hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Medianın inkişafına nədən başlamalı? - Bir qərarla nail olacağımız nəticələr: Rəfail Becanov yazır

Medianın inkişafına nədən başlamalı? - Bir qərarla nail olacağımız nəticələr: Rəfail Becanov yazır

Medianın durumu və indiki fəaliyyətinin günümüzə adekvat olmamasına ekspertlər, media rəhbərləri, jurnalistlər tərəfindən dəfələrlə toxunulub. Amma nəticə olmayıb.

Problemlər müzakirə edilsə də, şəxsi yanaşmalar nəticəni əngəlləyib. Prezidentin Medianın İnkişafı Agentliyinin yaradılması ilə bağlı Fərmanı mətbuatın yeni dövrə uyğunlaşacağı ilə bağlı böyük ümidlər yaradıb. Uzun illər davam edən durğunluq dövrü bitməli və ölkənin ictimai-siyasi həyatında davam edən islahatlar paketinin tərkib elementlərindən biri də media olmalıydı.

Nəhayət, o gün gəldi. KİVDF dediyimiz, əslində isə jurnalistlərin və böyük media cameəsinin narazı qaldığı o qurum ləğv edildi. Yeni bir media qurumu yarandı. Adından göründüyü kimi, bu qurum medianın inkişafına töhfə verməlidir və inanaq ki, verəcək. Təbii ki, çətinliklər də, müqavimət də, etiraz da olacaq. Amma məqsəd və məram xoşdursa, gec-tez töhfə də olacaq.

Prezidentin Fərmanı və ölkədə gedən islahatların tərkib elementlərindən biri olan media islahatları üçün çox işlərin görülməsinə ehtiyac var. Həqiqət budur. Zaman-zaman düşündüyümüz, amma çarəsini tapmadığımız həmin həqiqət Fərmanda tam ehtiva edilir və ölkədə aparılan köklü islahatların subyektlərindən biri də mediadır. Yeni agentliyin yaradılması da bu məqsədi daşıyır və onun fəaliyyətinin uğurlu olacağını gözləyirik.

Təbii ki, hədəflərə çatmaq üçün bir sıra vacib elementlər olur, onlardan biri də kadrlardır. “Kadrlar çox şeyi həll edir” kimi məşhur bir deyim var. Agentliyin rəhbəri yenidir və bir dəfə görüşsək də, haqqında müsbət fikirdəyəm. Mənə yenilikçi və problemlərin həll olunmasını, medianın inkişafını istəyən şəxs təsiri bağışlayıb. O görüşdə təfərrüatları açmadan islahatların olacağını da fikirlərindən hiss etdim.

Artıq ilk addım atılıb. Hesab edirik ki, bu, ölkədə medianın yenidən ayaqlanmasına təkan verəcək və uzun zaman gileyləndiyimiz, müqayisədə ötən əsrin 90-larında, bu əsrin ilk on illiyində olan mediaya uduzan indiki mediamız öz şöhrətini qaytaracaq, rəmzi mənada qəbul edilən “4-cü hakimiyyət” funksiyasını bərpa edəcək.

Təbii ki, çətin olacaq, amma nə etmək olar? Media dinamik bir platformadır. Ona görə də ölkədəki və dünyadakı dinamizmdən, rəqəmsallıqdan, inkişafdan geri qala bilməz. Onun üçün də hesab edirik ki, bir sıra nüanslara diqqət yetirmək vacibdir.

İlk olaraq, medianın müstəqilliyi və ritorikasının dəyişməsi, idarəolunan mexanizm kimi yox, informasiya və xəbər istehsalçısı funksiyasının bərpası zəruridir. Şəxsən hesab edirəm ki, bundan başlamalıyıq. Cəmiyyətin aynasına çevrilən media ölkənin daxilində də, xaricində də nüfuz qazanıb, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda dövlətimizin və dövlətçiliyimizin əsas sütunlarından birinə çevrilə bilər. Amma buna nail olmaq üçün zamana ehtiyac var. Çünki tədrici inkişaf dayanıqlı olur. İnkişaf və dəyişikliyin bir günə və ya bir aya baş tutması mümkün deyil.

İkincisi, yeni media mühitinin yaranması üçün qanunvericilik bazasında da müəyyən dəyişikliklərin olması zəruridir. Bu gün əsaslı şəkildə print medianı əhatə edən qanunvericilik bazası mövcuddur. Ayrı-ayrılıqda internetlə bağlı müəyyən müddəalar öz əksini tapsa da, bu, ümumi şəkildə ehtiva edilir və konkretlik əmsalı yoxdur. Yəni internet informasiya resursları KİV sayılsalar da, onların fəaliyyətini tənzimləyən bütöv hüquqi mexanizm yoxdur. Bu, hətta qeydiyyat məsələsində də özünü göstərir. Bu hallar eyni zamanda, fəaliyyət imkanlarına da təsir edir. İnternet informasiya resursu Azərbaycan oxucusunda ancaq sayt obrazıdır.

