hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

“Xalq düşməninin” nəvəsi, sevdiyi qızı qatarla qaçıran Oqtay Ağayev - Xalq artistinin oxumadığınız MÜSAHİBƏSİ 

“Xalq düşməninin” nəvəsi, sevdiyi qızı qatarla qaçıran Oqtay Ağayev - Xalq artistinin oxumadığınız MÜSAHİBƏSİ 

“Sən - ey uşaqlıq”, “Yadındamı, ötən günlərə”, “Qaytar mənim eşqimi”, “Kimsən sənə” kimi dillər əzbəri olan mahnıların əvəzsiz ifaçısı Oqtay Ağayev...

Modern.az saytı tanınmış jurnalist Səfurə Çərkəzqıznın mərhum sənətkarla illər əvvəl aldığı və elektron mediada yayımlanmayan müsahibəsini təqdim edir...

Yadındamı...

- Necəsiz, Oqtay müəllimə


- Görürsüz də... Qocalmışam ( Dərindən köks ötürür). Necə olacam, mən bu vətənin ögey oğluyam...


-Niyə kiə

- Niyə nədiə Estrada ulduzu olmuşam, amma indi heç kəsə lazım deyiləm. Nə adım var, nə sanım. Sənədlərimi götürmüşdülər ki, güya mənə ad verəcəklər. Amma yenə də qaldım qapı ağzında. Əvvəllər deməyə utanırdım, daha çəkinmirəm. Mən Azərbaycanın estrada ulduzuyam! Bunu deməyə ixtiyarım var. İki yüzədək estrada mahnısı oxumuşam. Qızıl fondda düz yeddi saat yarımlıq lent yazım var. Vaxtilə SSRİ-nin bütün şəhərlərində konsert vermişəm, özü də on beş il dalbadal. On dörd respublikada mənə qiymət verilib, bir Azərbaycandan başqa.


- Sizcə, bu ögeylik hardandıə

- Hardan olacaqə Mədəniyyət Nazirliyindən, Polad Bülbüloğlundan. Mən onsuz da heç vaxt taleyimdən yarımamışam. Çünki Bəhram Ağayevin- “xalq düşməninin” nəvəsi olmuşam. Yadımdadı, mən pionerə keçəndə boynuma qalstuk bağladılar. Direktor gəlib açdı ki, bunu pionerə keçirmək olmaz, xalq düşməninin nəvəsidi. Babam sovet hökumətini quranlardanıydı. Həm də o vaxtlar “Ədalət” təşkilatının sədriydi. 37-ci ildə tutdular, 19 ildən sonra buraxdılar. Lenin ordeni, ev, bağ verdilər. Amma ona olan olmuşdu, kişi il yarımdan sonra rəhmətə getdi. Yaxşı, bəs mənim ailəmin günahı nəydiə Bilirsiz, ailəmin başına nə oyunlar açıblarə Bizi daxmaya salmışdılar, ev-eşiyimizi əlimizdən almışdılar. Atam ingilis, çin, fransız dillərini beş barmağı kimi bilirdi. Amma nə var, nə var “xalq düşməni”nin oğludu deyə, aparıb basmışdılar türməyə...

Kamal Abdullanın rəhbərlik etdiyi Mədəniyyət Fondundan, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyətindən başqa, heç yerdən, heç kimdən qayğı, kömək görməmişəm. Onlar olmasaydı, yəqin batıb getmişdim. Belə şeylərə görə iki dəfə infarkt keçirmişəm...

... Cavanlıq başqaydı. Bizim konsertlərə bilet tapmaq müşkül idi. Rauf Hacıyevin rəhbərliyilə Dövlət Estrada Orkestriylə hər il Leninqradda ay yarım konsert verirdik. Moskvada 2-3 ay çıxış eləyirdik. Böyük şəhərlərdə işləyirdik: Kiyevdə, Riqada, Tallində, Daşkənddə, Bişkekdə... Mənim günüm belə keçib. Həmin orkestri keçmiş mədəniyyət naziri Zakir Bağırov ləğv elədi. Rauf Hacıyev bu orkestri yaradana kimi nə qədər əzab-əziyyət çəkmişdi. Ondan sonra bircə Tofiq Əhmədovun orkestri qalmışdı. Onunla 14 il işlədim, o, rəhmətə gedənə qədər...


- Bəs niyə birdən-birə yoxa çıxdızə


- Bizim öz üslubumuz vardı. Qarşımıza məqsəd qoymuşduq ki, camaata estradanın nə olduğunu başa salaq. Bu, elə-belə, asan iş deyildi. Camaat estradanı hələ həzm eləyə bilmirdi. Tofiq Əhmədov rəhmətə gedəndən sonra gördüm ki, bizim yolumuzu dəyişirlər. Təzə dəb düşmüşdü. Estrada deyəndə elə bilirdilər ki, səhnədə atılıb düşmək lazımdı. Gördüm, yox, mən başqalaşa bilməyəcəm. Hər şeyi tulladım. Sonra Faiq Sücəddinov gəldi, işləri yoluna qoydu. Mənimçünsə geciydi- yaşa dolmuşdum, həm də iki dəfə infarkt keçirmişdim. Özümü “naqruskaya” sala bilməzdim.


