hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

“Xankəndinə gedən erməni nişanlı xarici maşınlar İran maşınlarıdır”-RƏY

“Xankəndinə gedən erməni nişanlı xarici maşınlar İran maşınlarıdır”-RƏY

“Ermənistan saytlarına nə zaman daxil olsam, İran nümayəndə heyətinin bu ölkədə hər hansı bir tədbir keçirdiyi, iranlı biznes elitasının müxtəlif sahələrə investisiya yatırması ilə bağlı xəbərlərə rast gəlirəm”.

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz feysbuk səhifəsində yazıb.

O sual edir: “İran Ermənistanın tərəqqisinə kömək edib, yoxsa Qarabağın erməni işğalından azad olunmasına? 44 günlük Vətən müharibəsindən sonra diqqətİ çəkən məqamlardan biri də bu olub ki, İran şirkətləri, bankları işğal altında olan ərazilərimizdə uzun illər biznes qurub investisiya yatırıblar. Müharibə zamanı İranın Ermənistana hərbi yardımlarına cənublu soydaşlarımızın da müqavimətini unutmamışıq” .

Onun sözlərinə görə, hətta son zamanlarda İran Ermənistanda "ağıllı şəhər" qurmağı da planlayıb:

“Qarşıdakı aylarda keçirilməsi gözlənilən İran-Ermənistan biznez forumunda əməkdaşlığın daha da gücləndirilməsi gözlənilir. Heç kimə sirr deyil ki, İranın texnologiyası və resursları Ermənistanın tərəqqisinə , Türkiyənin texnologiyası və diplomatiyası isə Qarabağın erməni işğalından azad edilməsinə kömək edib. Məhz işğal məsələsinə görə Türkiyə Ermənistanla sərhədi bağlayıb”.

Prezident İlham Əliyevin dünənki çıxışında söhbət açdığı erməni nişanlı xarici maşınların Xankəndinə daxil olması məsələsinə də toxunan Osman Gündüz o maşınların da, çox güman ki, İran maşınları olduğuna diqqət çəkib.

Onun fikrincə, bütün bunlara baxmayaraq, Şeyxülislam Allahşükür Paşazadə son günlər verdiyi açıqlamada absurd mövqe sərgiləyərək Qarabağın işğaldan azad olunmasındakı səylərinə görə İranı və Türkiyəni tərəzinin bir gözünə, eyni cərgəyə qoymağa çalışıb:

“Bu cür dini və ya ruhani məzmunlu deyil, daha çox siyasi yük daşıyan açıqlamaların Azərbaycanın Şeyxülislamı tərəfindən səsləndirilməsi tam anlaşılmazdır. Onun ədalətsiz, açıq-aşkar İranyönümlü yanaşma sərgiləməsi, açıqlaması təəssüf doğurur. Eyni zamanda, milli maraqlarımıza uyğun gəlməyən bu tip açıqlamaları dövlətimizə qarşı hörmətsizlik və xoşagəlməz hal hesab edirəm”.

Osman Gündüz sonda əlavə edib:

“Bütün dünya bilir ki, qələbəni Azərbaycan xalqı, bütün cəmiyyət, əsgər və zabitlərimiz Ali Baş Komandan ətrafında dəmir yumruq kimi birləşərək qazanıb”.

Şəbnəm Adil
Cebhe.info


Oxunma sayı: 7140