hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Milyonlar xərclənən nazirlik binaları: “Onları bölgələrə köçürmək lazımdır ki...” - EKSPERT

Milyonlar xərclənən nazirlik binaları: “Onları bölgələrə köçürmək lazımdır ki...” - EKSPERT

“Bakının həddən artıq “şişmiş” vəziyyətdə olduğunu və regionların inkişafı üçün atılan addımların yetersizliyini nəzərə alsaq, bəzi hökümət və dövlət orqanlarının, nazirliklərin bölgələrdə yerləşdirilməsi regionların da iqtisadi canlanmasında mühüm rol oynaya bilər”. 

Bunu Cebhe.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

Ekspertin fikrincə, bu yolla həm Bakının yükü kifayət qədər azalar, həm də regionların inkişafında bu addım kifayət qədər pozetiv və uğurlu rol oynayar:

“Bu məsələni kökündən araşdırsaq, bəzi nazirliklərin Bakıdan kənarda yerləşdirilməsi daha doğru olardı. Bundan başqa vətəndaşın nazirliklərə müraciətini tamamilə “online” qaydaya keçidilə bağlı da işlər tamamlanmalıdır. Doğrudur, bu sahədə müəyyən işlər görülüb və yaxşı nəticələr də var. Məsələn, Vergilər Nazirliyinin saytında “online” kargüzarlıq kifayət qədər işlək vəziyyətdədir. Müəyyən nazirliklər, məhkəmə orqanları rayonlara köçürülərsə, bu, həm məsələnin yerində həllinə, həm də rayonların iqtisadi inkişafına ciddi kömək etmiş olar. Misal çəkim. Kənd Təsərrüfatı Nazirliyinin Gəncə şəhərinə köçürülməsi kənd təsərrüfatı ilə məşğul olan və əslində çox ciddi kənd təsərrüfatı regionu olan ətraf bölgələrin inkişafında mühüm rol oynaya bilər. Çünki yerində bir çox məsələlər həll olunar. Yaxud Ali Məhkəmə orqanlarının regionlara köçürülməsi həmin bölgələrin də inkişafında mühüm rol oynaya bilər. Kifayət qədər imkanlar var ki, ciddi araşdırma aparılsın, dövlət və hökumət orqanlarının bir qisminin Bakıdan regionlara köçürülməsi yolu ilə regionların iqtisadi inkişafına dəstək verilsin”. 

N.Cəfərli qeyd edib ki, nazirlikləri bir binada cəmləmək olar və  bu, bir neçə nazirliyə işi düşən şəxsin işini tez həl edə bilməsinə imkan yaradar:

“Nəyə görə vətəndaş işini həll etmək üçün dövlət və hökumət orqanları ilə fiziki təmasda olmalıdır? Bu məsələ dünyada “elektron hökumət” vasitəsi ilə həllini tapıb. Elə bir sistem qurmaq lazımdır ki, vətəndaş dövlət və hökumət orqanları ilə fiziki təmasda olmasın. Hər nazirliyin bir binası olması və bəzi nazirliklərin də əsas binadan əlavə yardımçı binalarının da olması dövlət büdcəsindən maliyyə vəsaitlərinin xərclənməsinə yol açır. Azərbaycanda müxtəlif büdcə parametrlərində nazirliklərin saxlanılması istiqamətləri üzrə xərclər var. Təəssüf ki, ayrı-ayrılıqda məhz binaların tikilməsi, onların saxlanılması və təmiri ilə bağlı büdcə xərcləri göstərilmir. Amma sözsüz ki, burada 10 və hətta 100 milyonlardan söhbət gedir. Büdcə vəsaitindən optimal şəkildə istifadə edərək buna qənaət etmək olar. Bunun üçün “elektron hökumət modeli”nə keçmək daha uyğundur. Dünyanın getdiyi yol da bu istiqamətdədir. Azərbaycan kiçik dövlət olmağına baxmayaraq, həddən artıq şişirdilmiş hökumət və dövlət aparatları var. Bildiyim qədər, 44 nazirlik və dövlət idarəsi var. Bu da həddən artıq çoxdur. Çox qəribədir ki, Azərbaycanda yeni agentliklər, dövlət qrumları və publik hüquqi şəxslər yaradılır. Bu, pozitiv addımdır və yeni bir idarəetmə formasıdır. Amma ənənəvi nazirliklərdə də eyni funksiyalar qalır. Bu cür paralelliyin olması həm idarəetmənin özünün effektivliyini aşağı salır, həm də dövlət büdcəsinə əlavə yük gətirir”. 

Əli Bədir 
Cebhe.info


Oxunma sayı: 13223