hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

“Xəzər hövzəsi ölkələrinin əməkdaşlığı üçün zəmin yaranıb” - RƏFAİL BECANOV

“Xəzər hövzəsi ölkələrinin əməkdaşlığı üçün zəmin yaranıb” - RƏFAİL BECANOV

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin və Türkmənistan Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə "I Xəzər İqtisadi Forumu"na həsr olunmuş Dəyirmi Masa keçirilib.

Cebhe.info xəbər verir ki, tədbirdə millət vəkilləri, Xəzəryanı ölkə səfirliklərinin nümayəndələri, ekspert və politoloqlar, ziyalılar, tələbələr iştirak edib.  

“Cümhuriyət” qəzetinin və Cebhe.info xəbər portalının rəhbəri, siyasi ekspert Rəfail Becanovun tədbirdə məruzə ilə çıxış edib.

R.Becanov bildirib ki, Xəzər hövzəsi ölkələri xalqlarının qonşuluq və birgəyaşayış tarixi çox qədimdir:

“Bu qonşuluq və birgəyşayış dil, din, mədəniyyətlər birliyi ilə daha da dərinləşmiş və sonradan dövlətlərin əlaqələrinin güclənməsinə xidmət etmişdir. Dünya düzəninin indiki çağında və iqtisadi əlaqələrin inkişafı mərhələsində geosiyasi, regional qarşılıqlı münasibətlər bu əlaqələrin daha da dərinləşməsi və əlaqələrin əməkdaşlıq sərhədlərinin genişlənməsini zəruri edir. Xəzər hövzəsi ölkələrinin mühüm karbohidrogen ehtiyatlarına malik olması, neft və qaz ehtiyatları böyük dünyanın hər zaman diqqət mərkəzində olub. Müxtəlif hesablamalara əsasən, neft və qaz ehtiyatlarının 4%-nin cəmləşdiyi bu regionun əhəmiyyətli olması başadüşüləndir və bu da daha çox iştirakçını özünə cəlb edir. Maraqlar müqabilində region ölkələri üçün əməkdaşlıq, inteqrasiya qaçılmazdır. Bu əməkdaşlıq və inteqrasiya həm də regional təhlükəsizliyin əsaslarını özündə ehtiva edir. Xəzərin statusu və karbohidrogen yataqlarının işlənməsi ilə bağlı ümumi razılığın olmaması, Xəzərin hüquqi statusunun müəyynləşməməsi müəyyən preoblemlər yaradır, region üçün faydalı ola biləcək əməkdaşlıq və inteqrasiya imkanları kölgədə qalırdı. Lakin bu mərhələ artıq arxada qalıb”. 

Ekspert qeyd edib ki, 2018-ci il avqustun 12-də Aktauda keçirilmiş V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın imzalanması beş Xəzəryanı dövlət üçün tarixi hadisə və mühüm əhəmiyyətli nailiyyətə çevrildi:

“Bu, bir daha onu nümayiş etdirdi ki, Xəzəryanı dövlətlər Xəzər hövzəsi və onun ətrafındakı regionlarda dayanaqlı sülh və əməkdaşlıq mühitinin formalaşmasında və daimi olmasında maraqlıdırlar. Xəzəryanı dövlətlər arasında qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan münasibətlər Xəzər dənizi dövlətləri, həmçinin tərəfdaşlar üçün vacibdir. Xəzəryanı dövlətlər tərəfindən bu Konvensiyanın hazırlanması prosesində unikal regional məsuliyyət və sahiblik kimi yüksək siyasi mədəniyyətin nümayiş etdirilməsi nəticəsində hövzə ölkələri kənar müdaxiləyə imkan vermədən konstruktiv əməkdaşlıqla, dənizin hüquqi statusuna dair Konvensiyaya daxil olmaqla mühüm nailiyyətlərə imza atdılar. Su hövzəsinin hüquqi statusu, Xəzərdə əməkdaşlıq, iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunması,  regional və qlobal təhlükəsizlik məsələlərinin öz həllini tapması böyük bir tarixi hadisədir və Xəzər Əməkdaşlığı günü kimi qeyd olunması çox mühümdür. Bəzən bunu Xəzərin Konstitusiyası da adlandırırlar”.

