hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

“Zənci baharı” Trampın sonunu gətirir: Güc prezidentin əlini zəiflətdi

“Zənci baharı” Trampın sonunu gətirir: Güc prezidentin əlini zəiflətdi

ABŞ-da qaradərili Corc Floydun öldürülməsinə etiraz olaraq başlayan etirazlar siyasi müstəviyə transfer edir.

Polis və vətəndaşlar arasında baş verən toqquşmaların genişlənməsi Prezident Donald Trampa qarşı ittihamların artması ilə müşahidə olunur. Buna səbəb isə Ağ Evin rəhbərinin aksiyanın zorakılıqla dağıtmaq əmrini verməsidir. ABŞ prezidenti son günlər ərzində yaranmış narazılığın qarşısını almaq üçün yalnız güc tətbiq etmək üsulundan istifadə edib və hər hansı kompromisə getməyib. Bu isə ölkədə qarşıdurmaların digər ştatlara yayılmasına səbəb olub. Hətta Britaniyada da ABŞ-da qaradərili insanın zorakılıqla öldürülməsinə görə etirazlar başlayıb. Trampın iğtişaşların qarşısını almaq üçün 17 ştatda və 25 şəhərdə komendant saatı elan etməsi belə vəziyyəti sabitləşdirməyib. Los-Ancelesdə polis dinc nümayiş iştirakçılarına rezin güllələrdən atəş açıb. Lusvelldə CNN-in müxbirini rezin güllə ilə vurub. Nyu-Yorkun müxtəlif yerlərində polis avtomobili kütlənin üzərinə sürüb. Etirazçıları atların ayaqları altında tapdalayıblar.

Minnesota, Ohayo, Corciya, Ohayo, Kolorado, Deniver, Yuto, Kentukti, Lusivil ştatlarına və Kolumbiya dairəsinə Milli Qvardiyanın qüvvələri yeridilib. Nyu-York, Kolumbiya, Çikaqo, Pitsburq , Atlanta, Los-Anceles kimi böyük şəhərlərdə polis, Milli Qvardiya və etirazçılar arasında toqquşmalar davam edir. Həm polis, həm də aksiya iştirakçıları arasında çoxsaylı xəsarət alanlar var. Bir sıra jurnalistlərin də xəsarət aldğı bildirilir. Nyu-Yorkda Məxfi Xidmət İdarəsinin avtomobili yandırılıb. İğtişaşlar zamanı dörd mindən artıq insan saxlanılıb.

Hətta hadisələr Prezident Trampın təhlükəsizlik bunkerində gizlənməsi həddinə qədər çatıb. Xüsusi xidmət orqanlarıının nümayəndələri Trampı yeraltı sığınacağa aparıb. Bu bunker terror hücumlarından qorunmaq üçün nəzərdə tutulub. Ağ Evin qarşısına toplaşan nümayişçilər prezidentin ünvanına şüarlar səsləndirib. Onlar binaya butılka və digər əşyalar atıb.

Qarşıdurmalara yalnız zəncilərin deyil, həm də ağdərili vətəndaşların qoşulması, eyni zamanda Demokratlar Partiyasından olan siyasətçilərin aksiyalara dəstək verməsi prosesləri siyasi rəng almasına səbəb olub. Artıq ABŞ-da proseslər polis zorakılığına etiraz müstəvisindən çıxaraq Donald Trampın özünə və idarəçilik sisteminə qarşı yönəlib. Yaxın günlərdə ABŞ-da vəziyyət sabitləşməsə, ölkədə baş verən hadisələr Trampın hakimiyyəti üçün ciddi təhlükə yarada bilər. Yəni Trampın istefası ilə bağlı səslənən şüarlar prezident seçkiləri öncəsi onun mövqelərinə ciddi zərbə vura bilər. Son günlər ABŞ-da baş verənlər birmənalı şəkildə Demokratlar Partiyasının və prezidentliyə namizəd Co Baydenin mövqelərini gücləndirir. Artıq prezidentliyə Demokratlar Partiyasının sabiq namizədi, Kaliforniya ştatından senator Kamala Harris aksiyalara qoşulub.Qeyd edək ki, xanım Harris praymerizdə öz namizədliyini Co Baydenin xeyrinə götürüb. Nüfuzlu senatorun son hadisələrə dəstək verməsi respublikaçıların elektoratının güclü olduğu Kalifornaiyada prezident seçkiləri zamanı seçici balansını Baydenin xeyrinə dəyişə bilər.

