hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Məmur bankları üçün xəta sovuşdu? – “Hansısa bank məmura bağlıdır deyə…”

Məmur bankları üçün xəta sovuşdu? – “Hansısa bank məmura bağlıdır deyə…”

Hazırda ölkədə rəsmi olaraq 25 bank fəaliyyət göstərir.

Bu rəqəm 2012-ci ilədək 44-ə çatırdı. Belə ki, 2012-ci ildə ilk olaraq “Royal Bank”ın lisenziyası ləğv edildi və o bank bazarını tərk etdi.

Bir müddət 43 bankın olduğu bazarda “yarpaq tökümü” bir də 2016-cı ildə başladı. Belə ki, “Zaminbank”, “KredoBank”, “Yunayted Kredit Bank”, “Bank of Azerbaijan”, “Gəncəbank”, “Bank Technique”, “Dekabank”, “Atrabank”, “Bank Standart”, “Qafqaz İnkişaf Bankı” və “Parabank” 2016-cı ildə bağandı.

Qeyd edək ki, “Parabank” sonradan bank olmayan kredit təşkilatı kimi fəaliyyətə başladı.

Bank bazarını 2017-ci ildə “DəmirBank”, 2020-ci ildə isə “AGBank”, “Amrahbank”, “AtaBank”, “NBCBank” tərk etdi.

Xatırladaq ki, “Caspian Development Bank” (CDB) 2017-ci ildə “AtaBank”la birləşmişdi, 2020-ci ildə sonuncunun lisenziyasının ləğv olunması ilə CDB də fəaliyyətini tamamilə dayandırmış oldu.

Sonradan isə bankların bağlanması prosesi dayandı. 2020-ci ildə bağlanan 4 bankdan sonra hansısa bankın lisenziyasının ləğv olunması ilə bağlı qərar verilməyib.

Nəzərə alsaq ki, bankların bağlanmasında məqsəd bank bazarının sağlamlaşdırılmasıdır, bəs o zaman nə baş verdi? Hazırda bazarda olan 25 bankın hamısını sağlamdırmı? Bu bankların hansınınsa bağlanacağı gözlənilirmi?

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, əlbəttə bankların bağlanma ehtimalı var:

“Sadəcə olaraq, bankların bağlanması hər zaman obyektiv səbəblərdən olmur. Hətta ötən il 4 bank bağlananda da demişdim ki, bazarda o banklardan zəif banklar var. Buna baxmayaraq onlar bağlanmadı. Ona görə də bu qərarlar hər zaman obyektiv olmur.

Yumşaq şəkildə desək, bəzən bu məsələlərin həlli mübahisəli olur. Məsələn, “AtaBank” 2016-cı ildən müflis idi, amma ötən il bağladılar. Bu məsələdə kiminsə bankıdır, hansısa məmura bağlıdır kimi məsələlər də var. Bizim pərdəarxası söhbətlərdən xəbərimiz yoxdur. Ola bilər hansısa bank zəifdir, amma onun sahibləri, səhmdarları Azərbaycan Mərkəzi Bankına söz verir ki, qısa müddətdə banka əlavə vəsait qoyacaqlar və bank dirçələcək. Əgər belə bir şey varsa, bu, yalnız alqışlanmalı, dəstəklənməlidir”.

Ekspert hesab edir ki, bankların bağlanması prosesinin dayanmasının səbəblərindən biri də pandemiyadır:

“Ötən il banklar aprel ayında bağlandı. Hələ o zaman pandemiyanın nə qədər davam edəcəyini bilmirdik. İndi pandemiya uzanıb və nəinki Azərbaycanda, bütün dünyada çalışırlar ki, belə sərt addımlar atmasınlar. Bu da başadüşüləndir. Dünyada onsuz da iqtisadi baxımdan qeyri-sabitlik var.

Ona görə də insanlar arasında təşviş yaratmamaq üçün əgər bank bağlanacaq səviyyədədirsə belə, bu qərarı vermək üçün yüz ölçüb, bir biçmək lazımdır. Ola bilər ki, böhranın ən pis dövrü bitsin, ondan sonra müəyyən qərarlar qəbul ediləcək. Amma istisna deyil ki, bank sahibləri əlavə pul qoysunlar və bank heç bağlanmasın. Necə ki, 3 il əvvəl dövlət Azərbaycan Beynəlxalq Bankını xilas etdi.

Faktiki olaraq Beynəlxalq Bank müflis idi, amma dövlət onun sahibi idi və 3 milyard dollardan çox borcunu üzərinə götürdü. Bununla da bankı xilas etdi. Əlbəttə ki, pandemiya dövründə bankların problemi artıb. Çünki problemli kreditlər çoxalıb. Bu da bankların maliyyə sabitliyinə mənfi təsir göstərir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3697