- Əvvəlki səsiniz qalıbə

- Həə, bəs necəə! Yenə də kefin istəyən oxuya bilərəm.


- Bəs içki səsinizə təsir eləməyibə Deyilənə görə, sonradan içkiylə aranız yaxşı olub...


- Yox, düz demirlər. Cavanlığımda onsuz da səsimə görə özümə qadağa qoyurdum- içmirdim, çəkmirdim. Sonra da... xəstə adama da heç olmaz. İndi arada pivədən-zaddan içirəm...


- Səhnə üçün darıxmırsızə

-Elə adam tapılar ki, ömrünü səhnəyə həsr eləsin, sonra onunçün darıxmasınə Səhnə sənətkarın canıdı. Karuzo kimi böyük sənətkar axırıncı nota qədər səhnədə oxuyub, elə səhnədə də dünyasını dəyişib.


- Özünüzə belə bir tale arzulayardızə


- Bəs necəə! Karuzosayağı ölmək gözəldi! Məncə, bunu bütün sənətkarlar arzulayar. İtaliyada Karuzonun qəbrinin üstünə şam qoyublar, hər il onun anadan olduğu gün yandırırlar. Deyilənə görə, həmin şam 500 il yanacaq. Görürsüz, sənətkarı necə qiymətləndirirlərə Bizdə necədiə Səsimi itirsəydim, bu başqa məsələ. Rəşid Behbudov bir dəfə filarmoniyada mənə dedi ki, səs kotandı, nə qədər çox işlətsən, bir o qədər parıldayar . Üstəlik, sənətin cikini-bikini biləndə lap qiyamət olur. Mən peşəkarlardan dərs almışam. Bu sənətin bilicisiyəm.


- Sənətin bilicisi Oqtay Ağayev müasir estradaya necə qiymət verirə


- Çox pis. Heç cür yollarını tapa bilmirlər. Adlarını çəkmək istəmirəm, bir də görürsən, çıxıb məşhur sənətkarların mahnılarını ifa edirlər. “Sənə də qalmaz”ı Rəşiddən sonra oxumağın heç yeridiə Bundan ötrü gərək sənin yeddi başın olsun. Vallah, o mahnını o cür oxumaq günahdı. Çünki Rəşid o mahnı üçün bundan yuxarı yer qoymayıb. Estrada ifaçılarının müsabiqəsini keçirirlər. Heç deyən olmur ki, a kişi, gəl sən də bax, gör bunların qabında nə varə Guya, məndən çox bilirlər. Estradanın bütün “biclik”lərindən xəbərim var. Bu sahədə bircə Rəşiddən geri qalırdım. İndikilərin hamısı özlərini ulduz hesab edirlər. Rəşidin bir sözü də vardı, deyirdi ki, ulduz olmaqçün gərək yavaş-yavaş addımlayasan. Birdən-birə parlayan, birdən-birə də sönər.


- Çal-çağırlı vaxtlarınız yuxunuza gəlirmiə


- O qədər... Ötən günlər yuxularımda, bir də xatirələrimdədi... Moskvada Qurultaylar Sarayında “Camayka”nı oxuyurdum. Salona 6 min adam toplaşmışdı. Neyləmirdilər!ə...


- Təzədən səhnə sizin olsaydı, hansı mahnıdan başlayardızə


- Yəqin ki, “Yadındamıə” mahnısından...


- Yəqin, sizi sevən qadınlar da çox olubə


- Ulduz olasan, sevilməyəsənə Adamın üstündə Allah var, özümə heç bir qadağa- filan qoymamışam. Necə istəmişəm, elə də yaşamışam. Qastrollarda mənə vurulan çoxuydu, yanıma gəlib-gedirdilər. O xanımlardan ancaq birini sevdim. Oğurlayıb gətirdim.


-Oğurladızə!


- Həə, Düşənbədə qastroldaydım. Gördüm, ortalıqda bir incə-mincə qız gəzişir. Balerinaydı. Yaxınlaşdım ki, xahiş eləyirəm, məni yola salasız. O da məni sındırmadı. Qatarda kupenin qapısını bağlayıb götürüb gəldim Bakıya. Özü də birdəfəlik, hələ də bir yerdəyik.


- Ağlınızı bir baxışla oğurlayan o xanımın adı nədiə


- Nadejda!


