hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

“Xarici İşlər Nazirliyinin “dişli” quruma çevrilməsini istəyirik” - Deputat Razi Nurullayevlə MÜSAHİBƏ

“Xarici İşlər Nazirliyinin “dişli” quruma çevrilməsini istəyirik” - Deputat Razi Nurullayevlə MÜSAHİBƏ

Azərbaycan XİN-i ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirdiyi ən son videokonfrans barədə rusiyalı həmkarına danışdığı bir vaxtda, erməni separatçıları Dağlıq Qarabağda “kloun-prezidentə tac qoymaqla” məşğuldur.

Görünən odur ki, beynəlxalq ictimaiyyət sözdə Azərbaycanın ərazi bütövlüyünü tanısa da, onu pozan erməni separatçılarına qarşı hər hansı sanksiya tətbiq etmək barədə düşünmür.

Məhz dünyanı düşündürmək üçün ölkə ictimaiyyəti diplomat və siyasətçilərdən daha kəskin, daha qəti mövqe sərgiləməsini, beynəlxalq ictimaiyyət qarşısında daha ciddi tələblərlə çıxış etmələrini gözləyir.

Siyasi ekspertlər hesab edir ki, belə bir vaxtda təkcə XİN deyil, Milli Məclis bütün siyasi təşkilatlar “qışqırmalıdır”. Hesab olunur ki, bu gün deputat korpusunun dünyanı yerindən tərpədən qəti bəyanatlarına ehtiyac var.

Sual olunur: Bu günlərdə bircə deputat hansısa həmsədr ölkənin Bakıdakı səfirinin qəbuluna gedərək “seçkiyə, inaqurasiyaya” öz qəti etirazını, ya çağırışını edib? Yaxud, beynəlxalq təşkilatları narahat edən hansı sərt bəyanatı var, varsa, niyə vecə alınmır?

Millət vəkili Razi Nurullayev Versus.Az-a müsahibəsində bir çox maraqlı nüanslara diqqət çəkib.

- Razi bəy, ictimaiyyətə yaxşı bəllidir ki, artıq bu günlər Milli Məclisin deputatları səviyyəsində XİN-nin “dişsiz”, yumşaq diplomatiya aparması tənqid olunur, hətta nazirin istefası tələb edilir. Bəs, ümumilikdə deputatların özləri həmsədrlərin işğalçını tanımaması, BMT qətnamələrinin icra olunmaması və bu kimi beynəlxalq müstəvidə səsə səbəb ola biləcək hansı bəyanatla çıxış ediblər?

- Bəli, deputatların bəziləri Azərbaycanın xarici işlər nazirini “dişsiz” nazir kimi qəbul edir. Nazir Parlamentdə ciddi şəkildə tənqid olunur. Təbii ki, bu tənqidlərdə haqlı tərəflər də var. Heç şübhəsiz ki, xarici siyasətlə məşğul olan idarəmiz və nazirimiz ermənilərin şantaj, hədə-qorxu ilə Azərbaycanı təhdid etməklə indiki status-kvonu saxlamaq istədiklərinə qarşı adekvat cavab verilməlidir. Nazirimiz bununla bağlı kifayət qədər “dişli”, hətta təkəbbürlü və qətiyyətli çıxışları ilə yadda qalmalıdır.

Mən xarici işlər nazirini tənqid etməmişəm və bu barədə fərqli düşüncəm var. Ona qarşı səsləndirilən bəzi fikirlərlə razı olsam da, bu məsələnin təkcə xarici işlər nazirinin öhdəsində olduğunu düşünmürəm. Lakin hesab edirəm ki, xarici işlər naziri daha fərqli, daha sərt mövqe sərgiləməklə fəaliyyət göstərə bilər.

Deputatların bu məsələdə hansı rolu ala biləcəyinə gəlincə, hesab edirəm ki, onlar zatən Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar çərçivəsində ciddi işlər aparırlar. Parlamentin binası daxilində bu yöndə görülən işlərin heç bəlkə də 98 faizi mətbuata çıxarılmır, müsahibələrdə səsləndirilmir, bəlkə də belə lazımdır. Amma hər bir deputat xarici ölkələrdə, beynəlxalq təşkilatlarda, seçildikləri Dostluq qruplarında ciddi işlər aparır. Mən sizə deyim ki, bu gün bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqq işi artıq deyilməkdədir. Belə ki erməni nümayəndələri danışan zaman bir çox digər iştirakçılar dodaq büzür, onlara etiraz edir və Azərbaycanın haqlı olduğunu jestləri, açıqlamaları, bəzən çıxışları ilə bildirirlər. Bütün bunlar həm də deputatların beynəlxalq təşkilatlarda, Dostluq qruplarında apardıqları işlərin nəticəsidir. Mən elə deputat tanıyıram ki, o, Dostluq Qrupunun rəhbəridir və həmin ölkənin az qala bütün deputatlarını Azərbaycanın dostu edib. Bəzən jurnalistlər bu kimi məsələlərlə bağlı məlumatlandırılmadıqları üçün deputatlara bu kimi sullar ünvanlayırlar.