Bu baxımdan, Nyu-Yorkun meri Bill de-Blazionun qızı Çiara de-Blazionun etirazlarda iştirak etməsi və həbs olunması da diqqəti cəlb edir. Bill de-Blazio ötən il Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürsə də sonradan Co Baydenin xeyrinə geri çəkildi. İndi merin qızının Nyu-Yorkdakı nümayişlərdə fəal iştirakı demokratların seçkilər öncəsi protest elektorat arasında mövqelərini möhkəmləndirə biləcək bir addımdır.

Ümumiyyətlə, Co Baydenin əsas tərəfdarları afroamerikalılar sayılır. Qaradərili Corc Floydun öldürülməsi seçkilərdə Trampa səs verə biləcək və ya tərəddüd edən afroamerikalıların da Baydenə səs verməsi ilə nəticələnə bilər. Çox güman ki, Konqresdəki demokratlar qanunverici orqan səviyyəsində Trampa qarşı zorakılıq, səlahiyyət həddini aşma və digər ittihamlar üzrə təzyiqləri həyata keçirməyə çalışacaq. Bütün hallarda baş verənlər Donald Trampın seçkilərdə qalib gəlmək ehtimalını azaldır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, ABŞ-da etirazların güc tətbiqi ilə yatırmaq cəhdi prezident seçkilərinin nəticələrinə təsirsiz ötüşməyəcək:

“Vaxtaşırı ABŞ-da qaradərililərə qarşı zorakılıq halları baş verir. Bir neçə il öncə də polis qaradərili vətəndaşı həbs edərkən onu boğmuşdu və o nəfəs ala bilmədiyini demişdi. İndi də eyni hadisə baş verib. Corc Floyd nəfəs ala bilmədiyini deyərək ölüb. Ona görə də etirazlar və mitinqlər ABŞ-da yəqin ki, bir müddət davam edəcək. Maraqlıdır ki, bu proseslər ilk dəfə Avropaya da yayılıb. Mən düşünürəm ki, bu hadisələrin Trampın reytinqinə təsiri mümkündür. Çünki Tramp qeyri-adekvat qərarlar, açıqlamalar verməyə başladı. O, polisə aksiyaları zorakılıqla dağıtmağı əmr etdi. Dinc insanlara qarşı tətbiq edilən qəddar münasibət Trampın reytinqinə düşməsinə gətirib çıxara bilər. 2016-cı ildə Trampın prezident seçilməsində rolu olan afroamerikalılar indi bu dəstəyi ona verməyəcəklər. Koronavirus pandemiyasının ABŞ-da yayılması da Trampın reyitinqinə zərbə vurub. 1 milyon insan virusa yoluxub, 106 min nəfəri ötüb. Halbuki ABŞ prezidenti koronavirusun yalan olduğunu və heç kimin yoluxmayacağını söyləmişdi. Lakin onun sözləri yalan çıxdı. Trampın əsas rəqibi olan Co Bayden artıq bu hadisələrdən öz siyasi məqsədi üçün istifadə etməyə başlayıb. Bayden Trampın polisə verdiyi əmrləri tənqid edib. Əgər bu hadisələr olmasa idi, 2020-ci ilin ilin əvvəlində Trampın yenidən prezident seçiləcəyini əminliklə söyləmək olardı. Çünki Tramp iqtisadiyyatda uğurlu nəticələr əldə etmiş, çoxsaylı iş yerlərinin açılmasına nail olmuşdu. Lakin bunların hamısı itirildi. Doğrudur, pandemiya Trampdan asılı olan problem deyil. Buna baxmayaraq, iqtisadiyyatda yaranmış resessiya 30 milyondan artıq insanın işsiz qalması ilə nəticələnib. Bu da Trampın reytinqinə mənfi təsir göstərəcək. Ona görə də Bayden noyabr ayına qədər Trampın səhvlərindən öz siyasi məqsədləri üçün faydalanmağa çalışacaq”.

Qeyd edək ki, ABŞ-ın eks-prezidenti Barak Obama iğtişaşların baş verməsində Rusiyanın əli olduğunu bildirib. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr və Təhlükəsizik Komitəsinin sədri Konstantin Kosaçev isə Obamanın açıqlamasını təkzib edib.

Elxan Şahinoğlunun fikrincə, Barak Obama Rusiya məsələsini gündəmə gətirməklə diqqəti yenidən Trampın Rusiya ilə əlaqələrinin olması barədə ittihamlar yönəltmək istəyir. Politoloq əlavə etdi ki, “Böyük yeddilər”-in ABŞ-da keçiriləcək sammitinə Rusiya Prezidenti Putinin dəvət edilməsi də seçkilər öncəsi Trampın reytinqinə mənfi təsir gəstərə bilər.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 14994