hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

“XXI əsrdə banklar “kassa” rolunu oynamamalıdır” - Ekspertdən sərt tənqid

“XXI əsrdə banklar “kassa” rolunu oynamamalıdır” - Ekspertdən sərt tənqid

Avropa ölkələrində banklar kriptovalyuta alışı və satışı ilə məşğul olacaq.

Buna misal olaraq Almaniyanı göstərə bilərik. Almaniya Parlamenti banklara kriptovalyutanın alış və satışına icazə verən qanun qəbul edib və qanun layihəsi 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli hazırda Azərbaycan banklarının XIX əsrin qaydaları ilə fəaliyyət göstərdiyini deyib:

“XXI əsrdə banklar “kassa” rolunu oynamamalıdır. Bu banklar ancaq depozit götürüb daha yüksək faizlə kredit verməklə məşğuldur. Yəni onların müxtəlif investisiya istiqamətlərində fəaliyyət göstərən bir qurum kimi fəaliyyətini görmürük. Dünya bankları artıq investisiya mərkəzləri kimi fəaliyyət göstərir. Yəni onlar müraciətlərə, obyektiv müştərilərə ancaq kredit vermək obyekti kimi baxmır. Dünya banklarının onlarla birgə iş qurmaq, onların investisiya ideyalarını dəstəkləmək, investisiya fondu olaraq fəaliyyət göstərmək kimi fəaliyyət növləri var. Azərbaycan bankları isə bunlardan çox uzaqdır”.

N. Cəfərli Almaniyada qəbul olunan bu qanun layihəsinin dünya praktikasında da əksini tapacağını deyib:

“Amma Almaniya kimi ölkədə belə bir trend yaranırsa və banklara bununla bağlı əməliyyatlar aparmaq üçün icazə verilirsə, bu forma dünyada yayılacaq. Bütün dünya ölkələri də bu praktikadan istifadə edəcəklər və Azərbaycan da bura qatılmağa məcbur olacaq. Ona görə də Azərbaycan bankları buna indidən hazır olmalıdırlar.

Ekspertin fikrincə, Azərbaycanda da bununla bağlı bank qanunvericiliyinə dəyişiklik edilməlidir:

“Azərbaycan qanunvericiliyində bu fəaliyyətə qadağa olmasa da, eyni zamanda bunu tənzimləyən qanunlar da yoxdur. Yəni Azərbaycanda da bunu tənzimləyən yeni bir qanun layihəsinə və ya bank qanunvericiliyinə kriptovalyutaların alışı və satışı ilə bağlı dəyişikliklər edilməsinə ehtiyac var”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 760