hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Milli Musiqimizin Üzeyir bəy zirvəsi

Milli Musiqimizin Üzeyir bəy zirvəsi

18 sentyabr bir çoxları üçün sıradan gün olsa da, bu gün milli dəyərlərimizi sevən və qoruyan hər kəs üçün bayramdır.

Çünki bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür. O Üzeyir Hacıbəylinin ki, bizim bu gün bəhs etdiyimiz milli musiqimizi yaradıb. Mədəniyyətimiz məhz inkişafının zirvəsini bu şəxsə borcludur. 18 sentyabr 1995-ci ildən başlayaraq Milli Musiqi Günü kimi qeyd olunur. Bununla bağlı qərar Ü.Hacıbəylinin 110 illik yubileyi ərəfəsində Heydər Əliyev tərəfindən verilib. Bildirək ki, Üzeyir bəyin doğum gününü bayram kimi qeyd edilməsinin ənənəyə çevrilməsində Maestro Niyazinin böyük rolu olub. 

Görkəmli bəstəkar və dirijor Niyazi Tağızadə Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Həmin gün ənənəvi olara Azərbaycan Dövlət Konservatoriyasının (indiki - Bakı Musiqi Akademiyası) önündə minlərlə insan toplaşarmış. Burada Üzeyir Hacıbəylinin adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazi Tağızadənin rəhbərliyində bəstəkarın əsərlərini ifa edərək Üzeyir bəyi yad edərmiş. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də Bakıda yaşanan siyasi böhranla əlaqədar bu ənənə bir müddət unuduldu. Üzeyir bəy Azərbaycanın mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olub. Onun əsərləri dünya musiqi incilərindən sayılır. Üzeyir Hacıbəylinin məşhur bəstəkar olmasında 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında aldığı təhsil böyük rol oynayıb . Hacıbəyli məhz seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub.

O, burada Avropa musiqi klasiklərinin əsərlərini mənimsəməklə yanaşı, skripka və bariton da çalmağı öyrənib, xalq mahnı nümunələrini nota köçürüb. Məhz Qori Müəllimlər Seminariyasında Müslüm Maqomayev ilə tanış olub. Bu tanışlıq dostluğa və illər sonra qohumluğa çevrilib. Üzeyir Hacıbəyovlinin ilk operası 1908-ci ildə başa çatıb. 1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub. 

Operanın musiqisi, əsasən, muğam və təsniflər üzərində qurulub. "Leyli və Məcnun" ilə musiqi tarixində operanın yeni növü – muğam operası meydana gəlib. Səməd Vurğun çox zaman Üzeyir bəyə "Ey Füzuli şerinin bir bəstəkar qardaşı!", -deyə müraciət edərmiş. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirib. Üzeyir bəy ömrünün nə az, nə çox, düz 45 ilini incəsənətə həsr edib. Dahi bəstəkar 7 ilini bezmədən, usanmadan operalarına həsr edib. Yeddi il ərzində dayanmadan bir-birinin ardınca 5 opera və 3 operetta yaradıb. Bu gün də öz dəyərini itirməyən, həmişə tamaşaçını ekrana bağlayan «Leyli və Məcnun», «Əsli və Kərəm», «O olmasın, bu olsun», «Arşın mal alan» yarandıqları ilk gündən xalq arasında geniş şöhrət qazanıb. Üzeyir bəyin ən mükəmməl əsəri  isə heç şübhəsiz “Koroğlu” operasıdır. Üzeyir Hacıbəyli milli musiqimizi, rus, Avropa və başqa xalqların musiqisini dərindən öyrəndikdən sonra “Koroğlu”nu tamamlayıb. O, bu operanı yaratdığı zaman artıq çox böyük bəstəkar idi, hətta musiqi nəzəriyyəçisi kimi dünya şöhrəti qazanıb.

Lakin Üzeyir bəy bu qədər şöhrət qazanmış olsa da, yazmaqdan, yaratmaqdan bezməyib. Bu məşhur əsərlərin ardınca o , çoxlu mahnılar, kantatalar, başqa musiqilər yazıb. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. Ü.Hacıbəyli böyük bəstəkar olmaqla yanaşı, həm də publisist, pedaqoq və ictimai xadim olub. Onun gözəl felyetonları, satirik, publisistik əsərləri ədəbiyyatımızda mühim yer tutur. Ü.Hacıbəyli həmçinin Cəlil Məmmədquluzadənin yaratdığı «Molla Nəsrəddin» məktəbinin qüdrətli nümayəndələrindən olub. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Üzeyir Hacıbəyov Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Səyad Həsənli

Cebhe.info


Oxunma sayı: 1981