hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Müxalifət bələdiyyə seçkisinə necə hazırlaşır?

Müxalifət bələdiyyə seçkisinə necə hazırlaşır?

Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı deyilənlər təsdiqini tapmadı.

Ancaq bu il, dekabrda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Qeyd edək ki, bələdiyyə seçkiləri 2019-cu ilin 27 dekabrında baş tutacaq. Seçkilərə qısa müddət qalsa da, partiyalarda seçkilərə hazırlıq prosesi ləng gedir. Bələdiyyə seçkilərinə maraq olduqca zəif görünür. Siyasi təşkilatlar bələdiyyə seçkilərinə hazırlaşırmıə

“Müxalifət seçkilərdə iştirak etsə...”

Ümid Partiyası sədrinin müavini Tamilla Qulami “Cümhuriyət” qəzetinə açıqlamasında təmsil olunduğu partiyanın bələdiyyə seçkilərində tam gücü ilə iştirak edəcəyini deyib: “Ümid Partiyası heç vaxt seçkiləri boykot etməyin tərəfdarı olmayıb. Partiya 2018-ci ilin Prezident seçkiləri istisna olmaqla bütün seçkilərdə iştirak edib. 2019-cu ilin dekabr ayında ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Partiya olaraq seçkilərdə iştirakı nəzərdə tutmuşuq. Əlavə edim ki, ilin əvvəlindən başlayaraq, seçkilərə hazırlıqla bağlı partiyamız müxtəlif tədbirlər həyata keçirib, funksionerlərimiz bölgələrə səfər edib, yerli təşkilatlarımız tərəfindən ilkin namizədlərin siyahısı təqdim olunub, regional müşavirələr təşkil edilib. Namizəd olacaq şəxslərlə görüşlər baş tutub, onlara seçkilərə qatılmağın əhəmiyyəti izah edilib. Biz seçkilər yolu ilə hakimiyyətin müxtəlif qollarında təmsilçiliyimizi təmin etmək niyyətindəyik. Seçkilərdə iştirak etmək, seçilmək, vətəndaşlarda seçki vərdişi yaratmaq hakimiyyətə gedən yolun qısalmasıdır. İllərdir müxalifət seçkini boykot etməklə əslində, hakimiyyəti meydanda tək saxlayıb, vətəndaş üçün alternativ namizədlər təqdim etməyib və beləliklə də, hakimiyyətin işini asanlaşdırıb. Halbuki bütün seçkilərdə iştirak etsəydi, seçicini seçkiyə cəlb etmiş olsaydı, bu gün ölkənin durumu da fərqli olardı. Müxalifətin seçiciylə görüşməsi, özünü tanıtması üçün ən optimal yol seçkilərdir. Seçkilərdə iştirak etməmək, vətəndaşı seçkidən uzaqlaşdırmaq dövlətə də, millətə də edilən ən böyük yanlışlardan biridir.

Mütləq seçkilərdə iştirak etmək, vətəndaşlarla canlı ünsiyyətə girmək, efir zamanı almaq, ölkənin bütün dairələrinə tanınmaq lazımdır. Hədəfimiz seçkidə minimum 900 bələdiyyə subyekti üzrə namizədlərlə iştirak edib Seçki Məcəlləsinə uyğun olaraq, pulsuz efir vaxtı almaqdır. Buna partiyanın potensialı çatır. Digər müxalifət partiyaları da seçkilərdə iştirak etməlidir.

Hər kəs bir nəfər kimi seçkidə iştirak etsə, iqtidarın işi çətinləşər, etiraz səsləri çoxalar, hakimiyyət müəyyən güzəştlərə getmək məcburiyyətində qalar. Xalqa sosial-siyasi-iqtisadi cəhətdən haqqı verməyi arzulayan hər bir müxalifət iddiasında olanlar bu fürsətləri əldən verməməlidir. Dövlət və xalq maraqları üçün şəxsi mənafelərdən uzaqlaşmağı bacarmaq lazımdır”.

