hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Yurd” sədrindən boykot etirafı: Əli Kərimli müxalifəti yenə “qaranlıq tunelə” aparır

“Yurd” sədrindən boykot etirafı: Əli Kərimli müxalifəti yenə “qaranlıq tunelə” aparır

2020-ci il fevralın 9-na təyin olunan növbədənkənar parlament seçkiləri cəmiyyətdə siyasi aktivlik yaradıb.

Seçkiyə hazırlaşan siyasi partiyalar kifayət qədər fəallıq nümayiş etdirir. Artıq bir çox partiyalar seçkidə iştirakla bağlı qərar qəbul edib və namizədlərini müəyyənləşdirməyə başlayıb. Radikal müxalifətin təmsilçisi Milli Şura isə seçkiyə getmir. Hazırda Milli Şurada təmsil olunan siyasi qüvvələr dəfələrlə ölkədə keçirilən seçkiləri boykot edib. 

Amma özlərinin də etiraf etdiyi kimi, boykot qərarı bu günə qədər heç bir effekt verməyib, əksinə, elektoratın ciddi şəkildə azalmasına səbəb olub. “Yurd” sədri Əli Kərimlinin mövqeyini ifadə edən Milli Şuranın boykot qərarı bu dəfə də özünün əleyhinə işləyəcək. Boykot qərarının cəmiyyədə nəyisə müsbətə doğru dəyişəcəyinə inanmaq, ümid etmək sadəlövhlükdən başqa bir şey deyil. Digər tərəfdən, Əli Kərimli özü də etiraf edib ki, boykot heç bir nəticə verməyəcək.

Əgər “Yurd” sədri özü də bunu etiraf edirsə, o zaman niyə seçkini boykot edir?

Əslində, bunun səbəbi bəllidir. Əli Kərimli parlamentə seçilə bilməyəcəyini əvvəlcədən bilirdi. O, bir müddət əvvəl seçkidə iştirakla bağlı bir sıra şərtlər irəli sürmüş və bu şərtlərin təmin olunacağı halda, seçkiyə qatılacağını bəyan etmişdi. Bu şərtlər isə əslində, məsələnin görünən tərəfi idi. Əli Kərimli bu gedişlə deputat seçilməsinin təminatını almaq istəyirdi. Təminatı ala bilmədiyi üçün isə seçkini boykot etmək, bu yolla hakimiyyətə təzyiq göstərmək qərarını verdi. Bu təzyiq vasitəsi isə hazırkı dövrdə artıq effekt vermir. 

Boykot qərarı o halda effekt verir ki, seçkinin taleyi kvorumla həll edilsin. Lakin hazırki seçki qanunvericiliyində kvorum məsələsi yoxdur və seçicilərin prosesdə hansı sayda iştirak etməsindən asılı olmayaraq, seçki legitim hesab olunur. Bu da boykotun qanunvericilik baxımından belə effektsiz olduğunu göstərir. Milli Şuranın bəyanatında seçkidə iştirak üçün lazımi şərtlərin olmadığı göstərilir. Təbii olaraq belə bir sual yaranır: Əli Kərimli Milli Məclisin I və II çağırış deputatı olub, III və IV çağırış parlament seçkilərində isə iştirak edərək seçkini məğlub başa vurub. Bundan əlavə Milli Şura 2013-cü il prezident seçkilərində iştirak edib. O zamankı şərtlər indikindən nə ilə fərqlənir? Təbii ki, seçki şərtləri dəyişməyib və Əli Kərimli seçkiyə seçilməmək qorxusuna görə qatılmamaq qərarı alıb.Digər tərəfdən Əli Kərimlinin müxalifət partiyalarına çağırışı da cavabsız qalıb. Milli Şuranın bəyanatında müxalifət partiyalarına seçkilərdən çəkinmək təklif olunur: “Milli Şura ölkənin bütün demokratik qüvvələrini bu qeyri-legitim prosesdə iştirakdan çəkinməyə, milli iradənin ortaya qoyulması ilə ölkədə demokratik dəyişikliklərin önünü açmaq üçün mübarizədə əməkdaşlığa və birgəliyə çağırır”. Müxalifət isə “Yurd” sədrinin dili ilə Milli Şuranın etdiyi çağırışına bu cür cavab verdi: Müsavat, Ümid, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Respublikaçı Alternativ (ReAl), Azərbaycan Milli İstiqlal, Ağ Partiya, Azərbaycan Demokrat Partiyası, Vətəndaş Həmrəyliyi və digər partiyalar növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar açıqladı.

