hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Milyonlar qazandıracaq riskli layihə - Akademikdən AES tikintisi ilə bağlı DƏYƏRLƏNDİRMƏ

Milyonlar qazandıracaq riskli layihə - Akademikdən AES tikintisi ilə bağlı DƏYƏRLƏNDİRMƏ

Azərbaycanda Atom Elektrik Stansiyasının (AES) tikilməsi məsələsi yenidən gündəmə gəlib. 

"Rosatom" Dövlət Korporasiyasının rəhbəri Aleksey Lixaçev  Rusiyanın Azərbaycanda belə bir stansiyanı tikməyə hazır olduğunu bildirib: “Azərbaycan öz bazarında qazı Atom Elektrik Stansiyanın (AES) enerjisi ilə əvəz edərək, qaz ixracını artıra bilər. Rusiya belə bir AES tikməyə hazırdır”.

Lixaçev xatırladıb ki, Azərbaycan vaxtilə Bakı yaxınlığında AES üçün ərazi seçib, hətta atom stansiyasının bünövrəsini qoyub. O, ölkədə Rusiya ilə elmi baxışları paylaşan insanların, hələ də qaldığını iddia edib: 

"AES Azərbaycandan olan tərəfdaşımızın istədiyi növdə olacaq. Biz güclü stansiyanı təklif etmişik. Azərbaycanın spesifikası ondan ibarətdir ki, bu ölkədə istehlak artır. 2018-ci ildə Azərbaycanda istehlakçıların sərfiyyatı 14 faiz artıb ki, bu da böyük rəqəmdir".

Qeyd edək ki, sovetlər dönəmində ölkəmizdə AES-in inşası planlaşdırılıb, Lakin 1986-cı ildə baş verən Çernobıl qəzasından sonra işlər dayandırılıb. 5 il bundan öncə yenidən Azərbaycanda ölkənin ilk atom elektrik stansiyasının inşası üzrə planların hazırlandığı ilə bağlı açıqlamalar verilib. Həmin məlumatlara görə, inşası Xırdalanda nəzərdə tutulan stansiyasının tikintisi 2020-ci ilə qədər başa çatmalı idi. Növbəti dəfə AES tikintisinin gündəmə gəlməsi birmənalı qarşılanmır. Bunu ölkənin təhlükəsizliyi baxımdan məqbul hesab etməyənlər var, eləcə də hesab olunur ki, Azərbaycan kimi neft-qaz və alternativ enerji mənbələrinə malik olan ölkədə AES-in tikintisinə ehtiyac yoxdur. Siyasi baxımdan isə bu Rusiyanın asılılıq yaratmaq  istəyi kimi qəbul edilir.

Bəs AES tikintisi ilə bağlı mütəxəssis rəyi necədir? 

“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri akademik Adil Qəribov «Cümhuriyət» qəzetinə verdiyi açıqlamasında qlobal temperaturun yüksəlməsi, su basmaları, meşə yanğınları fonunda bütün dövlətlərdə karbonsuz enerji daşıyıcılarına yer verildiyini deyib:

«Bunun həm də elmi və iqtisadi səmərəliliyi nəzərə alınır. İkinci məsələ isə odur ki, istər su, istər külək, istərsə də günəş olsun, alternativ, bərpa olunan enrji mənbələri uzun müddət üçün, ucuz qiymətlə böyük enerji təminatını təmin edə bilmir. 

Bunlar lokal enerji qanətedici sistem kimi istifadə oluna bilir. Bəzən onların gücü ilə bağlı şişirtmə rəqəmlər söyləfyirlər, gücün  istifadə etmə əmsalı günəş və külək enerjisində müvafiq olaraq,  mənfi 2 və mənfi 3-dür. Bu konteksdə Energetika  üzrə Beynəlxalq Komisiya və digər qurumlar hər bir dövlətdə enerji mənbələri axtarırlar. Bu enerji mənbələrindən biri də nüvə enerjisinin istifadə olunmasıdır. Bunun üçün hər bir dövlət özünün daxili potensialını, siyasi, ictimai durumunu nəzərə almaqla öz təkliflərini hazırlayır».

