hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Media rəhbərlərinin yeni agentlikdən gözləntiləri: Çoxsaylı problemlər həllini tapacaq? – BİZİM SORĞU

Media rəhbərlərinin yeni agentlikdən gözləntiləri: Çoxsaylı problemlər həllini tapacaq? – BİZİM SORĞU

Azərbaycan mediasının çoxsaylı problemləri var ki, bu problemlər kütləvi informasiya vasitələrində çalışanların demək olar ki gündəlik olaraq qarşısına çıxır.

Ölkədə azad reklam bazarının olmaması media orqanlarının təminat məsələsini çətinləşdirir. Bu və digər məsələlərdən doğan problemlər hazırda aktual olaraq qalmaqdadır.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərmanı ilə yeni qurumun – Medianın İnkişafı Agentliyinin yaradılması çoxsaylı problemlərin həllini tapacağına ümidləri artırıb.

Bəs media qurumlarının rəhbərlərinin yeni Agentlikdən gözləntiləri nədir? Əsasən hansı problemlərin həllini tapacağı gözlənilir?

“Növbə dördüncü hakimiyətin islah edilməsinindir”

“Yeni Musavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, medianın problemləri həddindən artıq çoxdur:

“Yeni çağırışlara, yeni dövrə uyğun qanunverciliyimiz belə yoxdur. Media sahəsi Azərbaycanın digər sahələrində olduğu kimi ciddi və radikal islahatlara ehtiyac olan sahədir. Mən Media İnkişaf Agentliyinin yaradılmasını və mətbuat, onun inkişafına istiqamətləndirilmiş bütün qurumların fəaliyyətinin koordinasiya olunmasını məhz bu islahat konteksində dəyərləndirirəm”.

Baş redaktor hesab edir ki, artıq media ilə bağlı islahatlara start verilib:

“Məlumdur ki, bundan əvvəl hakimiyyətin digər qolları - icra hakimiyyəti, parlament islah prosesinə məruz qalmışdı, burada həm kadr, həm də struktur islahatları həyata keçirilmişdi. İndi isə nöbvə dördüncü hakimiyyət sayılan mətbuatın islah edilməsinindir. Bundan sonra məhkəmə hakimiyyətinin də islah prosesinə qoşulması gözlənilir”.

Rauf Arifoğlu Agentlikdən gözləntilərin böyük olduğunu deyib:

“Vahid vəsiqə sistemindən tutmuş, internet, media azadlığı məsələlərinə, eləcə də mətbuata aid gündəmdə nə qədər məsələ və problem varsa, hamısının sistem halına salınacağı, qanunvericilikdə təsbit olunacağını gözləyirəm. Eyni zamanda “Reklam haqqında” qanunun təkmilləşdirilməsi vacibdir. Bütövlükdə media sahəsində islahatlara ciddi ehtiyac var və bu prosesə start verilməsi mənim üçün olduqca pozitiv bir məqamdır”.

“Azad, məsuliyyətli və keyfiyyətli mətbuatın yaradılması – başqa problem yoxdur”

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, hakimiyyət etiraf etməlidir ki, indiyədək media ilə bağlı aparılan siyasət düzgün olmayıb və bu siyasətin dəyişməsində israrlıdır:

“Buna görə də Əli Həsənov işdən çıxarıldı, Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu ləğv olundu və onun yerinə Agentlik yaradıldı. Bəyan olunmalıdır ki, yeni siyasətin aparılmasına başlanılıb və bu siyasətin nədən ibarət olunduğu da açıqlanmalıdır”.

Mehman Əliyev deyir ki, Azərbaycanda əsas məsələ azad, məsuliyyətli və keyfiyyətli medianın yaradılmasından ibarətdir:

“Biz indiyədək nə ediləcəyini bilmirik. Qanuna dəyişiklik olmalıdır. 15 il ərzində “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanuna xeyli dəyişiklik edilib ki, bunlar əsasən mətbuatın azadlığını məhdudlaşdıran qərarlar olub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müəyyən səlahiyyətlər vermişdilər ki, bu da məhdudlaşdırıcı xarakter daşıyırdı. Yeni konsepsiya, yeni siyasət ortaya qoyulmalıdır və onun çərçivəsində dəyişikliklər olmalıdır. Hələ ki, bunları görmürük. Gözləyək, bəlkə bu qurum hansısa konsepsiya ortaya qoydu. Əslində xeyli vaxtdır ki, rəhbərlik dəyişib və indiyədək bu konsepsiya ortaya qoyulmalı idi. Əvvəlki fikirimə qayıdıram ki, azad, məsuliyyətli və keyfiyyətli mətbuatın yaradılması – başqa problem yoxdur”.

“Elektron kütləvi informasiya vasitələri də dövlətin stimullaşdırıcı proseslərinə qatılır”

“Şərq” qəzetinin Baş redaktoru Akif Aşırlı Cebhe.info-ya açıqlamasında bildirib ki, media cəmiyyətin bir hissəsidir və cəmiyyət yeniləşdikcə media da dəyişir:

“Biz bunu dünya mediasında baş verən proseslərdən görürük. Azərbaycan mediası da beynəlxalq jurnalistikanın bir elemtidir və dünya media sistemlərində baş verən proseslər ölkə mediasına da təsirsiz ötüşmür, istər-istəməz proseslərin tərkib hissəsinə çevirilik. KİVDF-nin əsasında Medianın İnkişaf Agentliyinin yaradılması mütərəqqi addımdır. Mütərəqqi cəhət həm də ondan ibarətdir ki, Agentlik bütövlükdə media sisteminin inkişafına yönəlik layihələrin icrasına, işlərin aparılmasına məsuldur. Çap mediası ilə yanaşı elektron kütləvi informasiya vasitələri də media strukturu olaraq dövlətin stimullaşdırıcı proseslərinə qatılır və inkişaf meyillərini müəyyənləşdirir”.

Baş redaktor bildirir ki, “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunda dəyişiklikyin edilməsi labüd idi:

“Biz bir neçə dəfə bu məsələnin üzərində dayanmışdıq ki, bu qanunvericilik aktı dəyişilməlidir. Çünki ənənəvi media ilə yanaşı yeni media strukturları da formalaşıb, yeni media anlayışları da bu sahəyə daxil olub. Ona görə də proseslərin tam şəkildə, bir çevrədə aparılması daha doğru idi və hesab edirəm ki, qanuna dəyişikliklərdə də bu nəzərə alınacaq. Digər istiqamət isə bundan ibarətdir ki, biz yaradıcılıq məsələlərinə bir daha diqqət yönəltməli və rəqabətli mühitdə fəaliyyətə hazır olmalıyıq. Media təkcə yaradıcılıq sahəsi kimi deyil, eyni zamanda biznes strukturu olaraq öz fəaliyyətini stimullaşdırmalı və istiqamətləri düzgüm müəyyənləşdirməlidir. Bu baxımdan da belə bir Agentliyin yaradılması tam zamanında verilmiş qərardır”.

Xatirə Nəsirli
Cebhe.info


Oxunma sayı: 1695

Bizim Telegram səhifəmizi izləyin