Göründüyü kimi, müxalifət seçkiyə getməkdə qərarlıdır və uğur qazanmağın yeganə yolunun seçkidən keçdiyini bilir. Müxalifət bu gün zamanında seçkidən kənarda qalmağın, qeyri-rasional qərarların “cəriməsini ödəyir”. Heç bir uğur əldə etmədən 30 illik müxalifət olmaq, liderlik iddiasına düşmək artıq kiminsə diqqətini cəlb etmir. Artıq vətəndaşlar nəticə istəyir, səbəb göstərməyə istinad nöqtəsi axtarır. Həmin istinad nöqtəsini xalqa verməyən müxalifətin verdiyi boykot qərarı isə mətbuat üçün adi bir xəbərdir. 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə açıqlamasında Milli Şuranın düzgün yolda olmadığını deyib: “Hesab edirəm ki, Milli Şura düzgün yolda deyil. Əksinə, Milli Şuranı seçkiyə qatılmağa dəvət edirəm. Boykot etməklə nəyə nail olacağıq? Tutaq ki, biz dövlət orqanlarının qeyri-legitimliyini sübut etməyə çalışır. Faktiki olaraq bundan Azərbaycanın maraqlarına zidd olan qüvvələr istifadə edir. Ya Rusiya Azərbaycanı hansısa təsir altında saxlayır, ya da Avropa, senatorlar, konqresmenlər gəlib rüşvət alıb gedir. 30 ildir eyni siyasət davam edir. Düşünürəm ki, boykotdan imtina etmək lazımdır. Ən vacibi isə odur ki, Azərbaycanda bu günə qədər demokratiyanın bir prinsipi tətbiq olunub, o da çoxluğun hakimiyyətidir.

Halbuki demokratiyanın ikinci, ən mühüm prinsipi də konsensiumdur. İqtidarla milli maraqlar çərçivəsində bu yolu tutub siyasi həyatda iştirak etməliyik. Bu konsensium nə qədər ki, yoxdur, iqtidarın da, müxalifətin də apardığı siyasət xalqın mənafeyinə zidd olur. Boykot yolunu tutmaq yox, hökumətlə razılaşmaq lazımdır. Ölkədə müxalifətin siyasi sistemdə inteqrasiyasına nail olmalıyıq. Addım-addım irəli getməliyik. Onsuz da ABŞ dünyada fazalı demokratiyaya dəstək verir. Ona görə də inqilabi dəyişikliklər istəmək, hakimiyyət tam şəkildə getsin başqası gəlsin kimi məsələləri onsuz da dünya qəbul etmir. Bütün bunları bilə-bilə yenidən Milli Şura bu cür radikal mövqeyi nümyiş etdirirsə, guya milli maraqlara uyğun qərar kimi də bunu ortalığa qoymağı yanlış hesab edirəm. Milli Şuraya isə məsləhət görürəm ki, seçkilərdə iştirak etsinlər”. 

Ağ Partiyanın sədri Tural Abbaslı da boykotu “mənasız qərar” adlandırıb: “Boykotun hər zaman əleyhinə olmuşam. Boykotun heç bir təsiri olmadığını demişəm. Hüquqi baxımdan da boykotun heç bir effekti yoxdur. Siyasi-mənəvi baxımdan bir qədər mənası qalır ki, mexalifətin iştirak etmədiyi seçkiyə xalq və beynəlxalq aləm qeyri-legitim kimi baxa bilər. Amma biz bu günə qədər xalqın bu məsələyə fərqli münasibətini görməmişik, xalq parlamentin legitimliyini hər zaman qəbul edib, onların qanunlarına tabe olub, beynəlxalq aləm də mövcud parlamentlə hər zaman işləyib. Odur ki, boykotun heç bir mənası yoxdur. Digər tərəfdən nəzərə alsaq ki, seçki məcəlləsi artıq 15 ildir eynidir. İndiyə qədər seçkilərdə iştirak edib indi etməməyin də heç bir mənası görünmür. Nə dəyişib ki, 2013-cü ildə eyni məcəllənin qüvvədə olduğu seçkidə iştirak edirsən, amma 2020-ci ildə etmirsən? Əksinə, indi sosial şəbəkələr daha geniş imkanlar yaradıb. Hesab edirəm ki, boykot addımı hər kəs mənim dediyimlə oturub-dursun, gündəmi mən müəyyən edirəm iddiası ilə atılıb. Çox güman ki, həm də özlərinin perspektivsizliyinə görə boykot qərarı veriblər. Biz də heç vaxt kiminsə çağırışları ilə addım atmırıq, atmarıq da”.

Göründüyü kimi, Əli Kərimlinin boykot qərarının gücü cəmiyyəti ruhdan salmaq, insanları ümidsizləşdirməkdən başqa bir işə yaramayacaq.

Vilayət Muxtar

Cebhe.info


Oxunma sayı: 3818