hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Lukaşenko hədəfdə: Bayden Belarusa nə vəd edir?

Lukaşenko hədəfdə: Bayden Belarusa nə vəd edir?

ABŞ Prezidenti seçilmiş Cozef Bayden inauqurasiya mərasiminə hazırlaşır.

Bu tədbirdə siyasi müşahidəçilərin diqqətini cəlb edən məqamlardan biri Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın andiçmə prosesinə prezident kimi qatılması olacaq. Xanım Tixanovskayanı dövlət başçısı qismində inauqurasiyaya Co Bayden şəxsən dəvət edib. Bu isə Ağ Evin yeni rəhbərinin Aleksandr Lukaşenkonu Belarus Prezidenti kimi tanımadığını göstərir. Qeyd edək ki, Donald Tramp administrasiyası da 2020-ci il avqustun 9-da Belarusda keçirilmiş prezident seçkilərinin nəticələrini tanımamışdı. Hətta ABŞ-ın dövlət katibi Mayk Pompeo bir neçə dəfə Belarusda yeni seçkilər keçirməyə çağırıb.

Lakin ABŞ Belarusdakı seçkilərin nəticələrinə və etiraz aksiyalarına münasibətdə Avropa Birliyi ilə müqayisədə daha passiv mövqe nümayiş etdirib. Ağ Ev Avropa ölkələrindən fərqli olaraq, Lukaşenko rejiminə sərt sanksiyalar tətbiq etməyə maraq göstərməyib. Bu isə Co Baydenin ciddi etirazına səbəb olmuşdu. Co Baydenin hələ ABŞ-dakı prezident seçkilərindən əvvəl Belarus müxalifətinə kifayət qədər dəstək göstərmədiyinə görə Donald Trampı tənqid edən açıqlaması demokratların namizədinin qalib gələcəyi təqdirdə Ağ Evin mövqeyinin dəyişəcəyindən xəbər verirdi.

Bayden Aleksandr Lukaşenko əleyhinə kütləvi aksiyalar keçirən Belarus müxalifətinə dəstəyini ifadə edib və qəddar liderin hakimiyyətinin legitim olmadığını bəyan edib. O, 3 noyabrdakı prezident seçkilərində qalib gələrsə, Aleksandr Lukaşenkoya qarşı sanksiyalar tətbiq edəcəyini bildirmişdi. Artıq Bayden prezident seçilib və yanvarın 20-də səlahiyyətlərinin icrasına başladıqdan sonra ABŞ-Belarus münasibətlərində yeni və daha gərgin mərhələnin başlanacağı gözlənilir. Baydenin seçkidən əvvəl verdiyi bəyanatın tezisləri demokrat prezidentin planlarının Belarusda "məxməri inqilab"a dəstək vermək və ya Lukaşenkonu hakimiyyətdən uzaqlaşdırmaq olduğunu əks etdirir.

"Öz xalqına zülm verən heç bir lider legitimliyə iddia edə bilməz... Mən hakimiyyətin dinc yolla dəyişməsi, siyasi məhbusların həbsdən buraxılması və ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün Svetlana Tixanovskyanın və Belarus xalqının yanında olmağa davam edəcəm ki, xalq uğrunda bu qədər qurbanlar verdiyi demokratik haqlara nəhayət ki, nail ola bilsin".