- O “oğurluqdan” sonra necə, yenə özünüzə qadağa qoymurduzə


- Day əvvəlki ola bilməzdim ki... Yavaş-yavaş dəyişdim. 70-ci ildən Bakıda işlədim. Qastrollara az-az çıxırdım. Gedəndə də 5 günlük, 10 günlük. Bakıda küçəyə çıxanda heç sərbəst gəzmək olmurdu, hamı tanıyırdı. Gözdən iraq küçələrdə gəzirdim ki, qadınlardan yayınım. Onlar da başlayırdılar məktub yazmağa.


- Saxlayırsız o məktublarıə


- Təzə evə köçəndə unudub götürməmişdim. Sonra qayıtdım ki, atıblar hamısını.


- Məktub sahiblərindən heç unuda bilmədiyiniz varə


- Əşşi, vallah, siz elə eləyəcəksiz ki, arvad mənim atamı yandıracaq.


- Belə qısqancdıə

- Hər halda qadındı da. Hansı qadının xoşuna gələrə


- Nadejda xanım ilk sevginizdiə


- Yox. İlkim başqasıydı. Alınmadı. O da bədbəxt oldu getdi.


- Niyə alınmadıə


- Dedilər, cavansız. Həm də onun valideynləri mane oldu. Sonra da mən əsgərliyə getdim. Nəsə, bizimki gətirmədi.


- Deyəsən, hələ də unuda bilməmisizə


- İlk sevgini unutmaq çətindi...


- Bəlkə, əlçatmaz, platonik olduğu üçündüə


- Yox, platonik-zad deyildi. Görüşüb eləyirdik, nəsə...

1998

Səfurə Çərkəzqızı,
“Sevdalılar”

***

Redaksiyadan: Oqtay Ağayev 1934-cü ildə Bakıda dünyaya gəlib. O zaman babası Bəhram Ağayevin Ədalət Partiyasının sədri olub. 1937-ci ildə partiyanın digər üzvləri kimi onu da “xalq düşməni” adıyla sürgün edib. Digər "xalq düşmənləri" kimi onun da ailəsinin başına müsibətlər gəlib. Bütün var-dövlətləri, evləri əllərindən çıxandan sonra Bəhram Ağayevin ailəsi babalarının İçərişəhərdəki evində qalmalı olublar.

O.Ağayevin uşaqlıq illəri müharibə dövrünə təsadüf etdiyi üçün çox çətin keçib. Anası Həlimə xanım əslən Lənkərandan, atası Cəfər kişi isə Cənubi Azərbaycandan idi. Valideynləri Bakıda - orta məktəbdə oxuyarkən tanış olmuşdular. Həlimə xanım Cəfər Ağayevdən iki yaş kiçik olub. Oqtay ailənin böyük uşağı idi. Bu ailədə Oqtaydan savayı onun iki bacısı – Tamilla və Ofeliya, bir qardaşı - Etibar da böyüyürdü.

Sənətkar musiqini uşaqlıqdan sevib. 1953-cü ildə Asəf Zeynallı adına Musiqi texnikumuna daxil olub. Müəllimi Sofya İvanovna Xalfen olub. Sofya xanım Oqtaya vokalın sirlərini öyrədib, onun vokalist kimi inkişafında böyük zəhmət çəkib.

Əsgərlikdən qayıdandan sonra O. Ağayev Firudin Mehdiyevin sinfində təhsilini davam etdirib. Firudin Mehdiyev konservatoriyada ölməz Bülbülün sinfini bitirmişdi və texnikumda dərs deməyə başlamışdı. O. Ağayev Azərbaycanda olan iki böyük estrada orkestrinin hər ikisində solist kimi fəaliyyət göstərib. 1970-ci ilə qədər Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyilə Radio və Televiziya Estrada Orkestrinin solisti olub.

1960-lardan 1990-laradək Azərbaycan Radio və Televiziya Estrada Orkestrinin konsertini Oqtay Ağayevsiz təsəvvür etmək mümkün deyildi.

O. Ağayev dünyanın bir sıra xarici ölkələrində (Əlcəzair, Mərakeş, Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya və s.), keçmiş SSRİ-nin bütün respublikalarında qastrol səfərlərində olub, Kreml Sarayında 11 konsert verib.

1968-ci il Moskva səfərində “Camayka” mahnısını ifa etdikdən sonra dinləyicilər onu səhnədən buraxmırlar. Bu ifaya görə “Şərəf” nişanı ilə də təltif olunur. Rusiyanın mədəniyyət naziri Furtsova Ağayevlə görüşü zamanı ona Moskvada qalmağı və yaradıcılığını burada davam etdirməyi təklif edir. Lakin o Bakıdan və ailəsindən ayrı qala bilməyəcəyini deyib ölkəsinə qayıdır.

