müttəfiqlərinin deyil, yalnz özünün maraqlarını üstün tutmağa qərar verdiyini göstərir. Bu isə yaxın perspektivdə Suriya problemnin həllinə dair Rusiya-Türkiyə-İran əməkdaşlıq formatının dağılmasına gətirib çıxara bilər.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1563