Azərbaycan Xarici İşlər Nazirliyi də təbii ki, bu yöndə müxtəlif işlər görür, amma bu işlərin gözə görünən hissəsi zəifdir. Biz bu nazirliyin ritorikasının dəyişməsini, daha “dişli” quruma çevrilməsini istərdik. Xarici İşlər Nazirliyinin yalnız erməni tərəfin atdığı addımlara qarşı adekvat addım atmasını yox, həm də özünün müxtəlif təşəbbüslərlə çıxış etməsini, erməni tərəfə ciddi problem yaşatmasını, beynəlxalq təşkilatlarda bu və digər şəkildə ideyalar ortaya qoyub, onun həyata keçirməsini, erməniləri pis vəziyyətə salmasını istərdik. Bu cür hərəkətlilik baş vermirsə, Xarici İşlər Nazirliyi və nazir özü az tənqid olunacaqdır.

- Dediyiniz kimi, görülən işlərlə bağlı nə qədər ictimaiyyətə məlumat ötürülməsə də, fakt budur ki, beynəlxalq qurumlar, həmsədr dövlətlər işğalçıya qarşı qəti mövqe sərgiləmək istəmirlər. Fakt budur ki, 30 ilin 26 ili “danışıqlara” sərf olunub. Və erməni Qarabağda “prezidentinə” “inaqurasiya” mərasimi keçirir. Ermənistan beynəxalq hüquqa məhəl qoymur. Bütün bunlar bu sualı da doğuracaq: Milli Məclis bütün bunların məsuliyyətini nə dərəcədə həmsədr dövlətlərin üzərinə qoya bilir?

- Kim deyir ki, işğal faktı və Ermənistanın beynəxalq hüquqa məhəl qoyulmamasının məsuliyyəti həmsədr dövlətlərin üzərinə qoyulmur? Təbii ki, qoyulur. Hətta bunu cənab Prezidentin dilindən də eşitmişik. Azərbaycan parlamentinin deputatları da bunu bir çox beynəlxalq tədbirlərdə, tribunalarda, sessiyalar zamanı da qaldırıblar, deyiblər. Siyasətçilərimiz də bu fikirləri dilə gətiriblər, Minsk Qrupunu amorf qrup adlandırıblar, həmsədrləri ancaq və ancaq turist səfərləri edən bir qrup kimi qələmə veriblər və bu gün də bunları deyirlər… Amma bizim bunları deməyimiz azdır, bizim onlara təsir göstərmək imkanlarımız zəifdir. Mən deyərdim ki, birmənalı olaraq həmsədrləri də günahlandırmaq olmaz. Çünki onlar da özlərinin aidiyyatı dövlətlərinin başçılarından birbaşa göstəriş alırlar. Onun üçün də bizim Xarici İşlər Nazirliyinin işi budur ki, bununla bağlı cənab Prezidentə təkliflərini təqdim etsin - biz həmin Minsk Qrupu dövlətlərinin başçılarına hansı təsiri göstərə, onları necə fikirlərindən daşındıra bilərik. Necə edə bilərik ki, onlar sözçülükdən əmələ keçərək Ermənistan tərəfə sanksiyamı tətbiq etsinlər. Ona müqavimət göstərsinlər, təzyiq vasitələrimi işə salsınlar ki, Ermənistan danışıqlarda daha mülayim hərəkət etsin, müəyyən kompramislərə getməyə razılaşsın. Amma yenə deyirəm ki, Azərbaycan tərəfi bunu edir, deputatlar da, elə Xarici İşlər Nazirliyi də. Amma təbii ki, həmsədr ölkələr güclü ölkələrdir, dünyada söz sahibləridir və Azərbaycan onlarla ultimatumla danışmağı məqbul saymır. Buna baxmayaraq müəyyən işlər gedir və mən düşünürəm ki, müsbət nəticələri də inşallah olar.

