hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Yaxşı danışan oğlan” imici, yaxud TƏBİB rəhbərinə bir neçə kəlmə…

“Yaxşı danışan oğlan” imici, yaxud TƏBİB rəhbərinə bir neçə kəlmə…

Hər şey ondan başladı ki, bizim narahatlığımızla onların narahatlığı eyni vaxta düşmədi. İnsanlar deyəndə ki, virus var, başqa ölkələrdə varsa, bizdə də olacaq, sağlamlığa cavabdeh olanlar (TƏBİB, Səhiyyə Nazirliyi) əksini sübut etmək istədi. Sonrakı uğursuz çıxışı ilə istefaya getməyə məcbur qalan baş epidemioloq İbadulla Ağayev vicdanına and içdi ki, Azərbaycanda o virusdan yoxdur. Ümidimiz onlara qalsaydı, acınacaqlı vəziyyətə düşərdik. Prezident, Birinci vitse-prezident səviyyəsində müdaxilədən sonra hər şey dəyişdi və əhalinin sağlamlığı, qorunması üçün mühüm dövlət tədbirləri görüldü. Elə Prezident və Birinci vitse-prezident səviyyəsində nəzarətin səbəbindən biz pandemiyadan böyük insan itkisi ilə çıxmırıq. Modul xəstəxanalar hazırlandı, əlavə tədbirlər planı tezliklə qəbul edildi. Amma sağlamlığımıza cavabdeh olan qurumların ümidinə qalsaydıq, nələr yaşamazdıq ki...

Azərbaycandan keçməklə İrandan Gürcüstana gedən bir sərnişində bizimkilərin tapa bilmədiyi virusu gürcülər “Qırmızı körpüdə” elə körpünün o başındaca, cəmi 15 dəqiqəlik məsafədə tapanda və xəbərini dərhal ictimailəşdirəndə məlum oldu ki, daha burada 14 günlük inkubasiya dövrü kimi söhbətlər keçmir. Fakt ortadadır. Beləcə virus hekayəmiz başladı…

Ardınca nələr olduğunu hamımız yaxşı bilirik. Sosial şəbəkələrdəki həyəcanlı çıxışların, “Votsap”dakı “Niquş”ların” ümidinə qaldığımız günlər də oldu. Ardınca rəsmi təsdiqlər də, inkarlar da gəldi, vəziyyət isə yaxşılığa yox, pisliyə doğru dəyişdi. Zatən bütün dünyada olan bir şeyin bizdə olmayacağını, yaxud bütün dünyanın bacara bilmədiyi bir şeylə bizim bacara biləcəyimizi düşünmək absurd idi və nəticə hər birimizin həyatından indiyə qədər azı 6 ay alıb. Karantindəki 6 ay deyib keçməyin. Bu 6 ayın hər günü narahatlıq, əsəb, stress, yaxınlarını itirmək qorxusu, dolanışıq dərdidir.

Bizi evdə qapadıb yaxşı nəticə vəd edənlər ÜST-ün Azərbaycan nümayəndəsi Hande Harmançının Qubada şəlalə altında sərinləməsinə göz yumanda zəncirin bir həlqəsi də qırıldı.

Növbəti həlqə 2 həftə dalbadal başımızı belə qapıdan çıxarmayıb balkonlarda zibillərin iy-qoxuna dözməli olduğumuz günlərdə TƏBİB-in “Təəssüf ki, heç bir müsbət nəticəsi olmadı” bəyanatı il qırıldı. Əvvəlində və ardında daha nələr…

Mən hələ maska, spirt qəhətə çıxdığı günlərdə manısları ekranlara çıxarıb boy-boy “maskanı xəstə taxmalıdır” dedirtmələrindən danışmıram. İndi karantinin bol günlərində bar-bar bağıran da məhz elə o mansılardır. Zopanın bir tərəfi də özlərinə dəyib axı… Dəmir qapıları döyülüb, indi daha xalqa dərs keçmirlər, özlərinə gün ağlayırlar…

Beləlikə, aylar çəkən mücadilədən, evə qapanmalardan, sərt karantindən sonra yoluxma sayında 200-dən aşağı nəticə əldə edilib. Sevindiricidir, hər kəs azalmanın davam etməsini ürəkdən arzulayır, normal olmasa da, normala yaxın həyata dönməyi gözləyir. Daha çimərlikləri də açıblar, təkrar bağlamasalar, işıq ucu var. Düzdür, şənbə-bazar ictimai nəqliyyat işləmədiyindən, çimərliyə getmək o qədər də inandırıcı görünmür, çünki bu ölkədə bir də fürsətcil taksi şirkətləri var ki, qiyməti məhz belə günlərdə ikiqat artırırlar. Amma yenə olsun, həmişə belə davam etməyəcək ki…

