hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

Mikayıl Müşfiqlə bağlı DNT analizin nəticəsi nə vaxt açıqlanacaq? 

Mikayıl Müşfiqlə bağlı DNT analizin nəticəsi nə vaxt açıqlanacaq? 

Bu gün Azərbaycan estetik poeziyasının ən güclü nümayəndələrindən olan nakam taleli şair Mikayıl Müşfiqin olduğu ehtimal edilən cəsədin qalıqlarının analizi ilə bağlı işlər hələ də davam edir.

Xatırladaq ki, 2018-ci ildə Bakının Qaradağ rayonunun Puta qəsəbəsində tapılan meyit qalıqlarının şair Mikayıl Müşfiqə aid olduğu iddia edilmiş və bununla bağlı araşdırmalar aparılmışdı.

Bu haqda məlumat Mədəniyyət Nazirliyinə daxil olduqdan sonra isə sözügedən qalıqların tədqiqi üçünNazirlik tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumlarla birgə araşdırmalar aparmağa qərar verilmişdi.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar da məsələyə münasibət bildirərək xəbərin doğru olduğu təqdirdə şairin layiqli şəkildə dəfn olunacağını vurğulamışdı:

"O zaman bizim nakam şairimiz layiqli şəkildə dəfn edilər. Qəbri, məzarı da ziyarətgaha çevrilər. Amma gərək dəqiq təsdiq olunsun. Bu isə asan məsələ deyil. Mənə hələ ki, heç kəs heç nə deməyib. Axtarışlarla mütəxəssislər məşğul olur. Biz də gözləyirik. Təsdiq olunsa, onun dəfn edilməsi işlərində Yazıçılar Birliyi də iştirak edəcək”.

Görəsən, bir ilə yaxındır davam edən axtarışlar hazırda nə yerdədir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Mikayil Müşfiq muzeyinin direktoru Orxan Əzimov analizlərin nəticələrinin nə vaxt elan olunacağı ilə bağlı dəqiq məlumatın olmadığını bildirib:

“Bu, müxtəlif alimlərin iştirakı və fərqli analizlərin aparılması ilə həyata keçirilir. Müvafiq dövlət orqanları bununla məşğuldurlar. Hazırda analizlərin sonlanması ilə bağlı rəsmi bir məlumat yoxdur. Amma araşdırmaların məlumat çıxan gündən  etibarən davam etdiyini deyə bilərik. 

Araşdırmaların niyə bu qədər uzun çəkməsinin səbəbi isə burada qazıntılar zamanı bir neçə insan cəsədinin qalığının tapılmasıdır. Ora kütləvi məzarlıq kimidir və quyular çoxdur. Sadəcə olaraq onların DNT analizinin aparılması çox vaxt aparır.

M.Müşfiqin əmisi nəvələrindən də DNT analizi götürülüb. Mən bir müddət əvvəl Müşfiqin əmisi nəvəsi olan Vahab bəylə danışdım, o, dedi ki, onların araşdırma apardıqları ərazidən qalıq olduqca çox çıxıb. Bunları analiz etmək müəyyən qədər vaxt tələb edir. Bizə qalıqların harada analiz olunması, ümumi araşdırmaların hansı ərazilərdə getdiyi barədə isə məlumat verilməyib. Ona görə də bu gün tam şəkildə məlumat verə bilmirik”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 507