hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Makronun millətçi şüarlara bürünən NATO BLEFİ

Makronun millətçi şüarlara bürünən NATO BLEFİ

Fransa Prezidenti Emmanuel Makron NATO ilə mübarizəni tənqid edərək bildirib ki, bu təşkilat artıq aktual deyil.

Bu barədə Makron "Financial Times" qəzetinə müsahibəsində danışıb. Makron xatırladıb ki, Şimali Atlantik Alyansı Varşava Müqaviləsi Təşkilatına alternativ olaraq yaradılıb. "Bu təşkilat artıq yoxdur. Biz bəzən fəaliyyət göstərməyən bu təşkilatın ideologiyasına qarşı mübarizə aparırıq. NATO əslində, yoxdur, amma Avropanı parçalamaqda davam edir",-deyə Fransa lideri vurğulayıb.

Makron həmçinin BMT-nin Təhlükəsizlik Şurasının fəaliyyətini də neqativ qiymətləndirib.

Qeyd edək ki, Makronun NATO-nu pislədiyi ilk dəfə deyil. Bir müddət əvvəl o bildirmişdi ki, NATO-nun beyni ölüb. Ümumiyyətlə, Emmanuel Makron 2017-ci ildə hakimiyyətə gəldikdən sonra Fransanın xarici siyasətində anti-NATO kursu üstünlük təşkil edib. 2018-ci ildə Emmanuel Makron NATO-ya daxil olan Avropa ölkələrinin vahid ordusunun yaradılması təklifi ilə çıxış etmişdi. Bu, ABŞ tərəfindən NATO-nun parçalanmasına çağırış kimi dəyərləndirildi. Hətta həmin dövrdə Tramp administrasiyası Makronun bu təşəbbüsünü sərt tənqid etmişdi. Fransada 2018-ci ilin noyabr ayında hakimiyyət əleyhinə başlanan “sarıjiletlilər” hərəkatına məhz ABŞ-ın dəstək verdiyi və bu hadisələrin Makronun NATO ilə bağlı siyasətinə cavab addımı olduğu bildirlirdi. Qeyd edək ki, Fransanın NATO daxilindəki fəaliyyəti həmişə qeyri-sabitliyi ilə seçilib. 1967-ci ildə NATO-da hərbi fəaliyyətini dayandıran Fransa yalnız siyasi qərarların qəbulunda iştirak edib. Yalnız Nikola Sarkozi 2008-ci ildə prezident seçildikdən sonra Fransa NATO-da tam hüquqlu üzvlüyünü bərpa edib. Nəhayət, Emmanuel Makronun prezident seçilməsi ilə rəsmi Paris Şimali Atlantika Alyansından uzaqlaşma siyasətinə qayıtmaq istiqamətində dəfələrlə bəyanatlar verib. Bütün bunlar isə ABŞ-ın Avropa üzərində hərbi və geosiyasi təsirini azaltmağa xidmət edir. Lakin Avropanın təhlükəsizliyinin təminatı məsələsində bir sıra dövlətlər, xüsusilə də şərqi Avropa ölkələri daha çox ABŞ- başda olmaqla NATO-nun fəaliyyətinə üstünlük verdiyindən Makron hakimiyyəti bu məsələdə ciddi dəstək qazana bilməyib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Varşava Müqaviləsi Təşkilatı dağılsa da NATO öz aktuallığını itirməyib: “İkinci Dünya Müharibəsindən sonra SSRİ Avropanı öz təcavüzkar siyasəti ilə təhdid edirdi. Buna alternativ olaraq NATO yaradıldı. SSRİ-nin süququndan sonra Varşava bloku da dağıldı. “Soyuq müharibə”dən sonra bəziləri düşünürdü ki, artıq NATO-ya ehtiyac yoxdur. Amma mənim fikrimcə, NATO-ya ehtiyac var. Çünki NATO yalnız Avropanın təhlükəsizliyi ilə məşğul olmur. NATO qüvvələri Əfqanıstanda da var.

