hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

MDB-dəki münaqişələrə davam, yoxsa tamam? - “Putin hakimiyyətdən gedən kimi...”

MDB-dəki münaqişələrə davam, yoxsa tamam? - “Putin hakimiyyətdən gedən kimi...”

Etnik separatizmdən əziyyət çəkən təkcə Azərbaycan deyil.

Dağlıq Qarabağ tipli problemlər digər dövlətlərdə də var. Azərbaycan 30 il səbr etsə də, nəhayət, bu problemin həllinə xeyli dərəcədə yaxınlaşıb. Lakin Ukrayna, Gürcüstan, Moldova kimi dövlətlər hələ də öz ərazi bütövlüyünü təmin edə bilmirlər. Ukraynanın Krım, Donbas bölgələri, Gürcüstanın Cənubi Osetiya və Abxaziya, Moldovanın Dnestryanı əraziləri hələ də dondurulmuş münaqişə zonası kimi qalmaqdadır.

Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsindəki qələbəsinin bu dövlətlərə də motivasiya olacağı bildirilir. Xüsusən Moldovada prezident seçkilərini qazanan Maya Sandu özünün qərbmeyilli bəyanatları ilə gündəmə gəlib. Xanım Sandu Dnestryanı münaqişənin Moldovanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini tələb edir. Lakin o, bu yolda lazım gələrsə, NATO dövləti olan Rumıniya ilə birləşə biləcəklərini də istisna etmir. Bu isə Rusiyanın maraqlarına cavab vermir. Ona görə də Rusiyanın bu münaqişə ocaqlarındakı problemin həllində hər hansısa güzəştli addım atacağını da düşünənlər var.

Maraqlıdır, bu dövlətlərin uzun illərdir konservləşdirilmiş ərazi problemləri nə zaman həllini tapacaq? ABŞ-ın yeni iqtidarı bu münaqişəli ərazilərə məsələsini qaldırmaqla Rusiyaya sanksiyaları artıracaqmı?

Politoloq Elşən Manafov “Cümhuriyət”ə açıqlamasında deyib ki, Bayden iqtidarı dönəmində Qərbin Rusiyaya sanksiyalarının artacağı ehtimalı böyükdür:

“Moldovada Rusiyayönümlü İqor Dodonun seçkiləri uduzması perspektivdə bu ölkənin Rusiya ilə münasibətlərinin pisləşməsinə gətirib çıxara bilər. Çünki hakimiyyətə gəlmiş yeni qüvvələr açıq etiraf edirlər ki, onlar Moldovanın Qərbə inteqrasiyasının tərəfdarıdırlar. Onlar perspektivdə Moldovanın Rumıniya ilə birləşdirilməsi istiqamətində addımlar atacaqlarını istisna etmirlər. Nəzərə alsaq ki, Rumuniya NATO ölkəsidir, o zaman bu birləşmə Rusiyanın MDB məkanında zəifləməsi anlamına gəlir və NATO-nun bu məkanda güclənməsi üçün münbit şəraitin yaranması demək olur. Rusiyanın öz sülhməramlılarını Azərbaycana yerləşdirməsi də mövcud geosiyasi reallıqlardan irəli gəlirdi. Aydın məsələdir ki, Azərbaycan tərəfi Ermənistana qarşı apardığı Vətən müharibəsinin gedişində Rusiyanın mövqeyini diqqətlə izləyirdi və Kremlin məsələyə kifayət qədər loyal mövqeyi Ermənistan üzərində qələbə çalmağımıza imkanlar da yaratmış oldu deyə bilərik. Doğrudur, hüquqi baxımdan Rusiyanın Azərbaycan ərazisində gedən proseslərə müdaxilə etmək imkanları yox idi. Lakin Rusiya helikopterinin vurulması məsələsi kimi hadisələr Rusiyaya fürsət idi. Hətta "Rusiya guya Ermənistan ərazisi vurulur" adıyla qeyri-rəsmi də olsa, prosesə müdaxilə edə bilərdi. Amma Putinin, əməliyyatların Azərbaycan ərazisində getdiyini bəyan etməsi və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququnun olduğunu deməsi, Moskvanın Bakı ilə münasibətlərə verdiyi önəm baxımından əhəmiyyətli bir hadisədir. Bu mənada mövcud münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində Rusiyanın rolu Türkiyə qədər olmasa da, müəyyən qədər olduğu birmənalıdır. Digər tərəfdən Rusiya Qərbə mesaj verdi ki, Cənubi Qafqaz hələ də onun təsir dairəsindədir. Gürcüstanın Abxaziya və Cənubi Osetiya əraziləri ilə bağlı olan problemin yaranmasındakı məqsəd, bu ölkənin Qərbə inteqrasiyasının qarşısını almaq idi. Buna da nail oldu. Moldovada yaşanan hadisələr isə Qərbə Rusiyanın münasibətlərini daha fərqli müstəviyə daşıya biləcəyi istisna edilmir. Ona görə ki, ABŞ-da qlobalistlər meydana gəliblər və onların Bayden iqtidarı dönəmində Rusiyaya sanksiyaları gücləndirəcəyi ehtimalı böyükdür”.

