hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Məhkəmələrdən narazılığı aradan qaldırmaq üçün yenilik

Məhkəmələrdən narazılığı aradan qaldırmaq üçün yenilik

Müstəqil ekspertiza fəaliyyətinə icazə veriləcək

Əsabəli Mustafayev: “Elə etmək lazımdır ki, onlar asılı olmasınlar”

Azərbaycanda illərdir ki, müzakirə olunan hüquqi problem həllini tapa - özəl məhkəmə ekspertizası institutu yaradıla bilər. Qeyd edək ki, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin Fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

Məlumata görə, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi çərçivəsində ilk qanunvericilik aktları paketi bu ilin iyul ayında qəbul edilib və islahatların institusional komponentini əhatə edib. 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək həmin dəyişikliklərə əsasən, ixtisaslaşmış məhkəmələrin iki sisteminin - inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməli qoyulub.

Hazırkı sənədlər toplusuna daxil olan layihələr 12 normativ hüquqi akta, o cümlədən Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Xətalar məcəllələrinə, “Dövlət məhkəmə ekspertizası haqqında”, “İnzibati icraat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutur. Müzakirəyə çıxarılan layihələr vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi kimi iki əsas istiqaməti əhatə edir.

Qanun layihələri paketinə daxil olan mühüm istiqamət məhkəmə prosesi iştirakçılarının məhkəmə ekspertizasının aparılması ilə bağlı hüquqlarının genişləndirilməsidir. Təklif edilən dəyişikliklərə, əsasən, yeni bir hüquqi institut - özəl məhkəmə ekspertizası institutu yaradılır, özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün irəli sürülən tələblər müəyyən edilir. 

Layihəyə əsasən, mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanlarına və ya özəl məhkəmə ekspertlərinə öz təşəbbüsü ilə və öz hesabına ekspertizanın aparılmasını sifariş edə və həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim edə biləcəklər. Məlumdur ki, mövcud Azərbaycan qanunvericiliyi müstəqil ekspertiza fəaliyyətinə icazə vermir. Məhkəmə ekspertiza fəaliyyəti “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) müddəaları və digər normativ-hüquqi sənədlərlə tənzimlənir. Qanuna görə, məhkəmə ekspertizası fəaliyyəti müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertizası idarəsi tərəfindən həyata keçirilir. Məhkəmə-tibbi ekspertizası sahəsində isə bu fəaliyyət Azərbaycanda Səhiyyə Nazirliyinin nəzdində olan “Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi” tərəfindən aparılır. Ekspertlər hesab edir ki, müstəqil ekspertiza fəaliyyətinə icazə verilməməsi Cinayət Prosessual Məcəlləsinə ziddir və şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının pozulmasıdır. 

Hüquqşünas Əsabəli Mustafayev “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, özəl ekspertizanın yaranması məsələsini hüquq cəmiyyəti uzun müddətdir ki, qaldırıb:

“Bu ekspertizaların praktikada nə qədər müstəqil olacağı məsələnin digər tərəfidir. Çünki elə müstəqil qurumlar var ki,  onların istənilən halda, icra hakimiyyətindən asılılığı qalır. Elə məhkəmə islahatları da ona görə aparılır ki, onların müstəqilliyi təmin olunsun. Bununla belə, özəl ekspertiza idarələrinin yaradılması müsbət addımdır. 

Bu bütün dünyada tətbiq olunur. Hüquqi dövlətlərdə, ümumiyyətlə, dövlət ekspertizası anlayışı yoxdur, onlarda yalnız özəl ekspertizalar var. Hesab edirəm ki, Azərbaycanda özəl ekspertizaların yaranması və onların müstəqilliyinin təmin olunması məhkəmə hüquq sistemi islahatlarında mühüm rol oynaya bilər”.

Hüquqşünas deyir ki,  məhkəmələrdə ən çox narazılıq doğuran məsələ məhz ekspertiza ilə bağlı yaranır: 

“Dövlət ekspertiza idarələri, əsasən, istintaqın və digər qurumların maraqlarına uyğun rəy verirlər. Alternativ ekspertiza idarələrinin mövcud olması ədalətli hökm çıxarılmasında mühüm rol oynaya bilər. Amma bir daha təkrarlamaq istərdim ki, qanunun qəbulu məsələnin bir, onların müstəqilliyinin təmin olunması digər tərəfidir. Məsələnin bu tərəfini də həll etmək lazım gələcək ki, onlar asılı olmasınlar. Həmin ekspertiza idarələrinə icra hakimiyyətləri də, fərdi şəxslər də, kommersiya qurumları da müraciət edə bilər. İşlər elə qurulmalıdır ki, onlar da hakimiyyət orqanıdır deyə, icra hakimiyyətlərinin xeyrinə rəy verməsinlər. Bu istiqamətdə müəyyən təhlükələr var, amma çox güman ki, bu qurumlar işlədikcə, praktik təcrübədə problemlər həllini tapacaq”. 

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1145