hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

Məktəb-valideyn uçurumu: NƏDƏN YARANIR?

Məktəb-valideyn uçurumu: NƏDƏN YARANIR?

Bu gün gənc nəslə tərbiyə və əxlaq aşılayan təhsil müəssisələrində ən gözlənilməz olaylar yaşanır. 

Sanki orta məktəblər tərbiyə sistemindən, müəllimlər isə əxlaq nümunəsindən kənarda qalıb. Müəllim-şagird, müəllim-valideyn münasibətləri, bir sözlə məktəblə cəmiyyət arasında ünsiyyət pozulub. Təhsil müəsisəsinin əsas faktoruna çevrilmiş bütün fərdlərin bir-birinə aqresiyası, ən nəhayət cəmiyyətin təhsil müəssisələrinə olan əks münasibəti formalaşıb. 

Müəllimlik peşələr arasında ən məsuliyyətlisidir. Çünki bu peşənin məqsədi öyrətməkdir. Kimə, nəyi, necə öyrətmək müəllimliyin əsas vəzifəsidir. Hətta bu sahənin məramı başqasının övladını öz övladı kimi yetişdirməkdir. Bəs nə dəyişib? Sadaladığımız normalar necə oldu ki, öz cığırından çıxdı? Təhsil ocaqlarının “qırmızı xətti”nin ayaqlanmasına necə yol verildi? Pozulmuş bu normaları Təhsil Nazirliyi bərpa edə biləcəkmi? Suallar çoxdu, amma təhsil sahəsində itirdiklərimiz çox məsələlər var. 

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya açıqlamasında deyib ki, bu gün baş verən xoşagəlməz hadisələrin tək günahkarı var, o da Təhsil Nazirliyidir:

“Nümayiş etdirilənlər hamısı elə Təhsil Nazirliyinin davranışıdır. Çünki onlar proseslərə nəzarət edə bilmirlər, lazimi addımı ata bilmirlər. Müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur. Amma biz bunun şahidi olmadıq, çünki bu qaydanı ilk növbədə Təhsil Nazirliyi pozur və müəllimlərə, onların fəaliyyətinə nəzarət edə bilmir. Ümumiyyətlə, yaxşı müəllim öz peşəsini, işini çox sevməlidir. Əgər müəllim öz peşəsini sevmirsə, nifrət edirsə, hər dəqiqə giley edib, bu peşəni necə, haradan seçdiyini deyirsə, ondan yaxşı pedaqoq ola bilməz. Yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər. Buna görə də, hər bir müəllim sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşmalı, müəllim nüfuzunun keşiyində durmalıdır. Yaxşı müəllim öz şagirdini sevməlidir. Müəllim öz şagirdini sevmirsə, onu bir şəxsiyyət kimi qəbul edib, hörmət etmirsə, əsas məqsədi kimi şagirdin layiqli formalaşmasını, təhsil almasını görmürsə, hər bir şagirdə öz övladı kimi qayğı göstərməyə çalışmırsa, öyrətmək üçün öz potensialını gizlədir, xərcləmirsə o, yaxşı müəllim ola bilməz.

Yaxşı müəllim həm də öz işlədiyi müəssisəni sevməli, oranın təəssübkeşi olmalı, adını uca tutmağa çalışmalıdır, bütün dünyada belədir. Müəllim harada gəldi, yerli-yersiz öz müəssisəsini pisləyər, hərəkətləri ilə müəssisənin adına ləkə salarsa, o, yaxşı müəllim ola bilməz. Çünki o müəssisə ilə onun adı ucalır.

Yaxşı müəllim tədris etdiyi fənni belə sevməlidir. Çünki o, sevmədiyi fənni tələbəyə də sevdirə bilməz. Fənnini sevən müəllim mümkün deyil ki, həmin fənni şagirdə sevdirə bilməsin. Çünki həmin müəllim o sevgini əldə etmənin yollarını bilir və bunu da ötürmək impulsuna malikdir. Şagird isə həssasdır, qəbul etməyə hazırdır.

Amma biz bunu 109 nömrəli məktəbin idarəçilərində görmədik. Qeyd olunan müsbət yanaşmalarırın tam əksini gördük. 109 nömrəli şagirdinin atası qızının intiharından sonra məktəbə gedib. Amma məktəb kollektivinin yaralı, dərdli ataya münasibətinə baxın? Davranışına baxın... Əslində, 109 nömrəli orta məktəbdə valdeynlə, jurnalistlə elə tərbiyəsiz, müəllim etikasına, təhsil qanunvericiliyinə sığmayan davranış təkcə o məktəbin davranışı deyil, bu əslində, Təhsil Nazirliyinin davranışıdır, münasibətidir”. 

Ekspertin fikrincə, müəllim həm də cəmiyyət, dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur: “Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Amma olmur, çünki onu idarə edən Təhsil Tazirliyi özü bu prinsipi ciddi şəkildə pozur. 

Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. Amma başda Təhsil Nazirliyi olmaqla, bu prinsip pozulur. Təəssüflər olsun ki, təhsilə nəzarət bu formadadır, daha doğrusu, nəzarət mövcud deyil. Hesabatlılıq və məsuliyyətin bölünməsi prinsipi yoxdur. 

Baş verən xoşagəlməz hadisələrin qarşısını almaq üçün Təhsil Nazirliyi qaynar xəttdən daxil olan müraciətləri, elektron müraciətləri ciddi araşdırmalı, günahkarları cəzalandırmalıdır. Mütəmadi olaraq orta məktəblərdə monitorinqlər, yoxlamalar aparılmalıdır. Amma biz bunların şahidi olmuruq”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 925