hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Manat gələn il də etibarlı olacaq

Manat gələn il də etibarlı olacaq

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov 2020-ci ildə manatın məzənnəsinə aydınlıq gətirib. 

Elman Rüstəmov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, gələn il qarşıda duran başlıca vəzifə makroiqtisadi sabitliyin təmin olunmasıdır. O qeyd edib ki, növbəti ildə də qiymət sabitliyi və manatın məzənnəsinin dayanıqlılığı diqqət mərkəzində olacaq: “Artıq üçüncü ildir ki, manatın xarici valyutaya nisbəti sabitdir”.

Qeyd edək ki, bir müddət əvvəl Maliyyə Nazirliyi 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatında növbəti ildə manatın məzənnəsinə dair proqnoz vermişdi. Bildirilir ki, tədiyyə və ticarət balanslarındakı müsbət dinamika, monetar və fiskal siyasətlərin sıx əlaqələndirilmiş şəkildə yürüdülməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək. Bu əsasda 2020-ci il üçün manat/ABŞ dolları məzənnəsinin 1,7 səviyyəsində olması proqnozlaşdırılır. Bundan əlavə, bildirilir ki, inflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyinin qorunub saxlanılması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərində müsbət təsir göstərəcəkdir. Proqnozlara əsasən, növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin real ifadədə orta hesabla 8,3 faiz artaraq 2023-cü ildə 80,3 milyard manata, xərclərinin isə 7,9 faiz artaraq 69,4 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır. Cari ildə əhalinin sosial rifahının yüksəldilməsi üçün həyata keçirilmiş tədbirlərin nəticəsində iqtisadiyyatın bütün sahələri üzrə orta aylıq əməkhaqqı səviyyəsinin 2020-ci ildə 15,5 faiz artımı gözlənilir.

Məlumdur ki, ölkəmizin maliyyə durumu və iqtisadiyyatı bilavasitə xarici valyutalardan asılıdır. Azərbaycanda xarici valyutanın 90 faizdən çoxu neft sektorundan daxil olur. Aydındır ki, neftin qiymətinin aşağı düşməsi fonunda manatın məzənnəsini saxlamaq da mümkün olmur. 2015-ci ildə iki devalvasiya nəticəsində manat 2 dəfədən çox ucuzlaşdı. Ekspertlər hesab edir ki, ölkənin maliyyə sistemindəki, o cümlədən iqtisadiyyatındakı problemləri həll etmək üçün manat tam sərbəst üzən məzənnəyə keçməlidir.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, həm Mərkəzi Bankın, həm də hökumət nümayəndələrinin açıqlamaları Azərbaycanda tənzimlənən məzənnə rejiminin olduğunu sübut edir:

“Manatın məzənnəsi inzibati qaydada tənzimlənir, iqtisadi əsaslardan söhbət getmir. Əsas baxılacaq kriteriya neftin qiymətidir. Çünki başqa iqtisadi məsələlərin manata ciddi təsiri olmur. Nə qədər ki, büdcədə nəzərdə tutulmuş neft qiyməti ilə real qiymət arasında ciddi fərq yaranmayıb, manatın məzənnəsi üçün də ciddi təhlükə yoxdur. Yəni, 2019-cu ildə büdcədə neftin qiyməti 60 dollardan götürülmüşdü, ilin sonuna qədər orta qiymət təqribən 67-68 dollar civarında olacaq. Bu da Azərbaycan üçün kifayət qədər komfortlu bir rəqəmdir. Ona görə də bu il manatın məzənnəsində ciddi dəyişiklik olmadı. 2020-ci ilin büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. Əgər qiymət bu civarda qalarsa, yenə manatın ciddi məzənnə dəyişikliyinə ehtiyac yaranmayacaq”.

İqtisadçı hesab edir ki, inzibati qaydada tənzimlənən məzənnənin yaradacağı böhran dalğaları daha ciddi və böyük fəsadlara yol açır: 

“Təqribən 10 ilə yaxın sabit məzənnə rejimində yaşadıq. 2015-ci ildə baş vermiş iki devalvasiya nəticəsində manat 2 dəfədən çox ucuzlaşdı. İnzibati tənzimləmə bu cür təhlükələrə açıqdır. Əgər Azərbaycan, doğrudan da, qeyri-neft sektorunu, eləcə də turizmi inkişaf etdirmək istəyirsə, manat tam sərbəst üzən məzənnəyə keçməlidir. Nəzərə almaq lazımdır ki, həm qeyri-neft sektorunda, həm də turizmdə Azərbaycana rəqibi olan ətraf ölkələrin valyutalarındakı məzənnə dəyişikliyi həmin ölkələrin istər turizm, istərsə də ixracat potensialını artırır. Bu nöqteyi-nəzərdən sabit və bahalı manat gələcəkdə Azərbaycan iqtisadiyyatı üçün bəzi fəsadların yaranmasına, rəqabətdə uduzmasına səbəb olan bir amilə çevriləcək”.

Natiq Cəfərli onu da vurğulayıb ki, ölkənin dollar tələbatın Neft Fondu ödəyir, yerində alınmış manatı isə büdcəyə transfert edir: 

“Ümumiyyətlə, Mərkəzi Bank operator rolunda iştirak edir. Mərkəzi Bankın ehtiyatlarının artmasının səbəbi onun yaxşı çalışmasından irəli gəlmir. Mərkəzi Bank hərraclar zamanı artıq qalan dolları manata çevirir ki, büdcəyə transfert olunsun. Çünki büdcənin tən yarısı Neft Fondunun vəsaiti hesabına formalaşır və ora dollarla pul transfert etmək mümkün deyil. Köçürülmə manatla olmalıdır ki, əməkhaqqılar, sosial xərclər və digər müavinətlər ödənilsin. Hərraclar zamanı bankların almadığı dolları Mərkəzi Bank aldığı üçün onun valyuta ehtiyatları da artır”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 2135