hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

“Yurd”un seçki və boykot iflası

“Yurd”un seçki və boykot iflası

Müsavat Partiyasının qərargahında növbədənkənar parlament seçkiləri ilə bağlı müxalifət nümayəndələrinin iştirakı ilə müzakirə keçirilib.

Müzakirədə Müsavat başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər,  ReAL sədrinin müavini Natiq Cəfərli, sabiq səhiyyə naziri Əli İnsanov, AXP sədri Pənah Hüseyn, "Turan" İA-nın rəhbəri Mehman Əliyev və digər şəxslər iştirak ediblər. Müzakirəyə Milli Şuranın sədri Cəmil Həsənli və faktiki rəhbəri Əli Kərimli qatılmayıb. Əli Kərimlinin rəhbərlik etdiyi "Yurd" təşkilatını, eyni zamanda Milli Şuranı Seymur Həzi təmsil edib.  Müzakirənin nəticəsi olaraq qərar alınıb ki, ümumən müxalifətin vahid qərarının qəbulu istiqamətində diskussiya davam etdirilsin. Arif Hacılı bildirib ki, ya birlikdə seçkidə iştirak, ya da boykot qərarı qəbul olunması üçün müzakirələr həftənin sonuna kimi aparılacaq. 

Müsavatın sabiq başqanı İsa Qəmbər isə növbədənkənar parlament seçkisində iştirakın tərəfdarıdır.  “Seçkidə iştirak mənə daha faydalı və düzgün qərar kimi görünür. İndi dəyişən aydın mənzərə var. Sosial şəbəkə, intenet televiziyalar, başqa imkanlar var”,-deyə İsa Qəmbər bildirib.

Toplantıda vahid fikrə gəlinməyib. Lakin əsas nəticə kimi görünən budur ki, müxalifətdə heç də hamı boykot haqqında düşünmür. 

Müzakirəyə qatılmayan müxalifət təmsilçilərinin isə mövqeyi birmənalıdır və onlar seçkidə iştirak edəcəklərini bəyanlayıblar. AXCP sədri Razi Nurullayev, ADP sədri Sərdar Cəlaloğlu, “Ümid” Partiyasının sədri İqbal Ağazadə, AMİP seçkidə iştirak qərarı verib. Eyni zamanda, VİP sədri Əli Əliyevin də seçkidə iştirakı gözlənilir. 

Müsavatın mövqeyi də məhz müzakirəyə qatılmayan müxalifətlə üst-üstə düşür. Arif Hacılının ehtiyatlı davranmasına baxmayaraq, sabiq başqan İsa Qəmbər artıq öz düşüncəsini iştirakçılar və ictimaiyyətlə bölüşüb. Belə ki, Müsavat seçkidə iştirak etmək istəyir. ReAL Partiyası da zatən seçkilərdə iştiraka hazırdır və qurumun sədri İlqar Məmmədov həbsxanadan çıxandan sonra hər zaman seçkidə iştirakın tərəfdarı olduğunu bəyan edib. 

Ümumi nəticə budur ki, müxalifət düşərgəsindəki əksər partiyalar seçkidə iştiraka həvəsli görünür. Bircə Milli Şura tərəddüd edir. Təşkilatın seçkilərə münasibəti özündə ehtiva edən bəyanatında deyilir:  “Milli Şura təcili şəkildə, indiki Milli Məclis buraxılmadan ən vacib seçki islahatları həyata keçirilməsini və ölkədə minimum da olsa, seçki mühiti yaradılmasını tələb edir”.

Qurum həmçinin “siyasi məhbus” sayılan şəxslərin azad edilməlisini istəyir. Əks halda, seçkilərdə iştirak etməyəcəyini bildirib.

Əli Kərimlinin internet televiziyalarına son açıqlaması isə göstərir ki, Milli Şuranın faktiki rəhbəri və “Yurd” sədri seçkidə iştiraka həvəslidir, sadəcə, siyasi bazarlğa getmək, özünə və bir neçə Milli Şura təmsilçisinə mandat sığortalamaq istəyir. Lakin hazırda hakimiyyət düşərgəsində də durum əvvəlki kimi deyil. Hakimiyyət sosial iqtisadi islahatlardan sonra siyasi islahatları sürətləndirmək qərarına gəlib. Son siyasi qərarlar göstərir ki, hakimiyyət geridönməz islahatlar xəttinə daxil olub.

“Yurd” üçün siyasi bazarlıqlar dövrü keçmişdə qalıb. Məşhur ifadədə deyildiyi kimi, təklif var, israr yoxdur. Ona görə də böyük ehtimalla “Yurd” seçkilərdə iştirak etməmək qərarı verəcək. Əli Kərimlinin Müsavatdakı toplantıya qatılmamasının səbəbi də budur. “Yurd” lideri özünü gələcək ittihamlardan qorumaq üçün bu toplantıya qatılmamışdı. 

Hadisələrin gedişi göstərir ki, proses “Yurd”un istəyi ilə getməyəcək. Yəni Əli Kərimli əvvəlki dönəmlərdən fərqli olaraq, özü və ətrafındakı bir neçə nəfər üçün mandat sığortalaya bilməyəcək və Milli Şura boykot qərarı verəcək. Bundan sonra “Yurd”un bütün trolları seçkiyə qatılanları ittiham hədəfinə çevirəcək. Lakin qatar artıq gedib. Ölkənin əsas və aparıcı siyasi təşkilatlarının seçkiyə qatılacağı proqnozlaşdırılır. Buna görə də təklənmiş “Yurd”un prosesə mane ola bilməyəcəyi hər kəsə aydındır. Necə deyərlər, “Yurd”un seçkidə iştirakı da, boykot qərarı da bəribaşdan iflasdır.

Aydın
Cebhe.info


Oxunma sayı: 1816