hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

“Rus NATO”-sunda düzəni dəyişəcək GEDİŞ

“Rus NATO”-sunda düzəni dəyişəcək GEDİŞ

Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyə qayıda və Avrasiya İqtisadi Birliyinə daxil ola bilər. Bu barədə “Realist” İA Rusiya ordusundakı yüksək səviyyəli mənbəyə istinadən məlumat yayıb.

“Qazaxıstan prezidenti Nursultan Nazarbayevin vasitəçiliyi və Rusiya və Özbəkistan liderlərinin xoş niyyəti sayəsində Daşkənd KTMT-yə qayıda və Avrasiya İqtisadi Birliyinin üzvü ola bilər. 

Özbəkistanın təhlükəsizliyinin möhkəmləndirilməsi və Rusiya ilə iqtisadi əlaqələrin inkişafı istiqamətində Vladimir Putinlə Şövkət Mirziyoyevin konstruktiv münasibətləri yaranıb.Bunun üçün Rusiya tərəfindən zəruri iqtisadi və hərbi-texniki tədbirlər həyata keçirlir.Mən əminəm ki, Özbəkistanla inteqrasiyadan bütün keçmiş SSRİ ölkələri uğur əldə edəcək”-deyə adının çəkilməsini istəməyən mənbə bildirib.

Xatırladaq ki, Özbəkistan 2012-ci ildə KTMT-nin Əfqanıstanla bağlı planları ilə razılaşmadığı üçün qurumu tərk edib.Həmin vaxt Özbəkistan Kabil ilə ikitərəfli əməkdaşlığa üstünlük verirdi.Bundan başqa, Özbəkistan 2008-ci ilin noyabr ayında Özbəkistan Avrasiya İqtisadi Cəmiyyətində fəaliyyətini dayandırıb.2016-cı ildə Şövkət Mirziyoyevin prezident seçilməsindən sonra Özbəkistan əsasən balanslaşdırılmış xarici siyasət kursuna üstünlük verir.Rusiya isə Özbəkistanın KTMT-yə və AİB-ə daxil olmasında maraqlıdır.Bu, Kremlə Özbəkistan-Əfqanıstan sərhəddində hərbi bazalarını yerləşdirməyə və Mərkəzi Asiya bazarında öz təsir imkanlarını genişləndirmək imkanı yarada bilər.

Lakin Özbəkistana Rusiya ilə yanaşı, ABŞ da böyük maraq göstərir. 2018-ci ilin may ayında Ağ Evə rəsmi səfər edən Şövkət Mirziyoyev ABŞ prezidenti Donald Trampla görüşüb. İkitərəfli razılaşmaya əsasən ABŞ silahlı qüvvələrinə məxsus hərbi yüklər Özbəkistan üzərindən Əfqanıstana daşınmalıdır.Hazırda ABŞ-ın ən iri şirkətləri Özbəkistanın maşınqayırma sənayesində investor kimi çıxış edir.Bu da Özbəkistanın geostrateji əhəmiyyətini artırır.Ona görə də, Özbəkistanın KTMT-yə və AİB-ə daxil olmasına təbii ki, ABŞ biganə qalmayacaq.Özbəkistan üzərində Rusiya ilə ABŞ arasında dərin geostrateji rəqabət başlana bilər.

Qeyd edilən məlumatı şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, rəsmi Daşkəndin belə bir addım atacağı inandırıcı görünmür. Digər tərəfdən, KTMT Özbəkistanın təhlükəsizliyini təmin edə bilməz:

“KTMT-yə daxil olan ölkələr təhlükəsizliyi təmin etmək məqsədi ilə deyil, qorxudan Rusiyanın ətrafına cəmləşib. Üzv ölkələr ABŞ-dan deyil, Rusiyadan qorxur.Özbəkistanın hazırkı rəhbərliyi daha mütərəqqi, düşünülmüş siyasət yürüdür.Ona görə də, prezident Mirziyoyevin belə bir addım atacağı inandırıcı görünmür. Əgər Özbəkistan KTMT-yə və AİB-ə daxil olarsa, bu Rusiyanın təhdidləri nəticəsində mümkün ola bilər. Bu məlumatın Rusiya ordusunun məmurunun adından yayılması da təxribat ola bilər. Həmin təşkilatlara daxil olmaq Özbəkistan üçün çox təhlükəlidir.Özbəkistanın da belə bir qərar qəbul edəcəyi real görünmür”.

İlham İsmayıl onu da bildirdi ki, KTMT Əfqanıstandan gələn terror təhlükəsinin qarşısnı almaq qüdrətində deyil.Özbəkistan öz təhlükəsizliyini təmin etmık üçün KTMT -dən uzaq dayanmağı prioritet seçəcək.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1388