R.Becanov bildirib ki, Konvensiyanın ən mühüm tərəflərindən biri dövlətlərarası münasibətlərin və davranışın hüquqi çərçivəsinin müəyyən edilməsi, beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi təməl prinsipləri özündə ehtiva etməsidir:

“Azərbaycan həmin sənədin hazırlanmasının bütün mərhələlərində öz töhfəsini verib və bu vacib sənədin imzalanması üçün daim konstruktiv təkliflər irəli sürüb. SSRİ dağılandan sonra Xəzəri təhlükəsizlik və əməkdaşlıq məkanı kimi qoruyub saxlamaqda Azərbaycan daim konstruktiv, həlledici səylər göstərib və Prezident İlham Əliyevin bu istiqamətdə çox böyük səyləri olub. Artıq bu mərhələ arxada qalıb və Xəzərin hüquqi statusu müəyyənləşib. 

İndi qarşıda duran əsas vəzifələr regional inteqrasiya və əməkdaşlıq və bunun nəticəsində də təhlükəsizliyin əbədi olmasıdır. Əsas məqsəd Xəzəri sülh və əmin-amanlıq dənizinə çevirmək və xalqların, dövlətlərin onun təbii resurslarından istifadə etməklə daha güclənməsinə və firavan yaşamasına, ölkələrin suverenliyinin möhkəmləndirilməsi, Xəzəryanı dövlətlərin potensialının möhkəmləndirilməsi və yeni iqtisadi səviyyəyə çatdırılması, çoxtərəfli layihələr əsasında inkişaf etməkdir. Çünki bu ölkələr  müttəfiqdir və onları böyük bir keçmiş, yaxın qonşuluq siyasəti və birgəyaşayış bir-birinə bağlayır”.   

Ekspertin fikrincə, inteqrasiyanın sürətlənməsi və əlaqələrin daha da möhkəmləndirilməsi üçün zəmin yaranıb: 

“Bir zamanlar irəli sürülən bir təklifin - ilk inteqrasiya təşəbbüslərindən biri olan beş dövlətin məsləhətləşmə qurumunu yaratmaq mümkündür. Bu Baltik bölgəsi təşkilatları, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi regional bir qurum ola bilər və iqtisadi əlaqələrə, ticarət dövriyyəsinin daha da artmasına mühüm töhfə verər. 

Eyni zamanda region ölkələrinin vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin qurulması, inkişafı günümüzün tələblərindəndir. Bunun üçün Xəzər hövzəsi ölkələrinin kütləvi informasiya vasitələri-media orqanlarının əlaqələrinin güclənməsi, qarşılıqlı səfərlərin təşkili həm informasiya mübadiləsinin artması, mədəniyyətlərin öyrənilməsi, daha çox bilgilərin əldə edilməsi üçün zəruri olduğu kimi, həm də xalqların daha da yaxınlaşması baxımından əhəmiyyətlidir. Bu, eyni zamanda artıq ənənə halını alıb və hər il Həştərxanda keçirilən Xəzər Mediaforumunun- hansı ki, artıq 4 dəfə keçirilib və maraqlı layihələrlə qarşısına qoyduğu məqsədlər baxımından çox əhəmiyyətlidir - daha da güclənməsinə xidmət edəcək. Bundan əlavə Xəzəryanı ölkələrin vətəndaş cəmiyyətləri institutlarının digər sektorlarının (dərnəklər, icmalar, qeyri-hökumət təşkilatları) da birgə platformasının yaradılması mümkün və zamanın nəbzinə uyğun gələn aktual məsələdir. Hesab edirik ki, hər 5 ölkənin qeyri-hökumət təşkilatlarının, ayrı-ayrı fondların və ictimai birliklərin birgə platformalarının yaradılması mümkündür”.

R.Becanov qeyd edib ki, bu əlaqələrin qurulması regionda əməkdaşlığın dərinləşməsi və inteqrasiya baxımından mühüm əhəmiyyət kəsb edir: “Bu ilin avqust ayında Türkmənistanda keçiriləcək Birinci Xəzər İqtisadi Forumunu bu baxımdam yüksək qiymətləndirir və hesab edirik ki, iqtisadi əlaqələrin inkişafı dərinləşdikcə, media əlaqələrinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inteqrasiyası baxımından da mühüm addımlar atılacaq və region ölkələrinin, xalqlarının birgəyaşayış prinsiplərinə mühüm töhfə veriləcək”.  

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3246