Digər bir mühüm məqam sosial media istifadəçisi, vətəndaş jurnalistikası ilə məşğul olan, bloqqer, yutubber və ya digər adlarla tanınan “yeni media” təmsilçiləri ilə klassik media, internet media nümayəndələri arasında fərqin aydın olmamasıdır. Bunun fərqləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu kimi məsələlər ancaq qanunvericilik bazasında ehtiva olunarsa, aydın təsəvvür yaratmaq gücündədir. Bununla cəmiyyətdə jurnalistlə sosial media təmsilçisi, yaxud digər sosial media iştirakçısı arasındakı fərqlər aydınlaşacaq və hər birinin statusları, hüquq və vəzifələri də müəyyənləşəcək. Bu, həm də jurnalistikadan sui-istifadənin qarşısını alacaq yeganə yoldur.

Mühüm məsələlədən biri də medianın inkişafında reklam bazarı ilə bağlıdır. Reallıqda media üçün reklam bazarının imkanları məhduddur və ya yoxdur. Ona görə də hesab etmək olar ki, medianın inkişafı üçün ilkin dövrlərdə idarəolunan reklam bazasının olması əsas şərtdir. Cəmiyyətin və dövlətin həyatında özünəməxsus yeri olan media vasitələrinin inkişafı və “ayaqlanması” üçün bu bazanı formalaşdırmaq zəruridir. Ona görə ki, cəmiyyətimizdə reklam ənənəsi yetərincə formalaşmayıb. Sosial şəbəkədə yerləşdirilən reklamlar isə əksər hallarda ödənişsiz və ya vergidən yayınmaqla həyata keçirilir. Digər tərəfdən, reklam verənlər olub-olmayacağından asılı olmayaraq, hansısa ehtimal etdikləri inzibati təhdidi üzərlərinə çəkmək istəmirlər. Bu da medianın reklamsız qalmasına və inkişafına mane olan problemlərdəndir. İlkin olaraq, inzibati formada reklam bazası formalaşdırmaqla medianın inkişafını stimullaşdırmaq mümkündür.

Digər bir məsələ isə mediaya dövlət tərəfindən dəstəklə bağlıdır. Düzdür, bu, cəmiyyətdə heç də birmənalı qarşılanmır. Amma bu yanaşmanı doğru hesab etmək mümkün deyil. Real durum, qəzetlərin oxucu auditoriyasının kiçildiyi, qəzet satışı şəbəkəsinin məhdudluğu, istər çap, istərsə də internet KİV üçün reklam bazarının olmaması medianın iqtisadi durumuna təsirsiz ötüşmür. Belə olan halda medianın ən azı qorunub saxlanması üçün dövlət dəstəyi əvəzedilməzdir. Eyni zamanda, medianın güclənməsi, cəmiyyətdə söz sahibi olması həm də dövlətin güclənməsi, demokratik təsisatların qorunması və möhkəmlənməsi deməkdir. Çatışmazlıqlar, tənqidlər olmasa, inkişaf yox, durğunluq dönəmi yaşanacaq. Bu da dövlətin və cəmiyyətin inkişafının dayanması deməkdir.

Ona görə də dövlətin mediaya dəstəyi məhz bu aspektdən qəbul edilməlidir. Təbii ki, bu dəstək medianın fəaliyyətinə nəzarətə deyil, inkişafına yönəlməlidir. Yəni dəstək medianı idarəolunan formada saxlamağa, onu hökumət qurumlarına bənzətməyə yox, medianın tərəfsizləşməsinə, cəmiyyətin aynasına çevrilməsinə və oxucu şəbəkəsinin böyüməsinə hesablanmalıdır.

Bütün sadalanan və ya sadalanmayan problemlərə rəğmən, mediamız yeni inkişaf dövrünə daxil olur. Agentliyin yaranması da məhz bu qəbildən olan qərardır. Hesab edirik ki, yaxın zamanlarda dəyişikliklərin şahidi olacağıq və xüsusilə bu sahələrdə temp müsbət mənada dəyişəcək:

*Mediamız modern və çevik bir platforma obrazını özünə qaytaracaq;

*Klassik və yeni media ilə sosial media arasında olan fərqlər hüquqi baxımdan aydınlaşacaq və mövcud problemlərin çözülməsi ilə yeniliklərə yol açılacaq;
*Rəqabətli media mühiti yaranacaq və bu da oxucu auditoriyasının böyüməsinə imkan yaradacaq;
*Peşəkarlıq və milli maraqların uzlaşması üçün ictimai media standartları yaranacaq;
*Jurnalistikanın nüfuz və peşəkarlığının özünəqayıdışı prosesinə təkan veriləcək;
*Medianın və jurnalistikanın adından sui-istifadə hallarına son qoyulması ilə bağlı jurnalistikanı şəxsi maraqlarının ifadəçisinə çevirənlərə qarşı hüquqi məsuliyyət bazası formalaşdırılacaq;

Fikrimizcə, aparılan islahatlar mediamızın inkişafını stimullaşdıracaq və bununla da istər çap mediası, istərsə də internet media yeni dövrə qədəm qoyacaq.

Rəfail Becanov
“Cümhuriyət” qəzetinin və Cebhe.info xəbər portalının rəhbəri


Oxunma sayı: 4423

Bizim Telegram səhifəmizi izləyin