hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Mərkəzi Asiyanı bürüyən “siyasi alov”: “Taliban”-“Əl Qaidə” qarşıdurması kimləri təhdid edir? - BİZİM TƏHLİL

Mərkəzi Asiyanı bürüyən “siyasi alov”: “Taliban”-“Əl Qaidə” qarşıdurması kimləri təhdid edir? - BİZİM TƏHLİL

“Taliban” terror qruplaşması siyasi razılaşma əldə edildikdən sonra Əfqanıstandakı döyüşləri dayandırmağa hazır olduğunu bəyan edib.

Cebhe.info-nun məlumatına görə, bu barədə “Taliban” hərəkatının Dubaydakı siyasi ofisinin rəhbəri Suheyl Şahin açıqlama verib. Onun sözlərinə görə, əfqanlararası danışıqlar Doha razılaşması əsasında aparılır.

“Ona görə əvvəlcə münaqişənin siyasi həlli üçün yol xəritəsi razılaşdırılmalıdır. Sonra isə atəşkəs barədə danışıqlara başlanacaq. Ancaq biz hələ siyasi yol xəritəsi üzrə danışıqlar prosesindəyik”, - Suheyl Şahin belə deyib.

Qeyd edək ki, Doha razılaşması adlanan sülh sazişi 2020-ci il fevralın 29-da ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və “Taliban” hərəkatı başçısının müavini, hərəkatın Qətər siyasi ofisinin rəhbəri molla Abdulla Qani Bəradar arasında imzalanıb. Sənədə əsasən, ABŞ “taliblər”dən “Əl-Qaidə” terror təşkilatı ilə əlaqələri kəsmək barədə vədlərini yerinə yetirməyi tələb edir. “Taliban”ın razılaşmaya əməl edəcəyi təqdirdə, ABŞ və müttəfiqlərinin Əfqanıstandakı hərbçilərini 14 ay ərzində bu ölkədən tamamilə çıxaracağı bildirilir.

Doha razılaşmasına görə, ABŞ Əfqanıstandakı qoşunlarının sayını 135 gün ərzində 8600 nəfərə endirməyə imza atıb. Sözügedən razılaşmanın müddəti 2021-ci il mayın 1-də başa çatıb. Sonradan ABŞ qoşunların Əfqanıstandan çıxarılma müddətini altı ay müddətinə uzatmağa çalışsa da “Taliban” buna etiraz edib. ABŞ Əfqanıstanı tərk etməyəcəyi təqdirdə, silahlı hücumları davam etdirəcəyini bəyan edib.

Bu səbəbdən, Bayden administrasiyası silahlı qüvvələrin sentyabrın 11-ə qədər bu ölkədən tamamilə çıxarılmasına qərar verib. Bundan başqa, “Taliban” ərazisindən başqa ölkəyə qarşı hərbi müdaxilə etməmək barədə ABŞ qarşısında öhdəlik götürüb. Hətta ABŞ Dövlət katibi Entoni Blinken “Taliban” və Əfqanıstan hökuməti arasında ortaq anlaşmanı təmin edəcək səkkiz səhifəlik sülh planı da təqdim edib.

“Yol xəritəsi” Əfqanıstanda konstitusiya islahatının həyata keçirilməsini, qadınların və azlıqların hüquqlarının qorunmasını, eyni zamanda, müvəqqəti hakimiyyətin qurulmasını nəzərdə tutur. “Taliban”a güzəşt olaraq İslam qanunları daxilində İslami Məsləhət Şurasının qurulması da sülh planına daxil idi. Amma Əfqanıstan Prezidenti Əşrəf Qəni Blinkenin təkliflərinə alternativ kimi bir neçə ay ərzində, yəni seçkilər keçirilənə qədər özünün müvəqqəti hökumətə rəhbərlik etməsini təklif edib. Lakin son zamanlar Əfqanıstanda baş verənlər Doha razılaşmasına “Taliban” tərəfindən faktiki olaraq əməl edilmədiyini göstərir.

“Talib”lərin “Əl-Qaidə” ilə birləşdiyinə dair məlumatların gəlməsi Doha anlaşmasının pozulduğunu təsdiq edir. Eyni zamanda, terrorçular Əfqanıstanda hakimiyyəti ələ keçirmək üçün hər hansı danışıq aparmadan sürətli hərbi əməliyyatlar həyata keçirir.

“Taliban” Əfqanıstanın bütün nəqliyyat yollarını, giriş-çıxış məntəqələrini nəzarətə götürmək üçün ilk növbədə xarici ölkələrlə həmsərhəd əraziləri işğal edir. Bununla da adıçəkilən terror qruplaşması paytaxtı mühasirəyə salmaqla hakimiyyəti güc yolu ilə devirməyə, digər tərəfdən isə xaricdən Əfqanıstan hökumətinə gələ biləcək hərbi dəstəyin qarşısını almağa çalışır. “Taliban”ın Əfqanıstanda hakimiyyəti, o cümlədən sərhəd boyu əraziləri ələ keçirməsi perspektivdə qonşu ölkələrə silahlı müdaxilə üçün şərait yarada bilər. Söhbət ilk növbədə, Tacikistan, Özbəkistan və Türkmənistandan gedir. Bu təcavüz aktı birbaşa verməyə bilər.