Yeri gəlmişkən, məhz həmin hadisə zamanı - “Camayka” mahnısının ifasına görə vaxtilə yaxın dostlar olmuş Oqtay Ağayevlə Rəşid Behbudov arasında münasibətlər pozulub.
Deyilənə görə, 1968-ci ildə azərbaycanlı sənətkarlardan ibarət nümayəndə heyəti Moskvaya gedir.
Nümayəndə heyətinin rəhbəri Rəşid Behbudov konsertdən əvvəl Oqtay Ağayevə deyir ki, məşhur italyan mahnısı "Camayka"nı oxumasın. Deyilənə görə, Robertino Lorettinin ifasında sevilən bu mahnının keçmiş SSRİ-də ən yaxşı ifa edən məhz Oqtay Ağayev imiş. Oqtay Ağayev Rəşid Behbudovun fikri ilə razılaşır və başqa mahnı oxuyur. Amma mahnı bitən kimi zaldakılar "Camayka!", "Camayka!" qışqırırlar və Maestro Niyazi gənc Oqtay Ağayevdən həmin mahnının oxumasını istəyir. Oqtay Ağayev isə Niyaziyə bildirir ki, Rəşid Behbudov onun bu mahnının oxumasını istəmir. Uzun müzakirə və mübahisədən sonra Oqtay Ağayev "Camayka"nı oxuyur və zal aşıb-daşır, sənətkar alqışlanır.
Məhz bu hadisədən sonra Rəşid Behbudovla Oqtay Ağayevin münasibətləri pozulur.

Digər bir məlumata görə, 1972-ci ildə Rəşid Behbudov Oqtay Ağayevi öz teatrına dəvət edir. Söhbət əsnasında Behbudov Ağayevdən estrada orkestrinin solisti kimi nə qədər məvacib aldığını soruşur. Ağayev bildirir ki, 200 rubl alır. R.Behbudov ona daha çox əməkhaqqı vəd etsə də, Oqtay təklifi qəbul etmir. Bundan sonra isə sənətkarların münasibəti bir qədər də gərginləşir.

O. Ağayev kino sənətində də fəaliyyət göstərib. Vaqif Mustafayevin ""Yapon" və yaponiyalı" filmində milis rəisi rolunda çəkilib. "O qızı tapın", "Dağlarda döyüş" və başqa filmlərdə mahnılar ifa edib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb.

1990-cı illərdə Azərbaycanda vəziyyət gərginləşir və bu durum sənətkarların da yaşayışına pis təsir edir. Amma nə qədər çətin olsa da, dolanmaq, ailəni saxlamaq lazım idi. 1991-ci ildə Oqtay Ağayev bir vaxtlar solisti olduğu Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında qarovulçu işləməyə məcbur olur.

Oqtay Ağayev fəxri adı çox gec alıb - 2000-ci ilin yanvarında. Bu zaman isə artıq sənətkarın 66 yaşı vardı və səhnə fəaliyyətindən demək olar ki, uzaq düşmüşdü.

O, birbaşa “Xalq artisti” adını alan üç nəfərdən biri kimi musiqi tariximizə düşüb.

Oqtay Ağayev əslən Leninqrad şəhərindən olan Nadejda Konstantinovna ilə ailə qurub. Nadejda onun pərəstişkarı olub, onlar Tacikistanda tanış olublar.
Düşənbədəki qastrol zamanı baş verən tanışlıqdan sonra Oqtay Ağayev Nadejda Konstantinovnanı qatarla qaçırıb Bakıya gətirir və burada ailə qururlar.
Cütlüyün bu nikahdan bir oğlu olur və adını Rəşid qoyurlar.
Oqtay Ağayevin Rəşid atasından bir il əvvəl dünyasını dəyişir. Böyrəyi və ağ ciyəri xəstə olan Rəşid rəhmətə gedəndə 44 yaşı var idi.
Oğlunun ölümü sənətkara çox pis təsir edir. O hadisədən sonra müğənninin əziyyət çəkdiyi ürək-damar xəstəliyi bir qədər də şiddətlənir:
Ürək-damar xəstəliyindən əziyyət çəkən xalq artisti Oqtay Ağayev 2006-cı il, noyabrın 14-də vəfat edib. Onu Fəxri Xiyabanda deyil, Yasamal qəbirstanlığında - anasının yanında torpağa tapşırıblar.
Sənətkarın ölümündən bir neçə il sonra həyat yoldaşı Nadejda xanım da rəhmətə getdi. Amma Nadejda xanım Oqtay Ağayevin yanında deyil, Qurd Qapısı yaxınlığındakı qəbristanlıqda dəfn olundu.

Oqtay Ağayevin ailəsindən bircə nəvəsi qalıb – mərhum oğlu Rəşidin qızı...

VIDEO

Cebhe.info


Oxunma sayı: 2707