Adil Qəribov bildirir ki, Azərbaycan dövlətinin bu məsələdə konkret heç bir qərarı yoxdur: 

«Bu yalnız cənab Prezidentin Rusiyanın dövlət başçısı  ilə görüşü zamanı Putin tərəfindən qaldırılıb. Bildirilib  ki, Azərbaycan dövlətinin belə bir istəyi olsa, Rusiya buna kömək etməyə hazırdır. Lixaçev da həmin danışıqlardan sonra müsahibə verərək, AES tikintisinin təbii qaz və neft potensialına malik olan ölkələr üçün səmərəsindən danışıb. Qeyd edim ki, Özbəkistanda 1200 MqV-lıq blok tikilir, bu ölkəyə illik 500-600 milyon dollarlıq gəlir deməkdir. Ölkə 1200-MqV-tın istehslı üçün lazım olan 5-6 milyard kub metrilik qazı dünya bazarında ən ucuz qiymətə, hətta 1000 kub metrini 200 dollara da satsa, çox böyük gəlir əldə edəcək. Bu respublikanın büdcəsinə əlavə gəlirdir. Artıq onlar bunu hesablayıb və dövlət tərəfindən verilən texniki-iqtisadi əsaslandırmada da bu var. Onlar AES-in tikintisi üçün yer də seçiblər».

Azərbaycanda bununla bağlı hər hansı qərar və ya texniki-iqtisadi əsaslandırmanın olmadığını bir daha vurğulayan  profesor bildirir ki, hər bir layihənin müsbət və mənfi tərəfləri var: 

«Dediyim kimi, AES dünyanın ən ucuz, eyni zamanda ekoloji cəhətdən ən təmiz enerji mənbəyidir, çünki karbon emisiyası yoxdur, normal iş rejimində ətrafında heç bir tullantı olmur. Yeni 3+, 4 reaktorlarında qəza olma ehtimalı yoxdur, çünki pasiv müdafiə sistemi var və heç zaman temperatur yüksəyə qalxa bilməz. Lakin təbii katakilizm və s. hadisələrdən heç kim sığortalanmayıb. AES-lərin mənfi tərəfi qəzaların qlobal xarakter daşıması, yəni böyük miqyaslı olmasıdır. Kimsə AES-in tikintisindən danışan  zaman  göz önünə Çernobıl və Fukisima gəlir. Nəzərə almaq lazımdır ki, hər iki hadisə subyektiv və fövqəladə şəraitin yaratdığı qəzalardır. Çernobıl qəzası idarəçilərin səhvidir, Fukisima  isə təbii kataklizm vəziyyətində generatorların sıradan çıxması nəticəsində baş verib.  Azərbaycanda təbii fəlakətlərdən zəlzələ ola bilər. Zəlzələ bölgələri olan İran, Ermənistan, Pakistan, Hindistan, Çində külli miqdarda atom elektrik stansiyaları tikilir və istifadə olunur. Nəzərə almaq lazımdır ki, onlar hələ 3+ yox, ikinci nəsil stansiyalardır».

Sahənin mütəxəssisi olaraq bunun tərəfdarı kimi çıxış etdiyini bildirən Akif Qəribov bildirdi ki, stansiyanın tikintisi böyük kapital tələb edir: 

«Düşünürəm ki, bu məsələ haqqında danışmaq hələ tezdir. Çünki nə Prezidentin bununla bağlı sərəncamı mövcud deyil, nə də Azərbaycanın enerji infrastrukturunun analizi nəticəsində konkret rəy yoxdur. Əgər ölkə başçısı bu məsələyə qayıtsa, düşünürəm ki, xüsusi komisiya yaranacaq, burada energetiklər, bizim nümayəndə heyətimiz də təmsil olunacaq. Bir yerdə təkliflər hazırlana bilər».

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1046