hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Manatla bağlı xəbərdarlıq: Əsas varmı?

Manatla bağlı xəbərdarlıq: Əsas varmı?

Əli Əhmədov: “Dəhliz içərisində məzənnə müəyyən qədər oynamalıdır ki, biznes, əhali müəyyən qədər buna öyrəncəli olsun”

Uzun müddətdir ki, Azərbaycanda manat-dollar məzənnəsi sabitdir. Baş verən devalvasiyalardan sonra hökumət inzibati yollarla Dövlət Neft Fondundan ayırmaların hesabına məzənnəni sabit saxlayır. Bu hələ ki, vətəndaşların, o cümlədən də biznes sturukturlarının xeyrinə olsa da, iqtisadçılar sabit məzənnə rejiminin ümumilikdə iqtisadiyyata mənfi təsirlərinin olduğunu bildirirlər. Beynəlxalq kredit reytinqi agentliyi "Moody's Investors Service" ("Moody's") də sabit məzənnə rejiminin təhlükəli ola biləcəyini bəyan edib və bununla bağlı Azərbaycan hökumətinə və Mərkəzi Bankına xəbərdarlıq edib.

"Moody's"ə görə, sabit məzənnə rejimində şirkətlər və əhali arxayınlaşır və növbəti iqtisadi şokda böyük zərərə düşürlər.

"Marja"nın məlumatına görə, Agentlik Azərbaycanın reytinqini təsdiq edərək açıqlama yayıb. Açıqlamada bildirilir ki, manat 2015-ci ilin Dekabr ayında "üzməyə" başlayıb, amma 2017-ci ilin əvvəlindən ABŞ dollarına qarşı çox sabit olub. "Moody's"in fikrincə, məzənnədə qeyri-sabitliyin olmaması sual doğurur. Çünki "üzən məzənnə" rejimi barədə Mərkəzi Bankın öhdəliyi var idi.

“Moody's” xəbərdarlıq edir ki, Dollar/Manat məzənnəsinin sabit qalması müəssisələr və istehlakçıların arxayınçılığı ilə nəticələnə bilər. Məzənnənin sabitliyi uzunmüddətli səylərə ziddir və valyuta məzənnəsi iqtisadiyyat üçün “şok amartizatoru” olmalıdır (şokun təsirini azaldan). 

İqtisadçı Əli Əhmədov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, beynəlxalq agentlik əslində haqlıdır: 

“Amma, iqtisadi inkişaf üçün devalvasiyadan sonrakı dövrdə müəyyən bir sabitlik zəmanəti olmalıdır. Çünki, xaricdən ticarət əməliyyatları aparılır, kreditlər, valyuta ilə hansısa avadanlıqlar alınır, ölkədə hansısa valyuta məzənnəsi dəyişən zaman biznes böyük zərərə düşür. Bu cür halların baş verməməsi üçün hökumət tənzimlənən məzənnə müəyyən edib. Artıq 2 ilə yaxındır ki, dollar 1.70 AZN məzənnəsində sabitləşib. Bu bir tərəfdən yaxşıdır ki, biznes planlar qurulan zaman bütün məqamları dəqiqləşdirilə bilir, arxayınçılıq yaranır ki, planlar dəyişməyəcək, qəfil xərclər çıxmayacaq. Sabit məzənnə həm də əhaliyə yaxşı təsir edir, çünki vətəndaşlar öz işlərini planlaya bilirlər”. İqtisadçının sözlərinə görə, məzənnəni hansısa dəhliz arasına buraxmaq olar: “Dəhliz içərisində məzənnə müəyyən qədər oynamalıdır ki, biznes, əhali müəyyən qədər buna öyrəncəli olsun. Azərbaycan iqtisadiyyatı, təxminən, daim evdə oynayan, heç zaman həyətə çıxmayan uşağa bənzəyir. Yəni, nə vaxt çölə çıxacarsa, ona soyuq dəyəcək. Müəyyən müddətdir məzənnə dəyişikliyi yoxdur, heç kim riskləri nəzərə almır, bu manat əmanətlərində də özünü göstərir. İqtisadiyyat bu cür rahatlığa öyrəşən zaman, şok baş verən zaman müəyyən mənfi hallara gətirib çıxara bilir. Doğrudur, mövcud tədiyyə balansına baxanda o qədər də böyük şoklar gözlənilmir, devalvasiya təhlükəsi yoxdur. Amma ümumilikdə Agentliyin iradı doğrudur ki, iqtisadiyyat, biznes bərkə-boşa hazır olmalıdır. Bununla belə, qısamüddətli dövr üçün üzən məzənnə siyasəti daha doğru seçimdir. Problemli kreditlərlə bağlı məsələnin həlli də məzənnənin sabitləşməsinin sayəsində mümkün oldu”.

İqtisadçı yaxın zamanlarda milli valyutası dəyər itirən Türkiyənin şoka davamlı olduğunu dedi: 

“Orda fəaliyyət göstərən böyük şirkətlər ona görə müflis olmadılar ki, orada lirə-dollar məzənnəsi daim oynayıb və biznes buna öyrəşib. Doğrudur, müflis olanlar oldu, amma tam iqtisadiyyat çökmədi”. 

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1321