hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Mətbuat katiblərini işləməyə necə vadar edək? - ÇIXIŞ YOLU VAR

Mətbuat katiblərini işləməyə necə vadar edək? - ÇIXIŞ YOLU VAR

Jurnalistlərin əsas vəzifəsi ölkə və dünyada baş verən hadisələri dəqiq, qərəzsiz və operativ şəkildə ictimaiyyətə çatdırmaqdır. 

Bu vəzifənin öhdəsindən gəlmək üçün media nümayəndələrinin ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sferalarını əhatə edən informasiyaya çıxışı təmin olunmalıdır. 

Ancaq təəssüf ki, bəzi qurumların  mətbuat katibləri bu çıxışın təmin olunması, jurnalistlərin dövlət orqanlarından informasiya əldə etməsində üzərinə  düşən vəzifəni yerinə yetirmir.  Mətbuata açıq olanlarla yanaşı, bacardığı qədər mətbuatdan yan qaçan mətbuat katibləri də az deyil. Bu, qurumun fəaliyyəti ilə bağlı şübhə yaratmaqla yanaşı, həm də informasiyanın natamamlığına səbəb olur. 

Maraqlıdır, mətbuat katiblərini KİV-dən qaçmağa nə vadar edir? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən media eksperti Zeynal Məmmədlinin fikrincə, mətbuat katibləri ilk növbədə işlərini itirmək istəmədikləri üçün mətbuatdan qaçırlar:

“Bu, bütövlükdə şəffaflıq problemi ilə bağlıdır. Amma media bu kimi hallarla sıx rastlaşırsa, hətta bir dəfə belə rastlaşırsa, bunun üçün məhkəməyə müraciət etməlidir, çünki bu məsələnin məhkəmə yolu ilə həlli vacibdir. Hüquqi müstəvidə müraciətlər çoxalanda, istər-istəməz mətbuat katiblərinin işində dəyişiklik olacaq. Azərbaycanda indiki halda şəffaflıqla bağlı ciddi problemləri var. Bu isə bütövlükdə Azərbaycanın problemidir. Adi dövlət büdcəsi təsdiqlənəndə, biz o büdcənin məhz nələrə, nə vaxt, kimlər tərəfindən xərclənməsini tam aydınlığı ilə öyrənə bilmirik. Məsələlərin çoxu qaranlıq qalır. Mətbuat katibləri də adi, kiçik məmurlardır və onlar bir tərəfdən də işlərini itirmək istəmədikləri üçün məlumat verə bilmirlər. Nəticədə bu cür mənzərə yaranır”. 

Ekspert həmçinin bəzi mətbuat katiblərinin qeyri-peşəkar olduğunu vurğulayıb:

“Mətbuat katiblərinin mediadan qaçma səbəblərindən biri də qeyri-peşəkarlıqdır. Amma eyni zamanda informasiyanı yığmaq, hazırlamaq, emal etmək ciddi bir işdir. Cavab verməkdən ona görə imtina etmirlər ki, burada siyasi əlverişsizlik var, ona görə imtina edirlər ki, lazım olan məlumat onlarda yoxdur, toplamayıblar. Məhz bu vəziyyət ciddi şəkildə araşdırılmalıdır. Mətbuat katiblərinin işi ilə bağlı da jurnalist araşdırması olmalıdır, lakin bu yoxdur. Qurumların hansı məlumatı verə biləcəkləri təqdirdə vermədikləri araşdırılmalıdır. Bəzi məlumatların olmama səbəbi öyrənilməlidir. Qanunda tutulmuş zamana əməl etməmələrinə də diqqət yetirmək lazımdır. Ümumi bir cavabla məsələni bağlamağa çalışırlar və o cavabla heç nə öz həllini tapmır. Media bir-biri ilə rəqib olsa da, bəzi məsələlərdə peşəkar iş birliyi lazımdır”. 

Zeynal Məmmədli bu halların məhkəmə yolu ilə aradan qaldırılmalı olduğunu diqqətə çatdırıb: 

“Bu məsələlərdə Mətbuat Şurası da öz borcunu yerinə yetirməlidir. İlk növbədə Mətbuat Şurasına müraciət etmək, əgər məsələ həllini tapmasa, məhkəmə yolu ilə həll etmək lazımdır. İndiki situasiyada biz “məhkəmə müstəqil deyil” kimi cümlələr qurmamalıyıq. Düzdür, bu sözlərdə həqiqət var, amma məsələni kökündən həll etməyin yeganə yolu da məhkəmədir. Hər dəfə məhkəmə yolu ilə məsələnin həllinə çalışsaq, bu kimi hallarla rastlaşmaya bilərik. Bəzən bir neçə media qurumu birləşib onları məhkəməyə verə bilər, hətta bu, daha effektli olar. Bizə irəliləyiş lazımdır. Biz media olaraq auditoriyamıza müraciət etməliyik ki, bu səbəblərə görə biz sizi məlumatlandıra bilmirik. Bu məsələni ictimai müzakirəyə çıxarmalıyıq. Əgər bu yolların hamısı sınanmasa, nəticə əldə etmək mümkün olmayacaq. Radikallığa əl atmaq yox, bu yollar sınanmalıdır ki, cəmiyyət tələbatı hiss etsin”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 1046