hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Məhsul bol, qiymət baha: Bazar niyə “od tutub” yanır?

Məhsul bol, qiymət baha: Bazar niyə “od tutub” yanır?

Bu ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 98,6 faiz olub.

Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda bildirilib ki, cari ilin yanvar-iyun aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 104,9 faiz təşkil edib. Fakt odur ki, bu gün ölkədə ərzaq məhsullarının qiymətlərində kifayət qədər artım var. Hazırda yay mövsümünün, yəni məhsulun bol olduğunu nəzərə alsaq, qiymətlərdə bu qədər yüksək artımın olması heç də ürəkaçan deyil. Məhsul bolluğunun olduğu bir vaxtda qiymətlərdə bu qədər yüksək artımın müşahidə edilməsinin səbəbini nə ilə izah etmək olar?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, əslində Dövlət Statistika Komitəsinin açıqladığı rəqəm özü də yüksəkdir:

“Ötən ilə nisbətən rəsmi rəqəmlərə görə belə, inflyasiyanın sürətləndiyinin şahidi olmuşuq. Ərzaq inflyasiyasının 5 faiz olması kifayət qədər ciddi rəqəmdir. Ancaq inflyasiyanın hesablanma qaydası ölkədə doğru və beynəlxalq standartlara cavab verəcək səviyyədə olmadığından hökumət və Dövlət Statistika Komitəsi o qaydaların tətbiqi ilə rəqəmlərin aşağı çəkilməsinə nail olur. Obrazlı desək, rəqəmlərlə “oynamağı” bacarır.

Çünki beynəlxalq standartlarda inflyasiyanın hesablanma qaydası tamam fərqlidir. Bizdə fərqi söyləmək çətindir. Çox təəssüf ki, bizdə alternativ hesablama aparan təşkilatlar yoxdur. Bir çox ölkələrdə ən azından hökumətlə paralel bir neçə böyük təşkilatlar inflyasiyanın hesablanması ilə məşğuldurlar. Nəticədə hesabatlar tutuşdurulur və çox cüzi fərqlərlə normal izah etmək mümkün olur. Azərbaycanda isə ancaq bir staistika var”.

O bildirib ki, 2013-cü ilə qədər QHT-lər tərəfindən alternativ hesabatlar aparılırdı:

“Çox təəssüf ki, bu təcrübəyə də son qoyuldu. Ona görə əlimizdə alternativ hesabatlar yoxdur. Ancaq reallıqda biz gündəlik tələbatla, özümüz bir alıcı kimi qiymətlərlə rastlaşdıqda ən azı rəsmi rəqəmlərdən 2 dəfəyə yaxın daha yüksək olduğunu söyləyə bilirik ”.

Ekspert deyib ki, qiymətlərin bahalaşmasının hər zaman obyektiv və subyektiv səbəbləri olub:

“Obyektiv səbəb odur ki, dünyada da ərzaq indeksi bahalaşıb və bu, doğrudan da böyük problemdir. Pandemiya dövründə dünya ölkələrinin ərzaqla bağlı apardığı siyasət qapanmağa yönəlikdir. Yəni bir çox ölkələr ərzaq idxalına ya rüsumları kəskin artırdılar, ya da bəzi hallarda qadağalar qoydular. Məsələn, biz Rusiyadan taxıl alırdıq. Hətta keçən ilin mart ayından taxılın rüsumunu hər tona görə 25 avrodan 50 avroya qaldırdılar.

Bu da taxılın bahalaşmasına səbəb oldu. Ancaq Azərbaycanda subyektiv səbəblər daha çox üstünlük təşkil edir. Bu da bazarın, əsasən idxal bazarının böyük oyunçulardan ibarət olması, ölkəyə məhsul gətirən oyunçuların sayının az olması, rəqabətsizlik mühiti, ölkədə istehsal olunmayan ərzaq məhsullarına kömrük rüsumlarının yüksək olmasıdır. Bütün bunların nəticəsində ölkədə inhisarçılıqla, korrupsiya ilə bağlı problemlərin də hələ qaldığını nəzərə alsaq, subyektiv səbəblərin qiymət artımına təsiri daha yüksək səviyyədə olur”.

Nigar Abdullayeva
Cebhe.info


Oxunma sayı: 1849