hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

“Yurd”dan sıçrayan avtoritarizm: Əli Kərimli nümunəsi, İlqar Məmmədovun gedişi

“Yurd”dan sıçrayan avtoritarizm: Əli Kərimli nümunəsi, İlqar Məmmədovun gedişi

Sözdə “demokratik dəyərlərdən”, “alternativ əsasda azad seçkilərdən” danışan siyasi liderlər bəzən əməldə bunun əksini nümayiş etdirirlər.  

Qəribədir ki, rəhbərlik etdikləri partiyalarda avtoritarizmə meyl edən, tərəfdar yox, trol ordusu saxlamağa çalışan “demokrat”lar müxalifət düşərgəsinin liderliyinə iddialıdırlar. Bu təcrübənin əsasını qoyanlardan birincisi zahirən demokrat, düşüncə etibarilə avtoritar olan “Yurd” qrupunun sədri Əli Kərimlidir. Mövcud iqtidarı qeyri-demokratik adlandıran Əli Kərimlinin özü 20 ilə yaxındır ki, öz kreslosunu heç kimə vermək istəmir. Hətta qurultaylarda belə sədr seçkisinə alternativsiz getməyə üstünlük verir və hər dəfə  özünü 100 faiz səslə qalib elan etdirir.

Bu cür avtoritar zehniyyətlə idarəetmənin nəticəsidir ki, bu gün “Yurd” dağılma mərhələsini yaşayır. Əli Kərimlinin ətrafında həqiqi ideya daşıyıcıları deyil, çoxu muzdlu olan trol dəstəsi qalıb. Əli Kərimlinin tərəfdarları belə onu zaman-zaman partiyada avtoritar rejim yaratmaqda ittiham edib. “Əli Kərimlinin diktəsindən kənar söz demək olmaz”, “Onun fikirlərinə etiraz etmək mümkün deyil”, “Əli Kərimli tənqidə, fərqli fikrə dözümsüzdür”, “Əli Kərimliyə alternativ olmaq olmaz” və sair kimi arqumentlər də məhz onun ətrafının səsləndirdiyi fikirlərdir. Bu fikirlərin özü belə Əli Kərimlinin nə qədər “demokrat” olduğunun bariz göstəricisidir.

Təəssüfedici haldır ki, Əli Kərimlinin yaratdığı bu sistem digər təşkilatlara da sirayət etməyə başlayıb. Son günlər ReAl Partiyasında baş verən hadisələr bu cür düşünməyə əsas verir.

Ötən gün İlqar Məmmədovun rəhbərlik etdiyi  ReAl Partiyası Məclisinin sədri Azər Qasımlı canlı yayımda partiya sıralarından istefa verdiyini bildirib. O, deyib ki, buna səbəb  ReAL-da avtoritar rejimin qurulmasıdır. 

“İstəyirdim ki, ReAl iki hissəyə bölünməsin. Bu prosesin qarşısını almaq istədim. ReAL-da avtoritar rejim qurulub. Kollektiv qərarvermə ciddi zədələnib. Mən ReAl ailəsindən yox, İlqar Məmmədovun partiyasından gedirəm. Hesab edirəm ki, adamın partiyası yox, partiyasının adamı olmalıdır”- A.Qasımlı belə deyib.

Qeyd edək  ki, Azər Qasımlının istefasından əvvəl ReAl sədrinin müavini Erkin Qədirli sosial şəbəkələrdə partiyanın yeni qurultaya getdiyini açıqlamışdı: "ReAl Məclisinin qərarına görə ReAl-ın hazırki idarəetmə qurumlarından ikisi (Məclis və İdarə Heyəti) buraxıldı. Partiya yeni qurultaya gedir. Qurultaya qədər partiyanı Sədr (təkbaşına) idarə edəcək. Yeni qurultayda yeni nizamnamə qəbul olunacaq".

Bəzi məlumatlara görə, Azər Qasımlının partiyadan getməsinin səbəbi İlqar Məmmədovla arasında yaranan fikir ayrılığı olub. Digər məlumatlara görə isə fikir ayrılığına səbəb Azər Qasımlının qurultayda İlqar Məmmədova alternativ olmaq niyyəti ilə bağlıdır.

Göründüyü kimi bir sıra müxalifət pariyalarında idarəetmə böhranı yaşanır. Partiyalar sanki avtoritarizm idarəetmə sisteminə və ömürlük sədr prinsipinə keçid edib.

Görünən odur ki, ömürlük sədr, avtoritar idarəçilik prinsipi isə müxalifət partiyalarının əksəriyyətinin ortaq nöqtəsidir.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1123