hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

“Yaponiya və Avstraliya Çinə qarşı birləşir” – POLİTOLOQ

“Yaponiya və Avstraliya Çinə qarşı birləşir” – POLİTOLOQ

“Çin Yaponiya-ABŞ müttəfiqliyindən narahatdır. Doğrudur, Yaponiya və ABŞ İkinci Dünya Müharibəsinin yekunlaşmasından bu yana müttəfiqdirlər. Ancaq Pekin hesab edir ki, son illər Vaşinqton-Tokio ittifaqı Çinə qarşı yönəlib.

Yaponiya Baş naziri Yoşihide Suqanın Vaşinqtona səfəri ərəfəsində Çinin Xarici İşlər naziri Van Yi yaponiyalı həmkarına çağırış edib. Çağırışın məğzi bundan ibarətdir ki, Yaponiya ABŞ-la Çinə qarşı ittifaq qurmamalıdır. Pekinin bu çağırışı Tokioya qarşı xəbərdarlıq və ya ultimatum mahiyyətinə oxşayır”.

Bunu Cebhe.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Yaponiyanın Baş naziri Yoşihide Suqa aprelin 16-da ABŞ Prezidenti Co Baydenlə Ağ Evdə görüşəcək:

“Bu Baydenin prezident olduqdan sonra Ağ Evdə qəbul edəcəyi ilk xarici ölkə lideri olacaq. Aydındır ki, görüşdə müzakirə ediləcək əsas mövzulardan biri Çin və bu ölkənin regional siyasəti olacaq.

Pekinin Tokioya ünvanladığı çağırışda bu ifadələr yer alıb: “Çin və Yaponiya ikitərəfli əlaqələrə önəm verməlidirlər. Çin ümid edir ki, Yaponiya müstəqil dövlət olaraq Çinin inkişafına hörmətlə yanaşacaq və Çinə qarşı planlarda yer almayacaq”.

Pekinin bu xəbərdarlığına baxmayaraq, Tokio Çinin siyasətini Vaşinqtonla müzakirə etməkdən yayınmağı planlaşdırmır. Əksinə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Çində insan haqları, o cümlədən uyğurlara qarşı zülm məsələrini və Honq-Konqun gələcəyini diqqətdə saxlayacağını bildirib.

“Assotiated Press” agentliyinin məlumatına görə, Bayden administrasiyası üçün Yaponiya ilə əlaqələri genişləndirmək xüsusi əhəmiyyət daşıyır. Bayden administrasiyası Çinin regional siyasətinə qarşı Yaponiya ilə dialoqu genişləndirməyi planlaşdırır. Tokio da öz növbəsində bu dialoqu genişləndirməyə hazırdır. Tokion narahat edən məsələlərdən biri də Çin hərbi gəmilərinin son illər Yaponiya sahillərinə yaxın adalarına yaxınlaşmasıdır”.

Politoloq əlavə edib ki, Çinin regional siyasətindən ABŞ və Yaponiya ilə yanaşı Avstraliya da narahatdır:

“Avtraliyanı Çinin uzaqmənzilli raketlərinin sayını artırması narahat edir. Avstraliya bunun qarşılığında öz raketlərini modernləşdirməyə başlayıb. Avstraliya yeni raket sistemlərinin istehsalına 1 milyard dollar xərcləməyi planlaşdırıb. ABŞ da Avstraliyanın raket sistemlərinə yatırım qoymağa hazırdır. Avstraliyanın Baş naziri Skot Morris deyib ki, bölgədə şərtlər dəyişir və ölkəsi hərbi qüdrətini artırmaq məcburiyətindədir. Digər tərəfdən Çinin regional siyasəti Avstraliya ilə Yaponiya arasında hərbi əməkdaşlığın genişlənməsinə şərait yaradıb”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 837