Göründüyü kimi, Bayden Belarus hakimiyyətinə iki istiqamətdən təzyiq mexanizlərini işə salmağa hazırlaşır. Bunlar seçkilərin nəticəsinin ləğvi və siyasi məhbusların azadlığa buraxılması üçün A.Lukaşenko rejiminə sanksiyaların tətbiqi və Belarusda hakimiyyət dəyişikliyinə nail olmaq üçün müxalifətə dəstəyin verilməsindən ibarət olacaq. Bu baxımdan, Svetlana Tixanovskayanın prezident qismində inauqurasiyaya dəvət edilməsi Bayden administrasiyasının Belarusla bağlı siyasətinin ilk əlamətləridir. Ancaq Belarusda hakimiyyət dəyişikliyi yalnız Lukaşenko iqtidarına deyil, eyni zamanda, Rusiyaya qarşı yönəlmiş planın tərkib hissəsi hesab edilir. Baydenin Ağ Evin rəhbərliyinə keçdikdən sonra Rusiya ilə həm qlobal səviyyədə, həm də postsovet məkanında Rusiyaya qarşı mübarizəyə başlayacağı gözlənilir. Rusiyanın Şərqi Avropada geosiyasi mövqelərini zəiflətmək üçün ABŞ-a Belarusu Kremlin təsir dairəsindən çıxartmaq lazımdır. Çünki Ukraynadakı münaqişədən sonra NATO üzvü olan dövlətlərlə ABŞ-ın təsir zonası sayılan Ukrayna arasında geosiyasi dəhliz rolu oynayan Belarus həm Rusiya, həm də Qərb üçün strateji əhəmiyyət daşıyır. Ağ Evin yeni rəhbərinin Belarus prezidentinin arxasında dayanan gücü-Rusiyanı regiondan sıxışdırmağa çalışacaq.

Çünki Baydenin vitse-prezident olduğu zamandan fərqli olaraq, Belarus ətrafında geosiyasi şərait xeyli dəyişib. Belarusun Qərbin təsir dairəsinə keçməsi Baydenin Rusiyanı sıxışdırmaq və zəiflətmək planının həyata keçirilməsində mühüm rol oynaya bilər. Rusiyanın Avropaya enerji dəhlizi sayılan Belarusda Qərbin dəstəklədiyi liderin hakimiyyətə gəlməsi Kreml üçün ciddi problemlər yaradacaq. Bu həm də Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin mövcudluğu üçün təhlükə deməkdir. Belarusun ABŞ-ın nəzarətinə keçməsi Ukrayna məsələsində Vaşinqtonun geosiyasi üstünlüyünü təmin edə bilər. Bu halda, ABŞ Baltik dənizindən Qara dənizə qədər Rusiyanı şərqdən əhatəyə almaq imkanı əldə etmiş olar. Ona görə də yaxın perspektivdə Belarus və Ukrayna istiqamətində Rusiya ilə Qərb arasında qarşıdurmanın artacağı gözlənilir. Beynəlxalq münasibətlər üzrə ekspert Dmitri Suslovun sözlərinə görə, ABŞ postsovet məkanında, xüsusən də Belarusla bağlı siyasətinə görə Rusiyaya qarşı əlavə sanksiyalar paketi tətbiq edə bilər.

"Bayden Belarus müxalifətini dəstəkləmək üçün Trampın etdiklərindən daha açıq və hətta daha yaxın olacaq.

Vaşinqtondakı andiçmə mərasiminə Tixanovskayanı dəvət etməsi təsadüfi deyil. Bu, birmənalı dəstək və Rusiyaya siqnaldır. ABŞ Lukaşenko rejiminə qarşı yeni sanksiyalar tətbiq edəcək və bununla da Belarusun Qərbdən təcridini artıracaq. Bu, Rusiya üçün olduqca ağrılı olsa da, Bayden postsovet məkanında Avropa Birliyinin və ABŞ-ın siyasətinin daha da sinxronlaşdırılmasında israr edəcək. O, Avropa Birliyinə qarşı daha rəğbətli ritorikanın və trans-Atlantik əlaqələrin gücləndirilməsi qarşılığında avropalılardan daha çox loyallıq və addımlarını Ağ Evlə razılaşdırmağı tələb edəcək. Bu da nəinki Amerikanın həm də Avropanın siyasətinin sərtləşməsinə gətirib çıxaracaq. Yəni, ABŞ-a görə Yəni demokratiya ilə həmrəylik və olduğu yerdə müxalifətə dəstək yoxdur"-deyə ekspert bildirib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2014

Bizim Telegram səhifəmizi izləyin