hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Lukaşenko üçün xilas: “Başqa yolu yoxdur, Qərblə razılaşacaq” - MÜSAHİBƏ

Lukaşenko üçün xilas: “Başqa yolu yoxdur, Qərblə razılaşacaq” - MÜSAHİBƏ

Xəbər verildiyi kimi, dünən Belarusda prezident seçkiləri keçirilib.

Seçkinin ilkin nəticələrinə görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko ölkənin bütün bölgələrində daha çox səs toplayıb. MSK-nın rəsmi açıqlamasında Lukaşenkonun 80 faizdən artıq səs toplayaraq rəqibi Svetlana Tixanovskayaya qalib gəldiyi bildirilir.

Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşinanın məlumatına görə, digər namizədlər - Svetlana Tixanovskaya 9,90%, Anna Kanopatskaya 1,68%, Sergey Çereçen 1,13%, Andrey Dmitriyev 1,04% səs toplaya bilib. 6,02% seçici isə bütün namizədlərin əleyhinə səs verib.

Lakin Tixanovskaya bu nəticələri qəbul etməyib və seçkidə saxtakarlığa yol verildiyini bildirib. Bu da Minsk küçələrində etiraz aksiyalarına və vətəndaş-polis qarşıdurmasına gətirib çıxarıb. Lukaşenko seçkilərdə qalib hesab olunsa da, Qərb bununla hələ ki, razılaşmır. Lukaşenko real mənzərəyə əsasən prezident seçilsə də başlayan etirazlar göstərir ki, artıq “cin şüşədən çıxıb”.

Maraqlıdır, bundan sonra Belarusu və Lukaşenkonu nə gözləyir? Lukaşenko Qərblə razılığa gələ biləcəkmi? Rusiyanın Lukaşenkoya münasibəti necə olacaq?

Bu barədə Cebhe.info-nun suallarını “Turan” İnformasiya Agentliyinin rəhbəri, politoloq Mehman Əliyev cavablandırıb.

“Demokratiya uğrunda mübarizə genişlənəcək”

-Mehman bəy, mövcud nəticələrə görə, Lukaşenko prezident seçilib. Lakin seçkilərin şəffaf keçirilmədiyini iddia edənlər etiraz aksiyalarına başlayıblar. Mövcud etiraz dalğası Lukaşenkonun mövqeyinə necə təsir göstərəcək?

-Birincisi, Lukaşenkonun bu dəfə qalib gələcəyinə şübhə yox idi. Çünki seçkilər hakimiyyətin tam nəzarəti altında idi. Yəni qarşı tərəf üçün imkanlar kifayət qədər məhdud idi. Lukaşenko görəndə ki, Tixanovskayanın görüşlərinə minlərlə adam toplaşır, bunun qarşısını almaq üçün daha çox məhdudlaşdırıcı tədbirlər görməyə başladı. Lukaşenkonun seçkiqabağı böyük auditoriya qarşısında çıxışı göstərdi ki, o, çox narahatdır. Rusiya ilə də “Vaqner” məsələsi bir oyun idi. Lukaşenko bununla Rusiya tərəfindən ona təzyiq olunduğunu nümayiş etdirmək istəyirdi. Bu, artıq göstərir ki, Lukaşenko Belarus cəmiyyətində çox böyük dönüşün olduğunu görür. Cəmiyyətin çox böyük bir hissəsi artıq köhnə qaydalarla yaşamaq istəmir. Bunu da açıq şəkildə deyir. Lukaşenko isə bundan sonra cəmiyyətin hazırkı rəyi ilə razılaşmalı olacaq. Belə görürəm ki, gələcəkdə bir tərəfdən vətəndaşlar daha çox demokratik cəmiyyət qurulması üstündə mübarizə aparacaq, mübarizəni genişləndirəcək. Digər tərəfdən isə Lukaşenko bunları nəzərə alaraq Qərb və opponentləri ilə daha sıx münasibətlərin yaranmasına çalışacaq. Çünki Belarusun başqa yolu yoxdur.

“Lukaşenko diktator da olsa, xalqı düşünür”

-Qərb hələ ki, Lukaşenkonun nəticələri ilə tam razılaşmır. Bu məsələdə Lukaşenko Qərbi razı sala biləcəkmi?

