hava haqqindaBakı
Bu gün +9 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0223
  • EURO - 1.9506
  • NEFT - 79.24
  • clouds-weather

Lirə dəyərsiz, Ərdoğan qətiyyətli: Türkiyə iqtisadiyyatını nə gözləyir?

Lirə dəyərsiz, Ərdoğan qətiyyətli: Türkiyə iqtisadiyyatını nə gözləyir?

“Türkiyə maliyyə bazarlarında təhdidlərdən qorxub çəkinməyəcək”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı cari ilin sonu iqtisadi artım gözləntisini açıqlayıb.

O, həmçinin ölkədəki hazırki iqtisadi vəziyyəti şərh edərək, Türkiyə iqtisadiyyatının kifayət qədər güclü olduğunu və mövcud təhdidlər qarşısında hökumətin öz iqtisadi siyasətindən əl çəkməyəcəyini bəyan edib.

“Bizim proqnozumuz ən azı 10%-dir, amma daha yüksək ola bilər. Faiz - səbəb, inflyasiya - nəticədir. Hazırda faizi aşağı salırıq və inflyasiyanın da azaldığını görəcəyik. İki mühüm dəstək paketi hazırladıq.

Xarici sərmayəçilər üçün uzunmüddətli investisiyaların zamanıdır. Türkiyədə uzunmüddətli investisiyalar edənlər həmişə qazanıb, bundan sonra da qazanacaqlar. Biz ixracatda çox yaxşı vəziyyətdəyik. Hazırda 215-220 milyard dollara çatmışıq. İlin sonuna qədər bu rəqəm 220-ni keçəcək. Bunlar Türkiyənin ixracat rekordlarıdır. Bizim real iqtisadiyyatımız bu təhlükələri tamamilə aradan qaldıracaq gücə və imkana malikdir”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, türk lirəsinin ABŞ dolları qarşısında kəskin dəyər itirməsindən sonra Türkiyə hökuməti bunun qarşısını almaq üçün hərəkətə keçib.

Rəcəb Tayyib Ərdoğan baş verənləri “lirə oyunu” adlandırmış və ölkəsinin bu vəziyyətdən çıxacağını bəyan etmişdi. Hazırda Türkiyə hakimiyyətinin bu böhrandan xilas olmaqla bağlı çox ciddi addımlar atdığını müşahidə edirik.

Bəs Türkiyə iqtisadiyyatını bundan sonra nə gözləyir?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-alim Fuad İbrahimov bildirib ki, bu il bütün dünya iqtisadiyyatında inflyasiya çox yüksək səviyyədə oldu:

“Şübhəsiz ki, bu da pandemiyanın təsirləri nəticəsində baş vermiş hadisədir. Adətən inflyasiya baş verdikdə mütləq şəkildə uçot dərəcələri qaldırılır.

Yəni bu, iqtisadi bir tələbdir. Belə olan halda isə biznes aktivliyi azalır, amma inflyasiyanın artım səviyyəsi məhdudlaşır. Əksinə, belə hallarda uçot dərəcələri aşağı düşdükdə biznes aktivliyi artır. Eyni zamanda, inflyasiya həddi də pararlel olaraq artmağa başlayır. Yəni 1-2 faiz uçot dərəcəsi azalmaqla problem həll olmayacaq.

Ona görə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki çıxışı zamanı dedi ki, “biz faiz bəlasından xalqı qurataracağıq”.

Bu isə o deməkdir ki, Türkiyənin bank sistemlərində faiz dərəcələri sıfırlana bilər. Həmçinin, bu, müqəddəs İslam dəyərlərinin də tələbidir. Ümumiyyətlə, bu gün Türkiyə faiz dərəcəsindən xilas olmaq siyasəti yürüdür. Lakin hazırda türk iqtisadiyyatı buna hazır deyil. Çünki ölkənin iqtisadiyyatının bir çox sahələri idxal amilindən asılıdır. Hesab edirəm ki, bu gün faziləri sıfırlamaq birbaşa o qəbildən olan malların qiymətinin artmasına gətirib çıxaracaq”.

Fuad İbrahimov qeyd edib ki, Türkiyənin kifayət qədər xarici borcunun olduğunu da nəzərə almaq lazımdır:

“Hansı ki, onun da yarısı bankların və özəl sektordakı şirkətlərin payına düşür. Yəni faiz dərəcəsinin sıfırlanması onların da yük altında qalmasına səbəb olacaq. Qeyd etmək lazımdır ki, Türkiyə hakimiyyəti çox arxayın və israrlı bir şəkildə öz siyasətini müdafiə edir.

Lakin nəzəri cəhətdən bu addım iqtisadiyyatda şok effekti yarada və ya bazar fiaskosuna səbəb ola bilər. Proqnozlara görə, lirə daha da ucuzlaşmağa doğru gedəcək. Bu isə öz növbəsində ölkə ərazisinə idxal olan məhsulların qiymətinə mənfi təsir göstərəcək”.

Elmir
Cebhe.info


Oxunma sayı: 3763