Belə ümidverici günlərin birində bir də TƏBİB rəhbəri Ramin Bayramlı çıxıb deməzmi ki, koronavirusun payız aylarında digər respirator virus infeksiyaları ilə birlikdə gedişatı problemlərə səbəb ola bilər. Zatən bunu bilməyən yoxdur, hələ birinci dalğadan canımızı qurtarmamış ikinci dalğanın fəsadından danışanlarımız da az deyil. ÜST hələ yazda payızla bağlı tövsiyələr verirdi, hərçənd bu tövsiyələr daha çox barmaq silkələməyə bənzəyirdi, amma bu da olsun, biz yenə də tövsiyə deyib keçək.

"Dünya ölkələri bu hazırlıq işlərini görürlər. Çünki xəstəliyin gedişatını əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Virusun gələcəkdə hansısa formada mutasiyaya uğrama ehtimalı, bu virusun payız aylarında digər respirator virus infeksiyaları ilə birlikdə gedişatı problemlərə səbəb ola və səhiyyə müəssisələrinin üzərinə düşən yükü artıra bilər"- Ramin Bayramlı belə deyib.

Özü də SMS icazənin ləğv olunduğu ilk gündə- 5 avqustda. Küçəyə uzun müddətdən sonra ilk dəfə icazəsiz çıxan insanların (Çıxıb hara gedəcəklər? Hər yer bağlıdır, bütün günü parkda oturmayacaqlar ki?) psixologiyasını düşünən oldumu heç? Danışanda, xəbərdarlıq edəndə, tövsiyə verəndə, barmaq silkələyəndə heç düşünmürlərmi ki, 6 aylıq karantinin tarıma çəkdiyi əsəbləri bir də belə sözlərlə gərməyək? Niyə insanları ehtiyatı əldə verməyərək az da olsa rahatlatmaq, məsələn, yoluxma sayının azalmasında insanların da sərt karantin tələblərinə əməl etməsinin payı olduğunu söyləyib bir az da olsun minnətdarlıq hissi bəxş etmək olmazdımı?

Prezident İlham Əliyev dünən keçirdiyi müşavirədə “Biz bundan sonra da addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq. Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır. Çünki bu, elə bir bəladır, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir”,- deməklə xalqın vəziyyətini sona qədər anladığını açıq şəkildə bəyan etdi.

Bunu səhiyyəyə məsul olan şəxslər niyə deməsin ki? Bəs Prezidentin köməkçisi Hikmət Hacıyev nədən vətəndaşların da yoluxma sayının azalmasında məsuliyyətli olduqlarını, infeksiyanın yayılmaması üçün təmkin və səbr göstərdiklərini deyir, onlara təşəkkür edir, amma TƏBİB-çilər demir? Çünki Hikmət Hacıyev həqiqəti görür, insanların nə qədər çalışdıqlarını qiymətləndirir və Prezidentin köməkçisi olaraq, özündə məsuliyyət hiss edir, yaxşıya yaxşı deyir, bir sözlə, Prezidentin iradəsini cəmiyyətə çatdırır. TƏBİB rəhbərliyi isə insanları payızla qorxudur. Əhalini təşvişə salmaq, onsuz da zəifləmiş immunitet bir də belə bəyanatlalarla zəiflətməyə nə hacət? Guya kimsə xəbər oxumur, yaxud məsələn, Almaniyada ikinci dalğanın başlamasından və daha zəif olmasından xəbərsizik? TƏBİB rəhbəri bir zamanlar yaxşı danışırdı, bu yaxşı seçilən ifadələrə başımız o qədər qarışdı ki, adamı özlüyümüzdə hətta Səhiyyə naziri kreslosuna da oturtduq və bir də onda ayıldıq ki, bu yaxşı-yaxşı cümlələri düz 6 aydır karantində dinləyirik. Amma bircə dəfə də olsun, “yaxşı danışan oğlan” imici qazanan Ramin Bayramlı demədi ki, bəlkə mənə qulaq asanlar da pis adam deyil? Onlara da bu qədər stress yaşatmaq olmaz.

Demədi, çünki 17 iyulda verilən testin cavabı 5 avqustda veriləndə bunu etmək o qədər də asan deyil…
Elnarə Kərimova
Cebhe.info


Oxunma sayı: 7305