-Qərb hər dəfə bu mövqeyini sərgiləyir. Lakin o, Lukaşenkonu bir prezident kimi tanımayacağını demir. Bu mənada hesab edirəm ki, Qərb o xətti keçməyəcək. Əslində bu Lukaşenkonun yarı-legitim kimi tanınması deməkdir. Burda da onun zəif mövqeyindən söhbət gedir. Yəni Lukaşenko Qərb qarşısında xalq tərəfindən seçildiyini iddia edərsə, onlar da deyər ki, sənin seçkilərin qeyri- demokratik olub. Ona görə də Lukaşenko bu məsələ ilə əlaqədar Qərb qarşısında acizdir. Bununla da Qərb bütün vasitələrdən istifadə edib Belarusu özünə doğru çəkəcək. Nəzərə almaq lazımdır ki, Belarus "Şərq Tərəfdaşlığı" proqramında iştirak edir. Belarusun vəziyyəti bu proqramın digər tərkib hissələri olan Azərbaycan və Ermənistandan daha çox pozitivdir. Yəni Belarusda o qədər də korrupsiya yoxdur, hakimiyyət cəmiyyətin işləməsi və bizneslərini qurması üçün şərait yaradır. Sosial təminatlar var. Lukaşenko bu istiqamətdə xeyli işlər görür. Sadəcə, cəmiyyətdə müəyyən qədər yorğunluq var. Bir tərəfdən də insanlar demokratiya istəyirlər. Amma Lukaşenko diktator da olsa, xalqı düşünür. Elə pandemiyanı götürsək, insanların həyat şəraitinin və iqtisadiyyatın inkişafının necə nizamlandığını görərik. Koronavirusla əlaqədar nisbi tədbirlər görüb ölkə iqtisadiyyatını, Azərbaycandan fərqli olaraq, dayandırmadılar. Bu da Lukaşenkonun siyasətində pozitiv məqamların olduğunu göstərir. Lukaşenko Qərbə dəvət olunacaq. Son illərdə də bu dövlətin Qərbə meyilliliyi artıb. Sadəcə Lukaşenko bir sıra məsələlərdə Qərblə razılığa gedəcək.

“Rusiyanın bu ölkədə qeyri-sabitlik yaratmaq imkanı yoxdur”

-Rusiya Belarusdan “dörd əllə” yapışıb onun Qərbə inteqrasiyasını qəbul edə bilmirdi. İndisə Qərbin bu məsələdə əli daha da güclənib. Seçkilərə müdaxilə edə bilməyən Kreml bundan sonra hansı addımları ata bilər?

-Rusiya hazırda özü çox pis vəziyyətdədir. Onun iqtisadi durumu çox ağırdır. Yaxın zamanlarda daha da pisləşəcək və cəmiyyətin narazılığı artacaq. Xabarovsk hadisələri də boşuna deyildi. Yəni Rusiya bu gün daha çox öz problemləri ilə üzləşib və onları həll etməlidir. Bu mənada Kremlin Belarusda hər hansı bir çevriliş formalı addımı olacağını düşünmürəm. Lukaşenko Rusiyanın narazılığını anlayır. O bilir ki, Rusiya Belarusun Qərbə inteqrasiyasını istəmir. Amma Rusiyanın hazırkı durumu ilə Belarusda hansısa qeyri- stabillik yaratmağa imkanı yoxdur. Lukaşenko elə bir cəmiyyət qurub ki, sovet dövründən bu yana ordu dağılmayıb, yenilənib. Belarus bu sistemi dağıtmadan addım- addım yeniləyib. Belarus Qərbə inteqrasiya etmək istəyir və Lukaşenko bunu çox ehtiyatlı edir. Əslində Russiya tərəfindən bu məsələdə Lukaşenkoya təzyiqlər var. Lakin Rusiyanın zəifləməsi və Qərblə, xüsusən də ABŞ-la daha çox dərin münasibətlərə getməsi Lukaşenkoya şərait yaradır. Son vəziyyətdə Belarus Qərbə tərəf gedəcək və bunun qarşısını almaq üçün Rusiya hansısa bir addım atmayacaq.

“Lukaşenko hakimiyyətdə qalmaq istəyirsə...”

-Əgər Qərblə razılığa gəlinsə və Rusiya Belarusda heç bir çevrilişə cəhd edə bilməsə, bu, Lukaşenkonun uzunmüddətli hakimiyyətdə qalacağı anlamına gəlir. Sizcə, bu mümkün olacaqmı?

-Uzunmüddətli hakimiyyətdə qalmaq belədir ki, Lukaşenko növbəti seçkilərə qədər hakimiyyətdə qalmaq istəyirsə, insanların rəğbətini qazanmalıdır. Çünki Belarus cəmiyyətində milli özünüdərk prosesi gedir və Lukaşenko bununla razılaşmaq məcburiyyətindədir. Başqa cür də ola bilməz.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 23354