hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Liviya düyünü: Putin və Ərdoğanı rəqibə çevirəcək?

Liviya düyünü: Putin və Ərdoğanı rəqibə çevirəcək?

Türkiyənin Liviyaya qoşun göndərməsi beynəlxalq səviyyədə də ciddi narahatlıq yaradıb. 

Liviya da Suriya kimi böyük güclərin maraqlarının toqquşduğu bölgədir. Hazırda rəsmi və ya qeyri-rəsmi olaraq bir çox böyük dövlət Liviyada varlığını göstərir. Türkiyə isə mövqeyinə görə artıq Suriyada müttəfiq olduğu Rusiyadan xəbərdarlıq mesajları alır.

Məlum olduğu kimi Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfərə gəlib. Rusiya Prezidenti yanvarın 8-i "Türk axını" qaz kəmərinin istismara verilməsi mərasimində iştirak edib. Səfər zamanı Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Rusiya-Türkiyə əməkdaşlığının gələcək inkişafı, Suriya və Liviyadakı vəziyyət də daxil olmaqla aktual beynəlxalq məsələlər müzakirlər aparıb.

Maraqlı məqam isə ondadır ki, Putin Türkiyədən əvvəl Suriyaya səfər edib. İddia olunur ki, Putin bununla Ərdoğana Əsədlə bağlı mesaj verib. İndi də Türkiyəyə Liviya mesajı verəcək. Çünki Türkiyə Liviyada əməliyyata hazırlaşır. Putin Suriyada olduğu kimi Liviyada da qələbə qazanmaq istəyir. Türkiyə Tripoliyə hərbçilərini göndərməyə hazırlaşarkən, general Həftər Liviyada daha bir strateji şəhəri ələ keçirib. 

Maraqlıdır, Liviya məsələsində Rusiya və Türkiyə dost, yoxsa düşmən olacaq?

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində deyib ki, böyük dövlətlər, adətən, əməkdaşlıq etdiyi güc mərkəzlərinin gücünü, əhəmiyyətini görmədən güzəştə getmirlər. Rusiya da bu dövlətlərdəndir:

“Zamanında Suriyada Rusiya-Türkiyə əməkdaşlığı ona görə mümkün oldu ki, Putin Türkiyənin regional güc olduğunu və onsuz bölgədə hər hansı problemin həll olunmasının mümkünsüzlüyünü başa düşdü. Türkiyə ilə əməkdaşlıq həm də Rusiyanın ABŞ qüvvələrinə qarşı mövqeyini gücləndirdi. Rusiya Türkiyə vasitəsilə Əsəd rejiminə qarşı mübarizə aparan qüvvələri tənzimləyə bildi. İndiki vəziyyətdə düşünürəm ki, Liviyada da eyni proses gedəcək. Rusiya Liviyada rəsmi olaraq mövcud deyil. Vaqner təşkilatı adı altında muzdlu döyüşçülərdən ibarət qüvvə yaradıblar ki, bu da Rusiya ordusu kimi qələmə verilmir. Ancaq bu qruplaşma Rusiya dövlətinin biləvasitə göstərişi ilə yaradılıb və fəaliyyət göstərir. Eyni proses Liviyada da təkrar olunur. Ona görə də Rusiya Liviyada Türkiyənin gücünü görməsə, onunla birmənalı şəkildə razılaşmaya getməyəcək. Çünki Rusiyanın Suriyada olduğu kimi Liviyada da maraqları mövcuddur. Ayrıca Rusiyanı və digər regional və bəzi Avropa ölkələrini dərhal hərəkətə keçirən əsas məsələ Türkiyə ilə Liviya arasında bağlanan müqavilə və sazişdir. Bu saziş vasitəsilə Türkiyə Aralıq Dənizinin şərqində böyük bir sahə əldə edə bildi. Bu isə çox böyük bir geosiyasi uğurdur. Bu da böyük dünya güclərini narahat etməyə bilməz. Çünki məhz bu ərazilərdən gələcək perspektivdə İsraildən və Aralıq hövzəsinin digər qazla zəngin ölkələrindən Avropaya qaz xətti çəkmək istəyirlər. Bu qaz xətləri də məhz razılaşmaya görə Türkiyənin nəzarət edəcəyi sulardan keçəcək. Bu da bir çox Avropa ölkələrinin və eləcə də Rusiyanın maraqlarına xidmət etmir. Bu istiqamətdə artıq Yunanıstan hərəkətə keçib və ABŞ, Fransa, İtaliya, Rusiya kimi ölkələri bu prosesə qoşmaqla Türkiyəni o ərazilərdən çıxarmaq istəyir. Ancaq Türkiyə artıq 5-ci neft və qaz axtarış gəmilərini Aralıq Dənizinin Şərq hissəsinə göndərdi və bu prosesdən əl çəkəcəyi isə qəti şəkildə görünmür”.

N.Miri vurğulayıb ki, Liviya ilə razılaşma Türkiyənin beynəlxalq səviyyədə mövqeyini daha da gücləndirmiş oldu: 

“Çünki bu müqavilə beynəlxalq hüquqa tamamilə uyğundur. Bu baxımdan Türkiyənin mövqeyi xeyli güclənib. Ona görə də bu gün Rusiya və digər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi ABŞ-ın köləsi olan regional ölkələr anti-Türkiyə hərəkətləri  edərək Türkiyəni bu prosesdən çəkindirməyə çalışır. Türkiyə də Liviyaya qoşun görməklə bağlı qəbul etdiyi qərarla bir daha göstərdi ki, prosesi davam etdirməkdə israrlıdır. Ona görə də Liviyanın BMT tərəfindən tanınan hökumətinə qədər prosesi Türkiyə davam etdirəcək”.

Politoloq Rusiya-Türkiyə qarşıdurmasının mümkünsüz olduğunu deyib: 

“Türkiyə hərbiçiləri Liviya ordusuna dəstəyi nəticəsində zamanında xəyanətkar general Həftərin paytaxtı işğal etməsini əngəlləmişdi. General Həftərin ordusunu paytaxtdan 100 kilometrlərlə uzağa ata bildilər. Düşünürəm ki, Həftərin ötən gün bir şəhəri işğal etməsi Liviya ordusunun məğlubiyyəti deyil. Bu sadəcə, Liviya ordusunun yerli əhalini qorumaq üçün şəhəri müvəqqəti olaraq Həftərə verməsidir. Türkiyə hərbiçilərinin dəstəyi ilə çox yaxın zamanlarda Liviya ordusu Həftər və onu dəstəkləyən Rusiya kimi dövlətlərə gücünü göstərəcək. Yalnız bundan sonra Rusiya Türkiyə ilə masa arxasında Liviya məsələsini müzakirə etməyə məcbur olacaq. Rusiya-Türkiyə qarşıdurması isə mümkün deyil. Çünki Rusiya rəsmi olaraq Liviyada mövcud deyil. Rusiya özü də orada döyüşənlərin muzdlu olduğunu, onun rəsmi Moskvanın mövqeyi olmadığını iddia edir. Ancaq bu həqiqətə söykənən iddia deyil və Türkiyə də bunu bilir. Ona görə də Türkiyənin gücünü hərbi mənada görməyənə zamana regionda olan qarşıdurma səngiməyəcək”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 6370