hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Mətbuata dövlət yardımı necə olmalıdır ki: Pul hədər getməsin? – MÖVQE

Mətbuata dövlət yardımı necə olmalıdır ki: Pul hədər getməsin? – MÖVQE

Media İnkişaf Agentliyinin yaradılması kütləvi informasiya vasitələrinin mövcud durumu, problemlər, onların həlli yolları ilə bağlı müzakirələrin intensiv xarakter almasına gətirib çıxarıb.

Burada dövlətin mediaya dəstəyi ilə bağlı məqamlar da yer alır, bunun fomaları müzakirə olunur. Məlumdur ki, keçmiş Sovet dönəmində media dövlətin təbliğat və təşviqat vasitəsi hesab olunurdu. Müasir zamanda isə həm kütləvi informasiya vasitələrinin öz üzərlərinə götürdüyü vəzifələr, həm də cəmiyyətin onlardan gözləntiləri dəyişib.

Belə bir durumda mediaya dövlət yardımı hansı formalarda olmalıdır ki, o cəmiyyətin gözləntilərini doğrulda bilsin?

Əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərəmli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, mediaya dəstək iki formada olur:

“Bunlardan biri birbaşa, ikincisi isə dolayı yardımlardır. O ölkələrdə ki, cəmiyyətdə azad mətbuat önəmli yer tutur, həmin qurumların maliyyə problemləri olduqda dövlət qrantlar - layihələrin maliyyələşdirilməsi formalarında yardımlar edir. Digər ölkələrdə isə dövlət birbaşa alternetiv mediaya yardımlar edir. Məsələn, tutaq ki, hansısa ölkədə media inkişaf edib, amma müxalifət mətbuatının və ya qadın problemlərini işıqlandıran mətbuatın problemləri var. O zaman dövlət həmin qurumlara birbaşa yardımlar edir ki, onlar özlərini ayaqda saxlaya bilsinlər. Azərbaycanda isə mediaya yardımın hər iki növündən istifadə olunur”.

Qulu Məhərrəmli deyir ki, mediaya yardımlar o halda efektli olur ki, media cəmiyyətdə müstəqil mövqe tutsun, azad siyasət aparsın, müstəqil fikrin daşıyıcısı olsun:

“Bu olmayanda dövlətin də pulu hədər gedir, medianın da cəmiyyətə heç bir faydası olmur. Yeni yaradılan Medianın İnkişafı Agentliyi çalışmalıdır ki, Azərbaycanda müstəqil medianı stimullaşdırsın, onun iqtisadi mütəqilliyini təmin etsin. Çünki medianın gələcəyi azad, müstəqil media ilə bağlıdır. Mən yardım edirəm və mənim istədiyim formada fəaliyyət göstərilsin - bu formada yanaşma ilə medianın inkişafı mümkün deyil”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, medianın düşdüyü böhranın səbəblərinin nə dərəcədə araşdırılması vacibdir:

“Təəssüf ki, hökumət hesab edir ki, hər bir şey pula bağlıdır. Ona görə də ayrı-ayrı qurumlara “pul paylamaqla” medianın mövcudluğunu saxlamaq istəyir. Amma əsas səbəblər bununla bağlı deyil. Media infrastrukturunun özü dağılıb. Əgər bu gün kimsə bütün dünyada geniş yayılmış axşam qəzeti buraxmaq istəsə, buna nail olmayacaq. Və ya əgər televiziyalarımızın qarşısına hadisə yerindən operativ informasiya vermək tələbi qoyulsa, onlar buna qadir olmayacaq - necə ki, biz müharibə dövründə bunun şahidi olduq”.

Arif Əliyev Azərbaycan jurnalistikasının bəzi problemlərini sadalayıb:

“Mövcud qanunvericilik medianın sərbəst inkişafına imkan vermir, onun biznes kimi fəaliyyət göstəməsinə imkan verən bütün sturukturlar dağıdılıb, yayım sistemi, reklam bazarı yoxdur.

Jurnalist profesionallığı çox aşağı səviyyədədir və uzun müddətdir ki, inkişafdan qalıb - onu inkişaf elətdirmək lazımdır. İnformasiya mənbələri qapalıdır, demək olar ki, yoxdur - dövlət orqanlarının mətbuat xidmətlərinin böyük əksəriyyəti işləyə bilmir, sadəcə senzura orqanlarına çeviriliblər. Bu problemləri düzgün tapıb, onların həlli istiqamətində layihələr həyata keçirilməlidir. Əgər bu üsulla gediləcəksə, təzə yaradılmış struktur özündən əvvəlkilərdən fərqli olaraq xeyli iş görə biləcək. Əgər bu da KİVDF kimi “pul bölüşdürməklə” məşğul olacaq və sadəcə pul alan qurumlar dəyişəcəksə, biz dəyişikliyin şahidi olmayacağıq. Hələlik yalnız bir neçə kadr dəyişikliyinin və qurum yaradılması kimi islahatların şahidiyik. Amma medianın özündə heç bir islahat, ciddi dəyişiklik nəzərə çarmır”.

Xatirə Nəsirli
Cebhe.info


Oxunma sayı: 2091