hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Masa arxası cağırışlar reallaşır: “Həbslər demokratik dəyişikliyə hesablanır”

Masa arxası cağırışlar reallaşır: “Həbslər demokratik dəyişikliyə hesablanır”

“Ölkədə siyasi münasibətlər sistemində müsbət dəyişikliklər baş verir. Korrupsiya və rüşvətxorluğa qarşı dövlətin prinsipal olaraq davam etdirdiyi həbslərinin yuxarıdan başlayaraq davam etməsi, yeni siyasi mənzərənin formalaşmasına gətirir”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, sözügedən həbslər ölkədə vətəndaş cəmiyyətinin inkişafına, demokratik dəyişikliyə hesablanır:

“Əlbəttə ki, Prezident İlham Əliyevin birbaşa başçılığı ilə bu islahatların mərhələli şəkildə aparılması daxili və xarici siyasətdə ölkənin mövqeyinin güclənməsinə, xalqın dövlətə etimadının daha da artmasına gətirib çıxarır. Qeyd edim ki, bu islahatlara mane olan və əks-təbliğat aparan müxalifətdə və iqtidarın içində olanlar da var. Radikal müxalifətdə və iqtidarda bəzi köhnə qvardiyanın üzvlərinin islahatlar dalğasına mane olmaq cəhdləri qətiyyətlə prezident tərəfindən qarşısı alınmaqdadır. Hesab edirəm ki, dövlət başçısı tərəfindən aparılan siyasətə dövlətçilik baxımından dəstək verilməlidir. Çünki hazırkı situasiyada bu islahatlar siyasi açılımı özündə ehtiva edir. Məhz AXCP sədri, millət vəkili Razi Nurullayev də ölkədə aparılan bu siyasi islahatlara dəstək verməklə, dövlətçiliyin yanında olduğunu ortaya qoyur. Millət vəkilinin bu mövqeyi xalqın və dövlətin rifahı naminə atılan ən doğru addımdır. Məhz siyasi münasibətlər sistemində demokratik prosesə zərbə vurmaq yox, dəstək vermək lazımdır”.

Partiya rəsmisi əlavə edib ki, AXCP sədrinin sivil siyasət kursu həm müxalifətin sağlamlaşdırılması, həm də siyasi dəyərlərin dövlətçilik amalına transformasiyasını təşkil edir:

“Çünki uzun illərdir ki, ənənəvi müxalifət tərəfindən aparılan siyasət şəxsi mənafelərə söykənir. Bu gün AXCP sədrinin bütün çıxışlarında nümayiş etdirdiyi siyasət və ortaya qoyduğu mövqe kifayət qədər müxalifət cəbhəsində yeni siyasi canlanmaya gətirib çıxarır. Onun bir neçə il əvvəl sivil mübarizə təklifləri artıq bəzi müxalifət partiyaları və iqtidar tərəfindən qəbul edilib. Hazırkı prosesdə bu xəttə üstünlük verilir. Razi Nurullayevin müxtəli platformalarda səsləndirdiyi tezislər və “gəlin masa arxasında oturub birgə problemləri həll edək” çağırışı reallaşır”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 12761