Ancaq Mərkəzi Asiya ölkələri üçün əsas təhlükə xarici amildən daha çox daxili faktorla bağlıdır. “Taliban”ın sosial bazası yalnız Əfqanıstanda deyil, Mərkəzi Asiya ölkələrində də güclüdür. Rəsmi məlumatlar göstərir ki, Tacikistanda, Qırğızıstanın Oş vilayətində, Özbəkistanın Fərqanə vadisində, Namanqan bölgəsində, Qazaxıstanın cənub-qərb vilayətlərində, xüsusilə Çimkənd, Aktobe rayonlarında radikal dini qruplar daha çox cəmləşib. “Taliblər”in Əfqanıstanın şimalında yerləşən Gündüz və Bədəxşan vilayətlərini zəbt etməsi münaqişənin Tacikistanla sərhəddə yerləşən Dağ-Bədəxşan vilayəti, Xoroh şəhəri, Kulyab rayonuna keçməsinə səbəb ola bilər. Yəni “taliblər”in Tacikistandakı cihadçılarla birləşməsi ehtimalı var.

Əlbəttə, Mərkəzi Asiyadakı cihadçılar yekcins deyil. Elə Tacikistanın özündə radikal dini qruplar arasında həm “Taliban”, həm də İŞİD tərəfdarları var. Özbəkistanın Fərqanə vadisindəki terrorçular isə İŞİD-ə biət edib. Qırğızıstanın Oş vilayətində də həm “Əl-Qaidə”ya, həm İŞİD-ə bağlı radikallar var. Ona görə də yaxın gələcəkdə Əfqanıstan və Mərkəzi Asiya “Taliban”la İŞİD-in qarşıdurma meydanına çevrilə bilər. Çünki İŞİD bütövlükdə Əfqanıstan, Tacikistan ərazisi, Fərqanə vadisi, əsasən Sərhədabad şəhəri və Mari villayəti daxil olmaqla Türkmənistanın cənub bölgələrini əhatə edən “Vilayəti-Xorasan” adlı islam dövləti yaratmaq ideyası ilə çıxış edir. Bu “dövlət”in sərhədlərinin Yaxın Şərqə qədər uzanması nəzərdə tutulur. Suriyada və İraqda darmadağın edilən İŞİD-in Əfqanıstandakı mövqeləri də indi “Taliban”ın əlinə keçib. Ancaq Əfqanıstanda “Taliban”ın timsalında “Əl-Qaidə”nın yenidən hakimiyyə gəlməsi radikal terrorçu qrupların Mərkəzi Asiyanın şərq sərhədlərindən Yaxın Şərqə qədər böyük bir coğrafiyada yenidən fəallaşmasına səbəb ola bilər. Xüsusilə də Mərkəzi Asiya ölkələrində vətəndaş cəmiyyətinin, demokratik institutların çox zəif olması radikal dini qrupların və terrorçuların aktiv fəaliyyəti üçün münbit siyasi zəmin yaradır.

Yeganə olaraq, Qırğızıstanda hakimiyyət demokratik seçki yolu ilə formalaşsa da, vətəndaş cəmiyyəti institutları kifayət qədər inkişaf etməyib. Yəni Tacikistan, Özbəkistan, Türkmənistan, Qazaxıstan kimi avtoritarizmin mövcud olduğu ölkələrdə hakimiyyətlərin alternativi radikal dini qruplardır. Bu halda yoxsulluqdan və korrupsiyadan əziyyət çəkən narazı kütlə üçün terrorçuların təklif etdiyi silahlı mübarizə cəlbedici olur. Ona görə də Əfqanıstanda başlanmış “siyasi alov”un sürətlə Mərkəzi Asiyaya yayılması üçün ciddi potensial təhlükə var. “Taliban” Mərkəzi Asiyaya müdaxilə edərsə, bu, Doha razılaşmasının pozulması kimi qiymətləndirilə bilər.

Ancaq prosesin qonşu ölkələrin öz daxilindən başlaması daha böyük təhlükədir. “Taliblər”in atəşi dayandırmaq və münaqişənin həlli üçün “yol xəritəsi” təklif etməsi isə çox güman ki, döyüş meydanında qazandığı üstünlüyü siyasi masada qəbul etdirməyə hesablanıb. Əks təqdirdə, terror qruplaşması Doha razılaşmasından imtina edərək hərbi əməliyyatların miqyasını genişləndirəcəyinə dair xəbərdarlıq mesajı verir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 8317