hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Məşhurlar parlamentdə kimləri görmək istəyir? - SORĞU

Məşhurlar parlamentdə kimləri görmək istəyir? - SORĞU

Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərində kimlərin namizəd qismində iştirak edəcəyi müzakirə olunur. 

Adətən seçkiöncəsi şəxslərin öz namizədliklərini irəli  sürməsinə şahid oluruq.

Maraqlıdır, tanınmış simalar kimləri deputat görmək istəyir? 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Cebhe.info-ya açıqlamasında potensiallı, elm və inkişafa kömək edəcək şəxsləri parlamentdə görmək istədiyini deyib:

“Təbii ki, özümü də xalqımı və dövlətimi sevən bir şəxs kimi parlamentdə görmək istəyirəm. Hətta onun uğrunda mübarizə aparacağam. Nəzərə alsaq ki, neftdən gələr gəlirlər azalır, hazırda dünyada vəziyyət gərginləşir, ölkədə də həyat səviyyəsi günbəgün aşağı düşür, narazılıq artır. Belə bir vəziyyətdə parlament mükəmməl olmalıdır ki, ən azı cəmiyyətdə gözlənilən böhranın dərinləşməsinin qarşısını alan addımlar ata bilsin. Düzdür, hökumət müəyyən qədər islahatlar həyata keçirməkdədir. Amma parlament bu islahatlara yön, dəstək verməsə və nəzarət etməsə, çox ağır nəticələrə gətirib çıxara bilər. Azərbaycanın gələcəyində parlament o qədər mühüm rol oynaya bilər ki, ölkədə müsbətə doğru dəyişikliklər baş verə və durğunluq, böhran aradan qaldırıla bilər. İnsanlar ölkəni tərk etməz, əksinə qayıda bilər. Bir sözlə, Azərbaycan yeni müstəviyə qalxa bilər. Bölgədə bizim güclənməyimiz ilk növbədə Qarabağ probleminin həlli üçün vacibdir. Nə qədər ki, Azərbaycanın nüfuzu artmayıb, sosial-iqtisadi cəhətdən güclənməyib, Dağlıq Qarabağ probleminin həllindən söhbət gedə bilməz. Parlament milli məsələdir. Kimlərinsə ora düşməsi, hansısa klanların parlamentdə təmsil olunmasından söhbət getməməlidir. Azərbaycan xalqı və dövləti qarşısında duran problemlərin həllində ciddi şəkildə iştirak edə biləcək parlamentə ehtiyac var”. 

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Parlamentdə çox insanı görmək istəyirəm. Yaxşı olardı ki, bu il dövlət paylaşmağı öyrənsin. Öz adamlarını yox, yaxşı siyasətçiləri, iqtisadçıları, hüquqşünasları və sözlərini deyə bilən jurnalistləri dəstəkləsin.

İnsanı, millətini sevənlər parlamentdə təmsil olunmalıdır. Vətənini sevən və millətinin yanında olan ağıllı partiya sədrlərini deputat görmək istəyirəm. Konkret ad çəkmirəm. Çünki birini deyəcəm, o birilər inciyəcək”,- deyib.

Xalq artisti Ağaxan Salmanlı ölkədə millət vəkili olmağa layiq namizəd adı çəkə bilməyəcəyini deyib:

“Ad deyə bilmərəm. İstərdim ki, çox çalışqan, enerjili, daxilən millət üçün yanan bir insan olsun. Parlamentdə sadəcə oturub kimlərinsə fikirlərini təsdiqləmək deyil, öz münasibətini sərbəst, azad söyləyə bilən və millətini sevən olmalıdır. Şəxsən elə bir namizəd deyə bilmərəm. Bu siyasətdir, aktyor işi deyil. Mənim dairəmdə heç kəsi namizəd görmürəm. Dairəmdən kənar da elə siyasi və mübariz, tədbirli insan tanımıram. Deyərəm, səhv olaram”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1244