hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

“Vəzifəli şəxslər ucqar kəndlərdə, sadə xalqın içində yaşamağa göndərilsin” - AXCP sədrindən maraqlı TƏKLİF

“Vəzifəli şəxslər ucqar kəndlərdə, sadə xalqın içində yaşamağa göndərilsin” - AXCP sədrindən maraqlı TƏKLİF

“Çinin iqtisadi sıçrayışı və kasıbçılığın aradan qaldırılması istiqamətində atılan addımları öyrənirəm. Azərbaycan deputatlarının, iqtisadçılarının, alimlərinin və digər peşə sahiblərinin bununla bağlı əsərlərinə rast gəldim. Dolaşıq elmi cümlələr, köçürmələr, özündən “Amerika kəşf etmə” meylləri, çox şeyi ideallaşdırma və fantaziyalaşdırma gördüm.

Sonunda bir nəticəyə gəldim. Amerikanın yenidən kəşf etməyə ehtiyac yoxdur. Hər şey çox sadədir və sadə həll yolları da problemləri kökündən həll edir”. 

Bu sözləri özünün “facebook” səhifəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev yazıb.

AXCP sədri qeyd edib ki, Çinin siyasi elitasına daxil olan şəxslər sadə xalq içərisindən çıxmış insanlardır: “Çinin rəhbərliyində təmsil olunan çoxları kənd evlərindən, kasıbçılıqdan çıxmış adamlardır və onlar çinlilərin yarıac, yarıtox həyatının şahidi olublar. Onlar kasıbçılığın aradan qaldırılmasına kəndlərdən başlayıblar.

1988-ci ildə BMT standartlarına görə çinlilər günə iki dollara yaşayıblar və kasıb əhali ölkənin 88%-ni təşkil edib. Kasıbçılıq dərəcəsi indi 0.7% təşkil edir və yaxın bir-iki ilı ərzində Çində bir dənə olsun kasıb qalmayacaq.

Onlar düşünüblər ki:

- İsti kabinetdə oturan, qabağında şokaladlı çay olan vəzifəli şəxs soyuqdan üşüyəni və çayı ocaqda qaynadıb içəni necə anlayıb dərdinə çarə edə bilər?

- Qışda palçıqda, yayda toz içində işə gedib-gələn kəndlini, fəhləni qalstuklu və təmiz geyimli şəxslər necə anlaya bilər?

- Yumşaq, rahat, təmiz bahalı avtomobildə gəzən şəxs avtobusda, metroda, vaqonda gedən şəxsin çətinliklərini necə görə bilər?

- Hər gün evində gözəl yeməklər yeyən, kafe və restoranlarda nahar etməyə imkanı olan, yeməklərin təbii və bahalasını seçən şəxs hər gün şor və şirinçay yeyən, ən pisi isə heç bunu da tapmayan, aylarla dilinə ət dəyməyən ailəni, kasıbı necə başa düşə bilər?

- Öz övladı xaricdə oxuyan, yaxud daha təhlükəsiz, cəbhədən uzaq yerdə qulluq edən əsgər ata və anası, cəbhə xəttində olan və torpaq uğrunda ölməyə hazır olan əsgəri və onun valdeynlərini necə anlaya bilər, onların narahatlıqlarını necə bölüşə bilər?

- Ancaq seçilmiş və ən gözəl özəl xəstəxanalarda, yaxud xarici ölkələrin ən qabaqcıl xəstəxanalarında müalicə alan və ya etdirən qalstuklu vəzifəli şəxs, həkimə getməyə pulu olmayan, yazılan resepti aylarla cibində gəzdirən kasıbı, əlsiz-ayaqsızı necə başa düşə bilər?

- Dövlət vəzifəsindən sui-istifadə edib lüks həyat yaşayanlar gecə-gündüz normal iş üçün qapılar döyən işsizləri necə başa düşə bilər?

- Övladlarına istədiyi hər şeyi almağa imkanı olan vəzifəli şəxslər, övladının ayağını yerə döyüb "al-al" deməsindən orxaraq alış-veriş yerlərindən uzaq gəzən ata-ananı necə anlaya bilər?

- Çətinliklərini, problemlərini bir zənglə həll edən vəzifəli şəxslər qanuni haqqlarını almaq üçün qapılarda gözləyən, burnundan vurulub qaytarılan, bir qapıdan o biri qapıya göndərilən məzlumları necə anlaya bilər? Və sairə, və ilaxır...”

R.Nurullayevin sözlərinə görə, Çində bu məsələni yüksək səviyyədə həll ediblər:

“Vəzifəli şəxsləri ildə bir neçə dəfə məcbur edirlər ki, gedib bir kasıbın evində yaşasın, onun geydiyini geyib, onu yediyini yesin, onunla bərabər işə getsin, onun yaşadıqları çətinlikləri yaşasın. Hökumət analiz edib ki, məhz bunun nəticəsində bütün kəndlərdə problemlər kütləvi şəkildə həll olunmağa başlayıb.

Mən də hökumətə səslənirəm və təklifim ciddidir:

Vəzifəli şəxslər (nazirlər mütləqdir) kəndlərdə, qəsəbələrdə, ucqar yerlərdə xalqın içində yaşamağa göndərilsinlər. 3-4 gün ərzində həyatları orada yaşayan insanların həyatından fərqlənməsin. Xalqı çox gözəl başa düşməyə başlayacaqlar. Sonra nəticəsini monitorinq edin!”

Aydın 
Cebhe.info


Oxunma sayı: 2872