Politoloq qeyd edib ki, əgər Moldova Rumıniya ilə birləşib NATO-ya inteqrasiya etməyə çalışarsa, Rusiya onun təhlükəsizliyi üçün ciddi problemlər yaradacaq:

“Baydenin hakimiyyətə gəlməsində Çinin də rolu oldu. Ehtimal olunur ki, Çinin də loyal yanaşması ilə ABŞ Bayden iqtidarı dönəmində İrana qarşı münasibətləri Barak Obama dövründəki kimi yumşaldacaq və bu da dolayısı ilə Rusiyanın təklənməsi deməkdir. Çünki ABŞ bu yolla Çin və İrandan Rusiyaya olan mümkün dəstəyin qarşısını alacaq. Yəni an azından Rusiyanın bu ölkələrdən geosiyasi anlamdakı dəstəyini kəşməyə çalışacaqlar. Rusiya enerji resurslarından, yəni neft və qazdan asılı iqtisadiyyata malikdir. Qlobalistlər isə “Şimal- 2” axınının qarşısını almağa çalışırlar. Moldovadakı vəziyyət artıq Qərbin xeyrinə dəyişib. Burada açıq deyək ki, Rusiyanın geri çəkilmək şanslarının olmadığı görünür. Gedən proseslərdə Rusiya və Türkiyənin Baydenə qarşı eyni mövqedən çıxış edəcəyini istisna etmirəm. Təbii ki, artıq mübarizə kifayət qədər fərqli və ciddi müstəvi üzərinə keçəcək. Burada bir məqam da ondan ibarətdir ki, Moldovanın yeni hökuməti bütün hallarda Rusiya ilə inteqrasiyanın əleyhinə olmadığını deyib. Çünki Moldovanın iqtisadiyyatı, xüsusən onun kənd təsərrüfatı üçün bazarlar, məhz Rusiyadadır. Bunu Moldovanın iş adamları da bilir. Xatırladaq ki, Türkiyə ilə Rusiya arasında gedən “pomidor müharibəsi” və bundan türkiyəli iş adamlarının zərər görməsi Ərdoğanı Rusiyaya qarşı güzəştə getməyə məcbur etdi. Eyni aqibət Moldovada da yaşanacaq. Çünki Moldova heç bir formada Avropa ilə bağlı bir ölkə deyil. Moldova öz məhsulları ilə Avropa bazarlarına çıxmaq iqtidarında olan bir dövlət deyil. Hesab edirəm ki, Moldovanın yeni hakimiyyəti də bunun fərqinə varacaq və ən azından burada uzlaşdırma siyasəti aparılacaq. Moldovanın birbaşa Qərbə inteqrasiya istiqamətini tutması perspektivdə onun təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər. Çünki Rusiya Moldovanın Rumıniya ilə birgə NATO tərkibinə daxil olmasını qəbul edə bilməz. İqor Dadondan fərqli olaraq, yeni prezident Maya Sandu Moldovanın federallaşmasının əleyhinə çıxır və Dnestryanı ərazilərin hüquqi həlli variantının Moldovanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu qeyd edir. O, lazım gələrsə, Moldovanın Rumıniyaya birləşdirilməsinə gedəcəyini də istisna etmir. Göründüyü kimi, qlobalistlər Moldovanı Rumuniyaya birləşdirməklə NATO-nun Şərqə doğru genişlənmə planını hazırlayıblar. Maraqlıdır ki, Maya Sandu bu birləşmə zamanı hər hansı bir konfederativ dövlətin yaranmasından bəhs etməyib. Rusiyapərəstlər məhz bu faktordan çıxış edib, onu ölkə qanunlarının əleyhinə çıxmaqda suçlayacaqlar. Bu hüquqi müstəvidə Rusiyanın perspektivdə ata biləcəyi ən real addımdır. Ardınca isə təxribatlar başlanacaq, Rusiya sülhməramlılarına hücum olunduğunu bəhanə edərək qlobalistlərin layihəsinin həyata keçirilməsinin qarşısı alınacaq. Bundan sonra isə Rusiya bazarları ilə əlaqəli olan Moldova biznesmenlərinin namizədlik məsələsi qaldırılacaq. Yəni “Moldova İvanişvilisinin” taxta çıxarılması məsələsi gündəmdə olacaq”.