“Bu qurumun icra hakimiyyətlərinin kölgəsindən çıxmasına çalışmalıyıq”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev də təmsil olunduğu partiyanın bələdiyyə seçkilərinə hazırlaşdığını deyib: “Bu il bələdiyyə seçkilərinin keçiriləcəyi dəqiqdir. Ona görə əsas gücümüzü, hazırlığımızı ora yönəltmişik. Lakin istənilən halda, bələdiyyə seçkilərinə münasibət, reaksiya olduqca aşağıdır, sönükdür. Buna səbəb də bələdiyyələrin ölkədə söz sahibi olmamasıdır. Bələdiyyələrin səlahiyyətləri artmayınca, müstəqil olmayınca, icra hakimiyyətlərinin şöbəsi olmaqdan çıxmayınca və seçkilər tam şəffaf keçirilməyincə bu quruma, seçkilərə maraq olmayacaq. Biz bu gün bələdiyyələrin fəaliyyətinin genişləndirilməsinə, onlara ciddi səlahiyyətlər verilməsinə, bu qurumun icra hakimiyyətlərinin kölgəsindən çıxmasına çalışmalıyıq. Bu gün bələdiyyələrin fəaliyyəti faktiki olaraq sadəcə, torpaq alıb-satmaqdan ibarətdir. Azərbaycanda da bələdiyyələr məsələn, Türkiyədəki kimi geniş səlahiyyət sahibi olduqdan sonra istər cəmiyyətdə, istər partiyalar arasında bu quruma keçirilən seçkilərə münasibət də ciddi şəkildə dəyişəcək. Bələdiyyə seçkiləri də ən az parlament seçkiləri qədər gərgin, rəqabətli keçəcək. Ümumiyyətlə, fikrimizcə, icra hakimiyyətləri ləğv edilməli, onların bütün səlahiyyəti bələdiyyələrə verilməldir”.

“Seçkiləri boykot etmirik, üzvlər iştirak edə bilər”

Ağ Partiyanın sədri Tural Abbaslı isə bələdiyyə seçkilərinə xüsusi hazırlaşmadıqlarını deyib. T.Abbaslı hesab edir ki, Azərbaycan siyasi səhnəsində bələdiyyələrin xüsusi bir çəkisi yoxdur: “Hətta bələdiyyə üzvlərinin böyük əksəriyyəti sənin partiyandan seçilsə belə, heç bir təsir imkanına sahib olmursan. Bələdiyyələrin cəmiyyətdə, sosial həyatda, siyasi səhnədə heç bir rolu yoxdur. Odur ki, belə “dişsiz” struktura enerji sərf etməyin tərəfdarı deyilik. Təbii ki, istənilən üzvümüz müstəqil şəkildə bələdiyyə seçkilərində iştirak edə bilər. Yəni biz seçkiləri boykot etmirik. Parlament seçkiləri isə daha ciddi siyasi məsələdir və düşünürəm ki, buna ciddi yanaşılmalıdır. Növbədənkənar parlament seçkiləri gözləntisi var və biz təbii ki, buna da hazırlaşırıq. Bu seçkilərə isə partiyaların blok şəklində getməsinin tərəfdarıyıq. Çünki 125 dairəni bir partiyanın əhatə etməsi hazırda çox çətindir.

Odur ki, siyasi bloklar şəklində parlament seçkilərinə qatılmağın və bu istiqamətdə işlər görməyin tərəfdarıyıq. Bu istiqamətdə addımlar da atırıq və bəzi partiyalar var ki, onlarla ünsiyyətimiz var və bunun seçki blokuna keçməsinin tərəfdarıyıq. Yəqin ki, yaxın zamanlarda bununla bağlı qərar olacaq. Bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsinə gəlincə isə, bunlar seçkiyə qədərki prosesdir. Burada əsasən referendumla bağlı işlər var. Konstitusiya dəyişikliyi ilə bağlı məsələlər isə o qədər də sadə deyil. Konstitusiya dəyişikliyi parlamentdə təsdiq edilməli, referendumda nəzərdə tutulacaq dəyişikliklər müzakirə olunmalı və sonra seçkiyə gedilməlidir. Bu uzun bir prosesdir. Hansı ki, onu qısa müddətdə çatdırmaq mümkün deyil. Əgər referenduma gedilərsə, bələdiyyələrin səlahiyyətlərinin artırılmasından da vacib məsələlər var. Məsələn, parlament seçkilərində proporsional seçki sisteminin qaytarılmasının tərəfdarıyıq”.

Vilayət Muxtar

Cebhe.info


Oxunma sayı: 1805