“Azərbaycanın həmin strateji nöqtələri bombalaması real deyil”

- Razi bəy, bir çox siyasilər erməni terror qruplarının Qarabağdakı fəaliyyətini məhdudlaşdırmaq, onu qorxutmaq üçün işğalda qalan ərazilərimizdəki strateji nöqtələrin dağıdılması, bombalanması ilə bağlı fikirlər səsləndirib. Bəs, elə inauqurasiya günü deputatların Milli Məclisdə açıq bəyanatla strateji nöqtələrinin bombalanması ilə bağlı tələbləri oldumu və bu, nə dərəcədə reallaşa bilər?

- Azərbaycan Parlamentində belə hallar olub. Bəzi deputatlar Ermənistanın və işğal olunmuş digər ərazilərimizdəki ermənilərin strateji nöqtələrinin bombalanmasını istəyiblər. Eyni zamanda, Xankəndindəki hava limanını vurmaq məsələsini də qaldırıblar. Bu baxımdan, mən “niyə Milli Məclisdə açıq bəyanatla erməni terror qruplarının Qarabağdakı fəaliyyətuni məhdudlaşdırmaq üçün elə inaqurasiya günü işğalda qalan ərazilərin strateji nöqtələrini bombalamağı tələb etmirlər”- sualınızla razılaşmıram. Biz bunu tələb də edə bilərik. Amma Azərbaycanın həmin strateji nöqtələri bombalaması real deyil. Çünki Azərbaycan bunu birbaşa, təkbaşına edə bilməz. Əfsuslar olsun ki, Azərbaycan bu gün güclü orduya malik olsa da, müharibə aparmağa hazır olsa da, bəzi qərarların verilməsində hələ də sərbəst deyil. Yəni bunu etmək Azərbaycanın tam haqqı da olsa, biz Türkiyə faktorunu, Rusiya faktorunu, İran faktorunu, Avropa dövlətlərini, həmsədr ölkələri nəzərə almalı oluruq. Təbii ki, Azərbaycan öz haqqına nail olmaq üçün çalışır, diplomatik kanallardan istifadə edərək beynəlxalq ictimaiyyətin buna hazırlanması istiqamətində işlər aparır və parlamentdə də bu işlər gedir. Ümid edirik ki, bu işləri aparmaqla Azərbaycanın bunu edəcəyi günü yaxınlaşdıra biləcəyik. Və zaman gələcək ki, Azərbaycan öz torpaqlarını azad etmək üçün xain düşmənə sarsıdıcı zərbə də endirəcək. O zaman artıq bunun üçün heç kimdən icazə gözləmiyəcək və Azərbaycan güclü bir dövlət olaraq öz hüququnu beynəlxalq hüquq çərçivəsində həyata keçirə biləcək.

- İctimaiyyətdə belə bir sual dolaşır: niyə deputatlarımız “danışıqları” tələb edən, lakin torpaqlarımızı işğalda saxlayan erməni terrorçularını dayandırmayan ATƏT-in Minsk Qrupuna qarşı qəti olaraq “ayağa qalxmır”? Daha hansı gün gəlməlidir?

- Azərbaycan deputatları torpaqlarımızı işğalda saxlayan erməni terrorçularını dayandırmayan ATƏT-ə həmişə etiraz edib. Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti bu məsələləri dəfələrlə qaldırıb. Qətnamələrin qəbul olunması üçün ATƏT-in Parlament Assambleyasına sənədlər təqdim edib. Onların bəzilərinin qəbul edilməsinə nail də olub. 1999-cu il Lissabon Sammitində rəhmətlik Heydər Əliyev 53 dövlətin razılığını ala bilmişdi və bu, böyük diplomatik qələbə kimi bu gün də Azərbaycan tərəfindən qeyd edilir. Azərbaycan - dövlət qurumları, Xarici İşlər Nazirliyi, həm də deputatlar əllərindən gələn bütün vasitələrdən istifadə edir. Amma məgər bu gün Azərbaycan deputatlarının ATƏT-ə qarşı ən sərt şəkildə fikir bildirməsi, tənqid etməsi, ATƏT-lə əməkdaşlıqdan imtina etməyə çağırış, ATƏT-dəki nümayəndəmizi geri çağırmaq kimi radikal mövqe sərgiləməsi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasına şərait yaradacaqmı. Əgər yatarsaydı, inanın ki, bunu Azərbaycan Parlamenti, Azərbaycan hökuməti edərdi və Azərbaycan Xarici İşlər Nazirliyi də bu kimi təkliflərini təqdim edərdi. Bütün bunlar Azərbaycanın vəziyyətini daha da ağırlaşdıra bilərdi. Əfsuslar olsun ki, Azərbaycanın haqq işi dünyada ikili standartlar olduğu üçün eşidilmir. İkili standartlar bu gün də davam edir.

Cebhe.info


Oxunma sayı: 18217