hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Müharibə hər an başlaya bilər: Ağ Evdən hədə, Tehrandan müdafiə ritorikası - ŞƏRH

Müharibə hər an başlaya bilər: Ağ Evdən hədə, Tehrandan müdafiə ritorikası - ŞƏRH

Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus olan iki neft emalı zavoduna pilotsuz uçan obyektlərin hücumu bölgədə vəziyyəti yenidən gərginləşdirib. 

İttihamlar havada uçuşur. Bu hücum dünyada və bölgədə hansı nəticələrə səbəb ola bilər? 

Cebhe.info xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələyə münasibət bildirib. O deyib ki, ilk növbədə Səudiyyə Ərəbistanı bu hücumu cavabsız qoymayacaq:

“Çünki hücumu Yəməndəki husilərin təşkil etdiyi aşkardır, bunu onların özləri də etiraf edirlər. Husilər hücumun arxasındakı səbəb kimi Səudiyyə Ərəbistanın Yəməni mütəmadi bombalamasını və bu zaman mülki insanların ölməsini göstərirlər. Səudiyyə Ərəbistanı isə bu hücumları ona görə təşkil edir ki, qonşuluğundakı dövlət İranla müttəfiq olan husilərin əlinə keçməsin. İki neft emalı zavoduna hücum Səudiyyə Ərəbistanının Yəmənə hücumlarını, buna cavab olaraq da İran husilərə dəstəyini artıracaq. Faktiki İran və Səudiyyə Ərəbistanı Yəməndə bir-birləriylə savaşır. Neft emalı zavodlarının vurulması ilə bu savaş genişmiqyaslı həcm alacaq. İkincisi, neft emalı zavodlarının vurulması ABŞ-da ciddi reaksiya doğurub. Vaşinqtonda şübhə etmirlər ki, hücumun arxasında İran dayanır. Tehran bu ittihamları rədd edir. Belə baxanda indiki zamanda İranın bölgədə gərginliyi artırmaqda marağı olmamalıdır. Çünki İran ABŞ-ın sanksiyalarından qurtulmaq istəyir. Belə olan halda yeni müharibə İranın maraqlarına niyə cavab verməlidir ki? Ancaq o da mümkündür ki, İrandakı İslam Keşikçiləri Korpusunun rəhbərliyi fərqli düşünür. Hər halda, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazdığı son statusda ABŞ-ın İranı vuracağını istisna etməyib. Bu vəziyyət bir neçə gündən sonra işinə başlayan BMT Baş Assambleyasında ABŞ və İran prezidentlərinin görüşü perspektivini heçə endirir. Halbuki, İran Prezidenti Həsən Ruhani Nyu-Yorka getməyə hazırlaşır. Üçüncüsü, neft emalı zavodlarına hücum dünyada neftin qiymətini qaldırıb və mütəxəssislərin hesablamalarına görə neftin bir barelinin qiyməti 100 dollara qədər arta bilər. Çünki son olay neft bazarında 5 faizin azalmasına səbəb olub və həmin iki neft emalı zavodunun tam gücüylə yenidən neft istehsalına başlaması həftələr ala bilər”. 

Politoloq hesab edir ki, neftin qiymətinin qalxması Azərbaycanın gəlirlərini artıracaq:

“Ancaq siyasi mənada İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin daha da gərginləşməsi, üstəgəl Vaşinqtonda yenidən “İranı vura bilərik” təhdidlərinin səslənməsi Azərbaycanın geosiyasi maraqlarına cavab vermir. Çünki adı çəkilən dövlətlər Azərbaycanın tərəfdaşlarıdır və biz tərəfdaşlarımız arasında gərginliyin, ən pis halda müharibənin alovlanmasında maraqlı deyilik”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1409