hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Məktəbləri bağlı saxlamaqdansa: Tədris şərtləri dəyişdirilə bilər - TƏKLİF

Məktəbləri bağlı saxlamaqdansa: Tədris şərtləri dəyişdirilə bilər - TƏKLİF

Rəsmilərin ard-arda avqustun 5-dən sonra sərt karantin rejiminin ləğv ediləcəyinə dair verdikləri anonslar karantin rejiminin yumşaldılmasına ümidləri artırır.

Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, ölkənin baş infeksionisti Cəlal İsayev, eləcə də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov avqustda sərt karantin rejiminin ləğv ediləcəyi və yumşaldılma tədbirlərinə gediləcəyini bildiriblər. Bunun ardınca isə Milli Məclisin Səhiyyə komitəsinin sədri Musa Quliyev də artıq sərt karantin rejiminin yumşaldılmasına getməli olduğumuzu xüsusi vurğulayıb.

Rəsmilərin sözlərinə görə yumşaldılmaya getsək də normal həyata dönmək bir qədər vaxt çəkəcək. Yəni uzun müddət hələ virtual həyata alışmalı olacağıq. Təhsil müəssisələrin fəaliyyətinin davam etdirilməsi də virtual həyatın tərkib hissəsi olacaq. Yəni yarımil ölkədə distant təhsilin həyata keçiriləcəyi istisna olunmur. Distant təhsilin ölkə boyu davam edəcəyi bildirilir. Belə olan təqdirdə ucqar kəndlərdə internet probleminin mövcudluğu distant təhsilin həyata keçirilməsinə maneçilik yaradacaq.

Bəs bu problem necə yoluna qoyulacaq? Distant təhsil üçün münbit şərait varmı?

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirib ki, pandemiyadan sonra da virtual təhsilin davam edəcəyi istisna deyil və bu baxımdan hələ uzun müddət virtual həyata alışmaq lazım gələcək:

“Koronoviris dünyanın siyasi, iqtisadi, sosial, mədəni vəziyyətini köklü şəkildə dəyişib. Birdən -birə yeni, virtual dünyaya daxil olduq. Bu yenilik təhsil sisteminə də öz təsirini göstərdi. Artıq onlayn, məsafədən təhsil dövrü başlayıb. 2009-cu ildən qanuvericilikdə distant təhsil nəzərdə tutulsa da, 11 il ərzində bu istiqamətdə heç bir iş görülməyib. Amma tətil elan edildikdən sonra məlum oldu ki, distant – məsafədən təhsil çox zəruridir. Düşünürəm ki, pandemiyadan sonra da təkcə ali təhsil sistemində deyil, eyni zamanda orta məktəb səviyyəsində belə distant – məsafədən onlayn təhsil mümkün olacaq. Hətta virtual məktəblərin şahidi olacağıq. Çünki bu təhsilin əlçatımlılığı üçün çox zəruridir. Bu və ya digər səbəbdən təhsildən kənarda qalanlar, dərsdə iştirak etməyənlər bu vasitə ilə normal dərslərdə iştirak edəcək və dərsin davamlılığı pozulmayacaq. Distant təhsil həm də təhsil xərclərini azaldacaq ki, bu da təhsil alanların daha çox və fərqli istiqamətlərdə özlərini inkişaf etdirməsinə imkan verəcək”.

Ekspert qeyd edib ki, təhsil alanlara lazimi bilik və bacarıqları çatdırmaq üçün onlayn sistemdə böyük yerlər lazım deyil. Zəruri avadanlıqlar qurulmuş balaca otaqlar belə yetərlidir:

“Bu da öz növbəsində təhsil alanların öz evlərində təhsil alması ilə vaxt və məsafə itkisini azaltmağa gətirib çıxaracaq. Düşünürəm ki, pandemiyadan sonra hətta qəbul imtahanlarının, elektron ərizə qəbulunun onlayn olması mümkündür. Müəyyən proqram təminatı formalaşdırmaqla imtahan iştirakçıları olduqları yerdən imtahanda iştirak edə biləcəklər. Dərsliklərin də elektron formatda istifadə olunacağı bir dövr gəlib çatıb. Ümumilikdə isə bizi yeni bir dövr gözləyir. Bu həm təhsil sisteminə, həm insanlararası münasibətlərə, həm də dövlətin idarə edilməsinə bağlı olan yeniliklərdir”.

