hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

Müxalifətdə yeni birlik: “İqbal Ağazadə nə vaxt desə, onda da yaradacağıq” - MÜSAHİBƏ

Müxalifətdə yeni birlik: “İqbal Ağazadə nə vaxt desə, onda da yaradacağıq” - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “Xalqın iştirak etmədiyi heç bir mübarizədə müxalifətin apardığı siyasət demokratik ola bilməz”

Son günlər siyasi cameədə aktivlik müşahidə olunur. Yeni birliklər yaranır, köhnə siyasi təşkilatlardan qopmalar baş verir. Ölkədə baş verən son ictimai-siyasi hadisələrlə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, son prezident seçkilərində namizəd olmuş Sərdar Cəlaloğlu ilə söhbət etdik.

“Vəziyyət nəzarətdədir”

-Sərdar bəy, ölkədəki hazırki siyasi mənzərəni necə dəyərləndirirsiz?

-Son günlər istər beynəlxalq aləmdə, istərsə də ölkə daxilində müəyyən siyasi aktivlik hiss olunurdu. Hiss olunurdu ki, cəmiyyətdə də müəyyən oyanış var. Amma proseslər öz əvvəlki axarına qayıtdı. Yenə də durğunluqdu, belə demək mümkündürsə, nəzarət olunan vəziyyətdədir.

“İqbal Ağazadə deyir ki, hələ gözləyək”

-Yeni bir siyasi birliyin yaranacağını anons etmişdiniz. Ümid Partiyasının sədri İqbal Ağazadə ilə birlikdə yaratmaq istədiyiniz birlik haqqında danışarkən demişdiniz ki, bu qurum  cəmiyyətin demokratikləşməsi üçün mübarizə aparacaq. Hazırda işlər nə yerdədir? Proses gedirmi?

-Hesab edirdim ki, bu birlik təcili yaradılmalı, inkişaf etdirilməli idi. Amma İqbal bəy tamamilə başqa mövqedən yanaşır, deyir ki, tələsməyək, başqa qüvvələrin də bura gəlmək şansı varsa, gözləyək, onlar da gəlsin. O baxımdan hər şey İqbal bəydən asılı olacaq. O, nə vaxt desə, onda da yaradacağıq.

-Seçkilərdə birlikdə iştirak edəcəksiz?

-Hələlik birlik yaradılmayıb deyə, heç nə demək olmur. Belə bir söz var: çay gəlməmiş çırmanmaq düz deyil”. Ona görə də bu cür məsələləri çox da müzakirə etməyə ehtiyac yoxdur.

“Seçkilərə qatılacağıq”

-Bu ilin sonunda bələdiyyə seçkiləri keçiriləcək. Azərbaycan Demokrat Partiyası (ADP) olaraq seçkilərdə iştirak edəcəksinizmi? 

-Əgər üzvlərimiz istəsə, əlbəttə ki, qatılacağıq. Seçkilərdə iştirak etməyə çalışacağıq. Təbii ki, üzvlərimizdən kimsə namizəd olmaq istəsə, ona kömək edəcəyik. Kim istəsə, qatılacaq, istəməyən qatılmayacaq. Bununla bağlı heç bir məhdudiyyətimiz yoxdur.

-İctimai-siyasi həyatda sanki bir boşluq, durğunluq var. Sizcə, müxalifət hansı addımı atmalıdır?

-İctimai-siyasi sahə elədir ki, burada durğunluq varsa, deməli, hər yerdə var. Bu baxımdan demək olar ki, bütün sahələrdə total durğunluq var.

“Bütövlükdə korrupsiyaya qarşı mübarizə aparmaq lazımdır”

-Bir müsahibənizdə demisiniz ki, ictimai-siyasi və iqtisadi sahədə baş verən neqativ proseslər ölkədə ciddi problemlər yaradır. Korrupsioner məmurlar haqqında sualı isə cavablandırmaqdan imtina etmisiniz. Maraqlıdır, niyə bu haqda danışmaq istəmirsiz?

