hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Müsavatda “başqanlıq döyüşü”: İsa Qəmbər qayıdır?

Müsavatda “başqanlıq döyüşü”: İsa Qəmbər qayıdır?

Müsavat Partiyasının növbəti qurultayı olacaq. 

Sayca doqquzuncu qurultayın oktyabrın 12-də keçiriləcəyi gözlənilir. Artıq bir neçə aydır ki, qurultayla bağlı partiya üzvləri arasında fikir ayrılığı hökm sürür. Məlumatlara görə, başqanlıq uğrunda hələlik 3 namizəd mübarizə aparacaq. Bunlar Müsavat Partiyasının hazırkı sədri Arif Hacılı, partiyanın fəallarından biri, sabiq başqan müavini Yadigar Sadıqlı və keçmiş məhbus, Qarabağ qazisi Tofiq Yaqubludur.

Yadigar Sadıqlının hələ bir neçə ay əvvəl namizəd olacağı deyilirdi və o, bununla bağlı yayılan xəbərləri “Cümhuriyət” qəzetinə açıqlamasında təsdiqləmişdi.

Tofiq Yaqublu isə namizədliyini bu günlərdə açıqlayıb. O bildirib ki, Müsavat başqanlığına namizəd olacaq: "Müsavat Partiyasının Divanı növbəti qurultayın 12 oktyabr 2019-cu il tarixində keçirilməsi haqqında qərar qəbul etdi. Əminəm ki, Müsavat Partiyası bu dəfə də cəmiyyətimizə növbəti demokratiya örnəyi verəcək. Son günlər bir xeyli götür-qoy etdikdən sonra, nəhayət, partiya başqanlığına namizədliyimi irəli sürməyə qərar verdim. Uğurlar, Müsavat!"

Qurultay öncəsi vəziyyətə nəzər saldıqda, partiyadaxili gərginliyin artan xətt üzrə davam etdiyi görünür. Arif Hacılı tərəfdarları ilə Yadigar Sadıqlını dəstəkləyənlər sosial şəbəkədə bir-birinə qarşı qarşılıqlı ittihamlar irəli sürür. Hətta gərginlik o həddə çatıb ki, Müsavat Partiyasının Divanı növbədənkənar iclas keçirib və sosial şəbəkələrdəki qarşılıqlı ittihamları pisləyən bəyanatla çıxış edib. Tofiq Yaqublunun namizədliyini açıqlamasından sonra isə proses bir qədər fərqli çalar alıb. Çünki Tofiq Yaqublu ilə Yadigar Sadıqlının Arif Hacılıya qarşı olan eyni komandada yer alırdı. Müsavat Partiyasının rəhbərliyində təmsil olunanlar da heç monolit deyil. Maraqlıdır ki, Müsavat rəhbərliyində təmsil olunan bir sıra şəxslər nə Arif Hacılı, nə Yadigar Sadıqlı, nə də Tofiq Yaqublunu dəstəkləyir, keçmiş başqan İsa Qəmbərin yenidən partiya rəhbəri olmasını istəyir.

Qeyd edək ki, Müsavat Partiyasının 2014-cü ildə keçirilən son qurultayı da kifayət qədər gərgin mühitdə keçdi və Arif Hacılının qələbə qazanması ilə Müsavat 3 yerə parçalanıb. Belə ki, partiya sədrliyinə namizəd olan Arif Hacılının qələbəsinə digər namizədlər - Qubad İbadoğlu və Tural Abbaslı etiraz əlaməti olaraq partiya sıralarını tərk edib. Ardınca partiyadan qopmalar olub. Hazırda Tural Abbaslı Ağ Partiyanın, Qubad İbadoğlu isə Azərbaycan Demokratik və Rifah Hərəkatının (ADR) sədridir.

Qeyd edək ki, həmin qurultayda Arif Hacılının namizədliyini səsvermədə iştirak edən 450 qurultay iştirakçısından 228-i dəstəkləyib. Səslərin sayına görə ikinci yerdə Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu dayanıb. Onun xeyrinə 200 səs verilib. Tural Abbaslı isə 19 səslə sonuncu olub. Həmin qurultayda başqanlığa namizəd olan Səxavət Əlisoy isə namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürüb.

Görünən odur ki, bu dəfə də Müsavat Partiyasının qurultayı kifayət qədər gərgin keçəcək. Qurultayın nəticəsindən asılı olaraq növbəti parçalanmanın, qopmaların olacağı da istisna deyil. 

“Müsavat Partiyası üçün uğurlu namizəd kimdir?”, “Partiyanı kim qoruya bilər?”, “İsa Qəmbər yenidən Müsavat başqanlığına qayıda bilərmi?” kimi suallar müzakirə doğurur.

Qeyd edək ki, əgər Arif Hacılı yenidən qalib gələrsə, bu, onun Müsavat Partiyasında sonuncu başqanlığı olacaq. Çünki Müsavat Partiyasının 2001-ci ildə keçirilən qurultayda qəbul olunan nizamnaməsinə görə, bir şəxs iki dönəmdən artıq başqanlıq edə bilməz. Ona görə də əgər budəfəki qurultayda da Arif Hacılı başqan seçilərsə, növbəti dəfə namizədliyini verə bilməyəcək. Gözlənilən odur ki, hazırkı 3 namizəddən ən şanslısı yenə də Arif Hacılıdır. Namizədlər və tərəfdarları arasındakı söz atışmasına, gərginliyə istinad etsək, bu qurultayda da başqanlıq uğrunda mübarizə kifayət qədər qalmaqallı olacaq. Doğrudur, hazırkı görüntü Arif Hacılının şanslı olduğunu deməyə daha çox əsas verir, amma qurultayda fors-major hadisə də baş verə və onun rəqiblərindən biri Müsavat Partiyasının başqanı ola bilər. Bu zaman isə partiyanın yenidən parçalanması qaçılmaz olacaq. Arif Hacılının qalib gəlməsi də Müsavat Partiyasına təsirsiz ötüşməyəcək, ötən dəfə olduğu kimi qopmalar baş verə bilər. Vəziyyətə məhz qurultayda tam şəkildə aydınlıq gətirəcək. Bütün hallarda hazırkı proseslər heç də Müsavat Partiyasının xeyrinə cərəyan etmir. Partiya rəsmilərinin də etiraf etdiyi kimi, sosial şəbəkələrdə gedən “başqanlıq döyüşü” Müsavatın nüfuzunu zədələyir, cəmiyyədə partiyaya etimadı azaldır. O ki qaldı partiyanı qoruya biləcək şəxsə, sürprizlər həmişə gözləniləndir. Müsavatın sabiq başqanı İsa Qəmbərin müsavatçılar arasındakı nüfuzunu, üstəlik son zamanlar onun yenidən partiya rəhbərliyini ələ alacağı barədə söyləntiləri nəzərə alsaq, bu ad üzərində dayanmağa dəyər. İsa Qəmbər hələlik bu barədə danışmasa da, onun qurultay zamanı namizədliyini açıqlayacağı gözlənilir. İsa Qəmbərin namizədliyi siyasi kuluarlarda daha çox müzakirə edilir və partiyanın nüfuzunun bərpası üçün ən optimal variantı kimi diqqətdə saxlanılır. 

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3697