E.Manafov Dağlıq Qarabağ məsələsi ilə vəziyyətin Ukraynanın, Gürcüstanın, Moldovanın ərazilərindəki vəziyyətdən fərqli olduğunu da qeyd edib:

“Ukraynanın münaqişə bölgələri olan ərazilərində əvvəldən də ruslar yaşayıb. Rusiya bu mövqedən çıxış edərək Krımı ilhaq etdi. Amma Dağlıq Qarabağda Rusiyanın bu imkanı yox idi. Qarabağda ermənilərin özü də sonradan köçürülmədir. Rusiya özü də bunu etiraf edir. Ona görə də bu məsələ digər separatizmə məruz qalan ərazilərlə müqayisədə fərqlidir. Moldova nə qədər Qərbə meyl etsə də, onun bazarı Rusiyadan asılı olduğu üçün hesab ediəm ki, yaxın perspektivdə Rumıniya ilə birləşmək məsələsini gündəmə gətirməyəcək. Rusiya atdığı addımla Gürcüstanın Qərbə inteqrasiyasının qarşısını alıb. İstisna etmirəm ki, gələcəkdə belə kart-blanş Moldovada da keçiriləcək. Krım məsələsinə gəldikdə isə Rusiya onu öz təhlikəsizliyini “qaranti etmək” üçün ilhaq etdi. Çünki əks təqdirdə NATO gəlib Sevastopolda yerləşəcəkdi. Ukraynanın digər əraziləri olan Donbas və Donesk məsələsini isə Rusiya “Normand dördlüyü” çərçivəsində həll etməyə hazırdır. Yəni Rusiya bu ərazilərə Ukrayna daxilində muxtariyyət istəyir. Hesab edirəm ki, Rusiya Dnestryanı ərazilər məsələsində Moldovaya da güzəştə gedə bilər. Lakin bir şərtlə ki, Moldovanın siyasi rəhbərliyi Rumıniyaya birləşməyəcəyi və NATO-ya inteqrasiya istiqamətlərindı hərəkət etməyəcəyi barədə Rusiyaya təminat versin. Yalnız güzəşt bu halda ola bilər”.

Politoloq hesab edir ki, qlobalistlər enerji tariflərini aşağı sala bilsələr, Rusiyaya təzyiqləri artıracaqlar:

“Etiraf etmək lazımdır ki, Rusiyanın iqtisadiyyatı bu gün də enerji faktorundan asılıdır. Ona görə də qlobalistlər enerji tariflərini aşağı sala bilsələr, Rusiyaya təzyiqləri artıracaqlar. Putin iqtidarı dönəmində Rusiya elə bir siyasət ortaya qoymalıdır ki, ölkə iqtisadiyyatı Qərb bazarlarından asılı olmasın. Bunun üçün Rusiyada müəyyən addımlar atıb. Lakin bu kifayət deyil. Rusiyanın hələ də Qərb texnologiyalarından asılılığı qalmaqdadır. Putin çalışacaq ki, Avrasiya məkanı çərçivəsində iqtisadi prosesləri gücləndirsin. Hətta Azərbaycanın da bu məkana qatılması üçün müəyyən təkliflər ola biləcəyini istisna etmirəm. Zamanında Türkiyənin də bu məkana maraqları vardı. Əgər Türkiyə Mərkəzi Asiyada öz mövqelərini gücləndirmək istəyirsə, təbii ki, Rusiya ilə Avrasiya iqtisadi məkanında əməkdaşlığa maraqlı olacaq. Əgər bu islahatlar aparılsa, Rusiya Qərbə iqtisadi cəhətdən də qarşılaşmağa hazır olacaq. Amma nə qədər ki, Rusiya bunu öz hərbi qüdrəti ilə edirsə, bu uzun müddət davam gətirməyəcək. Çünki hərbi gücü saxlamaq üçün kifayət qədər vəsait lazımdır. Hər şey Rusiyanın həyata keçirəcəyi siyasi, iqtisadi və hüquqi islahatlardan asılı olacaq. Əgər Rusiya yenidən “neft iynə”sinin üzərində oturmağa çalışsa, Qərb onu zəiflədib, daxildən parçalamağa çalışacaq. Bütün bu islahatlar Putin dönəmində olmalıdır. Çünki Rusiyada hələ varis məsələsi həll olunmayıb. Putin hakimiyyətdən gedən kimi Qərb çalışacaq ki, orada ən azından Medvedev kimi birini hakimiyyətə gətirib, Rusiyada islahatların həyata keçirilməsinin qarşısını almağa çalışacaq. Bununla da Rusiyanı Qərbdən tam şəkildə asılı salmağa çalışacaqlar”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 10627

Bizim Telegram səhifəmizi izləyin