-Yəqin, orada düzgün anlaşılmamışam. Həmin müsahibədə demişəm ki, ölkədə korrupsiyaya qarşı mübarizə aparmaq lazımdır, korrupsioner məmura qarşı yox. Çünki korrupsiya bütövlükdə aradan qalxmasa, bu problemi həll etmək mümkün olmaz. Bir korrupsioner məmur gedəcək, onun yerinə başqası gələcək.

-Ölkədə aparılan islahatları necə qiymətləndirirsiz? Atılan addımları islahat hesab edirsizmi?

-“Atılan addımları islahat hesab etmirəm” demək olmaz. İslahat hər hansı bir sahədə fundamental struktur dəyişilmələridir. Struktur dəyişikliyi isə o deməkdir ki, hər hansı bir müəssisədə islahat aparılırsa, onun profili, istehsal etdiyi məhsul dəyişir. Bu baxımdan demək istəyirəm ki, əmək haqqını 5-10 manat artırmaq islahat ab-havası yarada bilməz. Məsələn, əmək haqlarının təyin edilməsində mövcud qanunlar dəyişsəydi, bu olacaqdı islahat. Mövcud sosial təminat mexanizmi dəyişsəydi, islahat olardı. Amma faktiki olaraq bunların heç biri baş vermir.

“Liderlər də siyasi terminlərin mənasını bilmir”

- Hazırda siyasi qüvvələrin əsas mübarizə meydanı sosial şəbəkələrdir. Lakin orda da qarşı duran tərəflər bir-birini təhqir edir, aşağılamağa çalışırlar...

-Ümumi siyasət aparılmayan yerdə siyasət məişət səviyyəsinə düşür. İnsanların arqumentləri, faktları yoxdur, amma mühakimə edirlər. Məntiqi düşünmə qabiliyyəti olmayanda, ancaq söyüşə, lənətə keçir və küçə səviyyəsində siyasət aparmağa məcbur olurlar. Uzun illər cəmiyyətdə siyasi maarifləndirmə aparılmadı və ona görə də ciddi dəyişilmələr baş vermədi. İnsanlar nəyin nə olduğunu anlaya bilmədi. Əvvəllər iqtidar-müxalifət debatları, görüşlər, diskusiyalar vardı. O proses  davam etməli idi. Davam etsəydi, indi Azərbaycan xalqı tamamilə fərqli  olardı. Hətta siyasi liderlər belə bu gün öz fikirlərini siyasi terminologiya ilə ifadə etməkdə çətinlik çəkirlər. Çünki ayrı-ayrı siyasi terminlərin mənasını bilmirlər. Ona görə də inkişaf yuxarı doğru deyil, aşağıya gedir. Yəni siyasət yüksək məntiq, yüksək əqli mühakimə tələb edir. Amma siyasət məişət səviyyəsinə salındığı üçün necə ki, məişətdə insanlar bir-birinə söz atır, təhqir edir, burada da eyni şeylər baş verir.

“Sivil münasibətlərə ehtiyac var”

-Bu gün Azərbaycan siyasətinin nəyə ehtiyacı var?

-Bu gün Azərbaycan siyasətində ilk növbədə iqtidar-müxalifət arasında sivil münasibətlərin qurulmasına ehtiyac var. İkincisi, müxalifətin fəaliyyətini qanuniləşdirən qərarın verilməsinə ehtiyac var ki, bu çox vacibdir. Nəhayət, xalq özü də öz taleyinə laqeyd qalmamalıdır. Demokratiyanın bel sütunu iştirakçılıqdır. Neçə ki, iştirakçılıq yoxdur. Xalqın iştirak etmədiyi heç bir mübarizədə müxalifətin apardığı siyasət demokratik ola bilməz. Çünki xalq siyasi proseslərdə iştirak etmirsə, baş verənlər yalnız qrupların maraqlarına cavab verəcək.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1442