hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Meşələr insanların üzünə qapadılır: "Dünyanın heç bir yerində belə praktikadan istifadə olunmur" - EKSPERT

Meşələr insanların üzünə qapadılır: "Dünyanın heç bir yerində belə praktikadan istifadə olunmur" - EKSPERT

Meşə ehtiyatlarından daha səmərəli istifadə etmək məqsədi ilə mal-qaranın və insanların müdaxilə etdikləri ərazilərdə çəpərlənmə işlərinə başlanılıb.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

"Həmin ərazilər əsasən dağlıq rayonlarda olacaq. Məlumdur ki, mal-qaranın yaylaq ərazilərinə getdiyi cığırlar əsasən meşə fondu ərazilərindən keçir. Ona görə də həmin cığırların hər iki tərəfdən çəpərlənməsi nəzərdə tutulur ki, mal-qara həmin yerlərə daxil ola bilməsin. Məqsəd həmin ərazilərdə təbii cücərtilərin məhv olmasının qarşısını almaq və onun inkişafının sürətlənməsinə zəmin yaratmaqdır. Çəpərlənmə işləri bu günə qədər Quba, Zaqatala, Gədəbəy, Qax və bir çox dağ rayonlarında həyata keçirilib və davam etdiriləcək", - deyə o qeyd edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu qərarı ilə meşələri qorumaq mümkündürmüə

Sözügedən məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, ümumiyyətlə, meşələrin çəpərlənməsi və insanlarda qorunması anlayışı yoxdur:

“Dünyanın heç bir yerində belə bir praktikadan istifadə olunmur. İnsanlar meşələrə azad şəkildə daxil olmalı, meyvə də yığılmalıdırlar. Ona görə də insanlarla meşələr arasında hansısa çəpərin olması heç bir məntiqə uyğun gəlmir. Bu yaxınlarda Nazirlər Kabineti də meşələrdən meyvələrin yığılması ilə bağlı cərimələr tətbiq etmişdi. Prezident İlham Əliyev buna yerindəcə müdaxilə etdi və qərarı ləğv etdi. Təəssüflər ki, son zamanlar meşələrlə bağlı inzibati qərarlar qəbul olunur. Söhbət ondan getmir ki, meşələr talanmalıdır və necə gəldi istifadə olunmalıdır. Lakin yerli əhali və vətəndaşlar meşələrin təbii sərvətlərindən istifadə hüququna malikdirlər. Düşünürəm ki, Nazirlər Kabinetinin qərarı kimi bu addım da atılmayacaq. Meşələrin insanlara qapadılması onların qorunması deyildir. Bu prosesin baş verməsi üçün yerli əhalinin köməyi və dəstəyi lazımdır. Onların bilik və ərazini tanımalarından istifadə etmək mütləqdir. Düşünürəm ki, dövlət rəsmiləri də belə bir addımın atılmasının qarşısını alacaqdır”.

Ekspert çəpərlənmənin müsbət tərəflərindən və kameraların quraşdırılmasının faydalarından da bəhs edib:

“Bu proses sırf heyvanların şəhərlərə, yaşayış yerlərinə daxil olmaması məqsədi ilə edilə bilər. Amma burada xüsusi keçid qapıları qoyulmalıdır ki, insanların meşələrə girişində hər hansısa maneə olmasın. Kameraların quraşdırılması ağacların, xüsusi bitkilərin məhv olmasının qarşısını alınması üçün atılan müsbət addımlardan biridir. Amma çəpərlənmə prosesinə xüsusi diqqət ayrılmalı və insanların meşələrə daxil olmasının qarşısını almamalıdır”.

İlkin Sultanlı
Cebhe.info


Oxunma sayı: 2171