hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Müflis olan “Amrahbank”: Niyə bağlanmır?

Müflis olan “Amrahbank”: Niyə bağlanmır?

Ölkədə baş verən iki kəskin devalvasiyadan sonra Azərbaycanda banklar maliyyə çatışmazlığı ilə üz-üzə qaldı.

Bunun məntiqi nəticəsi kimi 13 bankın bağlanması ilə bağlı qərar verildi. “Royalbank” ASC, “Yunayted Kredit Bank” ASC, “Bank of Azerbaijan” ASC, “Gəncəbank”, “Texnikabank” ASC, “Parabank” ASC, “Zaminbank” ASC, “Kredobank” ASC, “Dekabank” ASC, “Atrabank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Bank Standard” və “Dəmirbank” ASC bank bazarından çıxdı.

Bunlardan yalnız biri, “Parabank” ASC sonradan Bank Olmayan Kredit Təşkilatı (BOKT) kimi fəaliyyəti bərpa etdi. Hazırda isə ölkənin bank bazarında 30 bank fəaliyyətini davam etdirir. Banklarda olan maliyyə çatışmazlığını iqtisadçılar problemli kreditlərin həcmi ilə əlaqələndirirdilər. Ölkə başçısının 28 fevralda verdiyi müvafiq fərmanla fiziki şəxslərin 10 min dollara qədər olan problemli kreditləri öz həllini tapdı. Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına ödənildi.

Bu fərmandan sonra banklarda problemli kreditlərin həcmində ciddi şəkildə azalma müşahidə olundu. Bu, həm də bankların nəğd vəsaitinin artmasına səbəb oldu. Qeyd edək ki, fərmanın imzalandığı dövrə qədər ölkə üzrə problemli kreditlərin həcmi 2 milyard manatdan çox idi. Bu da ümumi kredit portfelinin 30-35 faizi dəyərində idi. Problemli kreditlərin həllindən sonra bankların maliyyə çatışmazlığının aradan qalxacağı, bazarda qalan bankların sağlamlaşacağı gözlənilirdi. Amma görünən odur ki, hələ də bazarda xəstə banklar var. Həmin bankların da bazardan çıxacağı gözlənilir. Bazardan çıxacağı gözlənilən bankların başından isə “Amrah Bank” ASC gəlir. Belə ki, 2018-ci ilin yekununda “Amrah Bank”ın öhdəlikləri aktivlərini üstələyib. Bu haqda məlumat isə bankın müvafiq dövrün hesabatında yer alıb. Auditor yoxlaması “Amrah Bank”ın müflis olduğunu üzə çıxarıb. Hesabata görə, bu ilin əvvəlinə Bank 199,864 milyon manatlıq cəmi aktivlərə, 210,919 milyon manatlıq cəmi öhdəliklərə malik olub. Son nəticədə kredit təşkilatının cəmi kapitalında 11,055 milyon manatlıq çatışmazlıq yaranıb (yəni kapitalı mənfiyə düşüb).

Bu isə faktiki müflislik deməkdir. Xatırladaq ki, “Amrah Bank” bu ilin yanvar ayında açıqladığı balans hesabatında kapitalla bağlı problemin olmadığını bildirib. Belə ki, hesabatda Bankın cəmi aktivlərinin 230,33 milyon manat, cəmi öhdəliklərinin 203,929 milyon manat, cəmi kapitalının isə 26,401 milyon manat olduğu qeyd edilib. Faktiki olaraq audit yoxlamasından sonra Bankın müflis olduğu üzə çıxıb. Amma hələlik “Amrah Bank” özünü rəsmi olaraq müflis elan etməyib. Xatırladaq ki, bank özünü müflis elan edirsə, həmin andan etibarən bütün öhdəliklərindən azad olunur. Digər tərəfdən müflis elan olunan hər hansı bir hüquqi şəxs (Bank və ya şirkət -müəl.) sonradan heç bir halda, fəaliyyətini davam etdirə bilməz. Bu məsələlər “Hüquqi şəxslərin müflis elan olunması” haqqında qanunla tənzimlənir. Müflis elan olunan bank isə rəsmi olaraq fəaliyyətini dayandırmalıdır. “Amrah Bank”ın bağlanması ilə bağlı rəsmi məlumat isə yoxur.

Vilayət Muxtar

Cebhe.info


Oxunma sayı: 738