Ekspert əlavə edib ki, pandemiya ali məktəblər qarşısında 3 problem yaradıb:

“Birincisi və ən əsası: Mövcud vəziyyəti nəzərə almaqla təhsil prosesini təşkil etmək və keyfiyyətli təhsil verməyə nail olmaq. İkincisi: Virtual məkanda işləmək bacarıqları olmayan müəllimlərə dəstək durmaq. Üçüncüsü: Çıxılmaz vəziyyətlə üzləşən tələbələrə dəstək durmaq. İlk növbədə distant təhsilin qanunvericilik bazası hazırlanmalı və qəbul edilməlidir. Bundan sonra hər kəs üçün distant – onlayn təhsilin əlçatanlılığının təmin edilməsi üçün resurslarını təmin etməlidirlər. Dünya Bankının məlumatına görə, COVİD-19 pandemiyasına qədər, konkret desək, 2019-cu ildə dünyada elektron təhsil texnologiyalarına, onlayn təhsil platformalarının yaradılmasına 18,66 milyard dollar investisiya yatırılmışdırsa, 2025-ci ildə bu göstəricinin 350 milyard dollara çatacağı planlaşdırılır. 2020-ci ilin fevral ayında dünyada “Zoom” istifadəçilərin sayı 2,2 milyon nəfər artıb, mart ayında gün ərzində 2,13 milyon dəfə yüklənmə olub. 2020-ci ilin dekabrında istifadəçilərin sayı 10 milyon nəfər, 2020-ci ilin mart ayında 200 milyon nəfər olub və şirkətin dövriyyəsi 42 milyarda dollara çatıb. Bütün bunlar yaxın gələcəyin təhsildə yeni çağırışların olacağından xəbər verir. Biz isə təəssüf ki, bundan geri qalırıq. Amma onlayn dərslər tam şəkildə problemi aradan qaldırmayacaq. Çünki burada bir sıra spesifik fənlərin və laboratoriya işləri tələb edən fənlərin keçirilməsi mümkün deyil. Real vəziyyət ondan ibarətdir ki, mövcud şərtlərdə şagirdlərin yalnız 30-35 faizi onlayn dərslərə cəlb oluna bilib və çox az hissə elektron resurslardan istifadə edir. Regionlarda isə elektron resurslardan istifadə faizi daha azdır. Hətta bir sinifdə onlayn dərslərdən 10-15 faiz şagird istifadə edə bilir. Lakin internet tariflərində güzəştlər olarsa bu rəqəmlərin 70-80 faizə qədər qaldırılması mümkündür. Mövcud vəziyyət bütün dünyada təhsilin fəaliyyətini iflic etsə də, ən zəif göstəricilər ölkəmizdə aiddir. Qardaş Türkiyədə 8 TV bu prosesə qoşulub və distant təhsil də tətbiq edilməklə təhsildəki boşluqlar aradan qaldırılıb. Avtopa və Amerika ölkələrində də distant təhsil tam şəkildə təşkil edildiyi üçün onlarda təhsilin davamlılığında hansısa bir problem yaranmayıb. Amma yeni tədris ilində yalnız bunlarla davam etmək olmaz. Çünki hər iki layihəyə orta məktəblərdə çalışan 150 min müəllimin yalnız 50-60 nəfəri cəlb olunur. Ona görə də yeni forma tətbiq edilməlidir. Düşünürəm ki, dərslər həftə ərzində hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman isə sosial məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır. Bundan başqa 4447 orta məktəbldə təhsil alan hər bir şagirdə dövlət büdcəsi tərəfindən planşetlər verilməli və bütün şagirdlər üçün distant – onlayn təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır. Nəzərə alsaq ki, Dövlər İmtahan Mərkəzi 3 iyundan etibarən hər dəfə azı 20 min şəxsin iştirak etdiyi imtahanlaar təşkil edir və şagirdlər bu prosesə qoşulir, deməli, dediyim formada sentyabrda dərslərin başlanması mümkündür”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 10110