Başqa təhlükələr də mövcuddur. Rusiyanın özü də hazırda Avropa üçün böyük təhlükədir. NATO beynəlxalq terrorçuluğa qarşı mübarizədə də iştirak edir. Sadəcə olaraq, Fransa özünü təcrid vəziyyətinə salmaqla qarşısına daha böyük hədəflər qoymuş kimi nümayiş etdirir. Ona görə də Makronun bu açıqlaması Türkiyə Prezidenti Ərdoğanın təbiqincə desək, onun siyasətdə naşılığını göstərir. Fransa NATO-nun üzvü olduğu halda bu təşkilatı necə yox hesab etmək olar? ABŞ-ı da bu cür bəyanatlar qıcıqlandırır. Təsadüfi deyil ki, ABŞ-ın eks-prezidenti Donald Tramp Makronu nəzərədə tutaraq demişdi ki, əgər biz olmasaydıq, hazırda Fransada alman dilində danışırdılar.

Bu o deməkdir ki, ABŞ İkinci Dünya Müharibəsi zamanı Fransanı azad etməsəydi, Fransa faşist Almaniyasının əsarətində qalacaqdı. Ona görə də Makronun bu açıqlaması heç nəyi ifadə etmir. Çünki onun bu sözlərini Almaniya kansleri, NATO-ya daxil olan digər Avropa ölkələri təkrar etmir. Şərqi Avropa ölkələri, xüsusilə də Polşa, Baltikyanı dövlətlər öz təhlükəsizliyini təmin etmək üçün NATO-nun qalmasında maraqlıdır. Sadəcə olaraq, 2022-ci ildə Fransada prezident seçkiləri keçiriləcək. Makronun reytinqi də getdikcə aşağı düşür. Görünür, o reytinqini qaldırmaq üçün bu cür millətçi şüarlarla çıxış etməyə üstünlük verir”.

Qeyd edək ki, ABŞ-da Co Bayden prezident seçildikdən sonra NATO-nu gücləndirmək üçün Transatlantik inteqrasiya siyasətinə üstünlük verib və Avropadakı müttəfiqləri ilə münasibətləri daha da yaxınlaşdırmağı vacib hesab edir. Lakin E.Makronun açıqlaması onun bu məsələdə ABŞ prezidentindən fərqli mövqe tutduğunu göstərir.

Elxan Şahinoğlunun sözlərinə görə, Makron belə bəyanatlar səsləndirməklə Baydenin Avropaya marağını artırmağa çalışır. Yəni Fransa prezidenti ABŞ-ı Avropanın təhlükəsizliyinə daha çox diqqət ayırmağa sövq edir: “Makron Türkiyə əlyhinə siyasət yürüdür və istəyir ki, bütün ölkələr də bu məsələdə onu dəstəkləsin. Amma Almaniya fərqli mövqe tutur. Böyük Britaniyanın Türkiyə ilə sıx əlaqələri var. ABŞ-ın Türkiyə ilə münasibətlərində müəyyən problemlər olsa da bu ziddiyyət düşmənçilik səviyyəsində deyil. Hər bir ölkənin özünün maraqları var və hamı Fransa prezidenti kimi düşünmür. Makron demək istəyir ki, Fransa NATO-dan kənarda da özünü qorumağa çalışa bilər. Fransa Liviyada, Yunanıstanda Türkiyəyə qarşı çıxmaqla NATO-dan kənar hərbi siyasət yürütməyə çalışır. Amma hesab edirəm ki, Fransada yeni prezident seçilsə, ola bilsin ki, NATO-ya münasibətdə Makrondan fərqli mövqe tutacaq. Sual oluna bilər ki, əgər Fransa dövləti NATO-nu bəyənmirsə, o zaman nəyə görə bu alyansın üzvü olaraq qalır?”.

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 3587